Tofiq Zülfüqarovdan sensasiyalı proqnoz: - “Ermənistan sülh yox, revanş istəyir”

11-01-2023, 19:24           
Tofiq Zülfüqarovdan sensasiyalı proqnoz: -
2022-ci ildə aparılan sülh danışıqları nəticə vermədi.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu il sülh sazişini imzalamağa hazır olduğunu bildirsə də, Azərbaycanın qarşısına şərtlərlə çıxmağa çalışır. Regionda marağı olan geosiyasi “oyunçu”ların maraqlarının toqquşması da sülhə mane olan əsas amillərdən biri olaraq qalır.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Cebhe.info-ya müsahibəsində proseslərin gələcək inkişafı ilə bağlı proqnozlarını verib.
TEREF.AZ müsahibəni təqdim edir:

Fransanın hədəfi Türkiyədir

- Fransa Milli Assambleyasının sədri Yael Braun Pivye və qrup parlament üzvü Ermənistana səfərə hazırlaşır. Fransalı spiker İrəvana gəlməzdən öncə bütün ermənilərə sülh və ümid diləyib. Ancaq belə görünür ki, Fransa Cənubi Qafqazdakı iddialarından geri çəkilmək istəmir və bu deputatların səfəri də buna hesablanıb. Necə hesab edirsiniz, xanım Pivyenin başçılıq etdiyi nümayəndə heyəti bölgəyə sülh gətirəcək, yoxsa Azərbaycan-Ermənistan sülh prosesinə zərbə vuracaq?

- Burada təəccüblü bir şey yoxdur. Fransanın mövqeyi məlumdur. Cəhdlər davam etdirilir. İndi aydın olur ki, Fransanın ermənilərə nəinki hərbi, hətta siyasi baxımdan da kömək etmək imkanları çox məhduddur. Hər halda BMT Təhlükəsizlik Şurasında baş verən hadisələr bunu təsdiq edir. Onlar öz siyasətlərini davam etdirməyə çalışırlar. Ermənilər bundan siyasi təsəlli tapırsa, deməli, onların taleyi belə gətirib.

- Fransa BMT Təhlükəsizlik Şurasında Laçın yolunun bağlanması ilə bağlı bəyanatdan imtina etməsi Parisin Azərbaycanla münasibətlərində hər hansı yumşalmaya nail olmaq niyyəti kimi də şərh olunmuşdu. Amma Fransa Milli Assambleyası üzvlərinin İrəvana gözlənilən səfəri yəqin ki, Azərbaycanla münasibətlərə töhfə verməyəcək. Əksinə, gərginlik yenidən arta bilər...

- Fransada artıq yaxşı başa düşürlər ki, Azərbaycan rəsmi Parislə əvvəlki münasibətlərinə qayıdan deyil. Onların məqsədi hamıya bəllidir. Fransanın hədəfi Azərbaycan deyil, Türkiyədir. Onlar Türkiyənin özü və müttəfiqləri üçün problemlər yaratmağa çalışır. Bu səpkidə vəziyyət davam edəcək. Fransa və Türkiyə arasında Şərqi Aralıq dənizində, Şimali Afrikada, Suriyada geosiyasi qarşıdurmanın olduğunu nəzərə alsaq, Azərbaycan-Ermənistan münasibətlərində baş verənlər böyük bir prosesin tərkib hissəsidir. Ona görə də Türkiyəyə problem yaratmaq istəyirlər.

- Sentyabrın 17-də ABŞ Nümayəndələr Palatasının ozamankı spikeri Nensi Pelosinin Ermənistana səfəri 2022-ci ilin sonuna qədər Azərbaycanla sülh sazişinin imzalancağını vəd edən Nikol Paşinyana bu razılaşmadan yayınmaq üçün manevr imkanları açdı. İndi isə fransalı spiker gəlir. Paşinyanın sülh prosesini 2023-cü ilə qədər ləngitdiyini nəzərə alsaq, fransalı deputatların səfəri sülh sazişindən yayınmaq üçün Paşinyana yeni manipulyasiya imkanı yaradacaqmı?

- Təbii. 2020-ci ilə nəzər salsaq görərik ki, Ermənistan cəmiyyətində sülhə nail olmağın vacibliyi fikri geniş yayılmışdı. Ancaq bunun qarşısı yalnız müxalifətin deyil, həm də Paşinyan hakimiyyətinin daxilində olan qrupların, eləcə də xarici qüvvələrin təhriki ilə alındı. Biz indi görürük ki, daha çox Qarabağ siyasətinin yeni şəraitdə davam etdirilməsi formulundan istifadə edilir. Bu məqsədə çatmaq üçün xaricdən dəstəyin olması ermənilər üçün çox vacibdir. Nensi Pelosinin və digərilərinin səfərləri də buna xidmət edir. Hətta məlum oldu ki, bu səfərə xeyli pul xərclənib. Ona görə də belə oyunlar davam edəcək. Burada müsbət məqam ondan ibarətdir ki, ermənilər bütün bu alətlərdən istifadə edib sonda başa düşəcəklər ki, Azərbaycanın mövqeyini dəyişmək mümkün deyil.

Sülh sazişi gözlənilmir, müharibəyə hazır olmalıyıq

- 2022-ci ilin nəticələri məlumdur. İstərdim sülh prosesi ilə bağlı bu ilki proqnozlarınızı deyəsiniz. Yeni ildə Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalanacaqmı?

- Sülhü istəməyən bəzi qüvvələr öz addımlarını atıblar. Kremlin layihəsi olan Vardanyan da gündəmdədir. Ermənistanın seçimi isə məlumdur. Ermənistan sülhü yox, revanşı istəyir. Bunu nəzərə alaraq, mən əminliklə deyə bilərəm bu il nəinki sülh sazişinin, hətta çərçivə sazişinin belə qəbul olunması ehtimalı çox azdır. Bunu nəzərə alsaq, başa düşməliyik ki, çərçivə sazişi sadəcə hansısa prinsiplərin bəyan olunmasından ibarət ola bilər. Amma onların icrası başqa mövzudur. Əgər bu cür sənəd qəbul olunsa belə, onun tam icrasını təmin etmək bu il də mümkün olmayacaq. Yəni sülhə hazırlaşmamalıyıq.

- Yanvarın 9-da Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü Vahan Hunanyan, yanvarın 10-da isə Nikol Paşinyan Azərbaycana sülh müqaviləsi ilə bağlı təkliflər göndərildiyini, lakin hələ cavab almadıqlarını bildirib. Paşinyan deyir ki, danışıqlar Ermənistanın maraqlarına cavab verməsə, biz onu imzalamaqdan imtina edəcəyik. Belə çıxır ki, Paşinyan sülh sazişinin Ermənistanın maraqlarına uyğun imzalanmasını istəyir. Yəni sülhün şərtlərini məğlub olan tərəf diqtə etməyə çalışır. Bəlkə problem bununla bağlıdır?

- Onlar həmişə olduğu kimi, yenə də görüntü yaratmaq istəyirlər. Real məqsədləri isə bəllidir. Ermənilər üç prinsipi imzalamağa məcbur olacaqlar. Bunlar ərazi bütövlüyünün, suverenliyin tanınması və bir-birinin daxili işlərinə müdaxilə etməmək haqqında prinsipə riayət etməkdir. Ermənistan bu prinsiplərə imza atsa da, bunu icra etməyəcək. Onların əsas şüarı Qarabağı Azərbaycandan ayırmaqdır. Büdcə məsələsini yada salın. Qarabağ məsələsini hər gün təkrarlamaq və s. Bunlar hamısı onu göstərir ki, köhnə siyasətlərini yeni şəraitdə davam etdirmək istəyirlər. Özlərini elə göstərirlər ki, guya Azərbaycana ərazi iddiaları yoxdur. Amma Qarabağı Azərbaycandan ayırmaq siyasəti yürüdürlər. Ermənilər üçün istənilən sənədin və hər bir siyasi prosesin məqsədi bundan ibarətdir.

- Paşinyan da bəyan edir ki, sülh sazişi ilə bağlı problem onun mətnində deyil, icrası mexanizmlərindədir. Sizcə, razılaşdırılmayan mexanizmlər nədən ibarətdir?

- Əgər söhbət bir-birinin daxili işlərinə qarışmamaq prinsipindən gedirsə, Ermənistan büdcəni, konstitusiyasını dəyişməlidir. Qarabağa silahlı birləşmələr göndərməməlidir. Ermənistan Azərbaycanla sərhədin bərpasının tam tərəfdarı kimi çıxış etməlidir. Azərbaycan vətəndaşı Ermənistana getmək istəsə, bu, sərhəd qanunları çəçivəsində həyata keçiriləcək. Eyni prosedurlar Azərbaycana gələn Ermənistan vətəndaşlarına da tətbiq edilməlidir. Ermənistan isə bu prinsiplərin icrasına hazır deyil. Onlar deyəcəklər ki, bu qaydaları hər yerdə tanıyırıq, amma Qarabağda yox. Biz görürük, onlar ekofəlların aksiyasına necə münasibət göstərirlər. Ermənilər normal sərhəd nəzarətini istəmir və bunu blokada kimi təqdim etməyə çalışırlar. Onlar Azərbaycanın qanunlarına tabe olmaq istəmirlər. Bu cür yanaşma ilə Azərbaycan Ermənistanın təbii ki, heç bir sənədi qəbul etməyəcək. Ümumiyyətlə, Ermənistanın BMT-də Azərbaycanın ərazisi ilə bağlı hansısa məsələni qaldırmağa nə ixtiyarı var?

Kəlbəcərdən yol açmalı, ermənilərə Azərbaycan qanunlarına uyğun keçmək imkanları yaratmalıyıq

- Son günlər Qarabağda cinayətkar rejimin rəhbərliyində üç qrupa parçalanma müşahidə olunur. Araik Arutunyan, Ruben Vardanyan və Vitali Balasanyan arasında gedən qarşıdurma Ermənistanın yeni şəraitdə Qarabağ siyasətinin iflasa uğraması və Azərbaycanın mövqelərinin güclənməsi baxımından nə qədər rol oynaya bilər?

- Mən konspirologiya nəzəriyyəsinin tərəfdarı deyiləm. Balasanyanın, yaxud Araikin nə istəməsi boş və reallıqdan uzaq fikirlərdir. Sadəcə olaraq, Qarabağ erməniləri üç yerə bölünüblər. Onların bir qismi Azərbaycan vətəndaşlığını qəbul etməyə razıdır. İkinci hissə oranı tərk etmək istəyir. Üçüncü hissə Balasanyanın çağırışlarına uyğun olaraq, müqavimət göstərmək istəyir. Orada üç tendensiya var. Azərbaycan bu üç hissəyə yönəlik siyasət həyata keçirməlidir. Birinci hissəyə aid olanların mülkiyyətinin reqistrasiyası prosesi başlamalıdır. Azərbaycan vətəndaşlığını qəbul edən hər bir erməni öz əmlakını Azərbaycan qanunlarına əsasən qeydiyyata aldırmalıdır. Azərbaycanı tərk etmək istəyənlər öz əmlakını onlayn hərraca çıxarıb sata bilərlər. Üçüncü qrupla daxili işlər və təhlükəsizlik orqanları məşğul olmalıdır. Çünki onlar terrorçulardır. Biz hər üç qrupla ciddi şəkildə işləməliyik.

- Ermənilər arasında belə fikir ayrılığının yaranması fonunda əsas təhlükə hesab edilən Ruben Vardanyan öz məqsədinə çatmağa nə qədər nail ola bilər?

- Vardanyanın məqsədi üçüncü hissəni ayağa qaldırmaqdır. Amma 2020-ci ildə baş verən müharibədn sonra ermənilərin əksəriyyəti heç kimə inanmır. Onlar deyirlər ki, mənə imkan yaradın, ya evimi satıb çıxıb gedim, ya da Azərbaycan vətəndaşlığını alıb yaşayım. Azərbaycana qarşı mübarizəni kiçik bir hissə dəstəkləyir. Onlar da təzyiq altında dəstəkləməyə məcbur olurlar. Biz bunları bu şəkildə təsnif etməliyik. Hesab edirəm ki, biz ilk növbədə, şüarlardan deyil, mülkiyyətdən başlamalıyıq. Çünki adi insanların marağına bu daxildir. Onları düşündürən budur ki, sabah müharibə başlasa, Azərbaycan qanunlarına uyğun olaraq, mən bu evin sahibiyəm, yoxsa yox? Əgər bu evi satmışamsa, pulumu verin, çıxım gedim. Yəni biz bu istiqamətdə təzyiq göstərməliyik. Ekofəallardan başqa bizim üçün ən əlverişli istiqamət budur. İkincisi, ermənilər Laçın-Xankəndi yolundakı aksiyanı blokada kimi təqdim edirlər. Ya da biz Kəlbəcərdən yol açmalı, orada sərhəd-buraxılış məntəqəsi, gömrük-keçid postları quraşdırmalı və ermənilərə Azərbaycan qanunlarına uyğun keçmək imkanları yaratmalıyıq. Bu halda onları heç kim saxlamayacaq. Çünki bizim əsas məqsədimiz yolu bağlamaq deyil, nəzarəti bərpa etrməkdir. Nəzarət və blokada fərqlidir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.