"Danışıqlar masası məcburən qurulmalıdır, əks halda yenidən müharibə ola bilər" - Politoloq

12-01-2023, 00:19           
"Danışıqlar masası məcburən qurulmalıdır, əks halda yenidən müharibə ola bilər" - Politoloq
Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyevin mətbuatla eyni vaxtda əlaqə saxlaması onu göstərə bilər ki, biz müəyyən qərarların astanasındayıq və hər iki tərəf öz xalqlarını buna hazırlamağa çalışır. Bu iddia ilə erməni politoloq Suren Surenyan çıxış edib.
Siyasi ekspert Samir Hümbətov isə Bakupost.az -a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin telekanallara müsahibəsi ilə Paşinyanın keçirdiyi mətbuat konfransının hansısa əlaqəsi yoxdur.
S.Hümbətovun sözlərinə görə, Azərbaycan və Ermənistan liderlərinin mətbuatla təmaslarının eyni gündə baş tutması təsadüfdür:

"Bu, sadəcə 2022-ci ilin bitməsi 2023-cü ilin başlaması ilə əlaqədar olaraq hesabat xarakterli görüşlərdir. Dövlət başçıları yeni ildə qarşıda duran məsələlərlə bağlı ənənəvi olaraq, belə konfranslar təşkil edirlər".
Politoloq Paşinyanın mətbuat konfransında səsləndirdiyi iddialara da münasibət bildirib:
"Düşünürəm ki, Paşinyan Azərbaycana qarşı irəli sürdüyü iddialara heç özü də inanmır. O, dünənki çıxışında nə demək istədiyini özü belə anlaya bilmirdi. Guya Azərbaycanla sülh müqaviləsi imzalananda orada sərhəd, ərazi məsələsi göstərilmir. Sülh müqaviləsi beynəlxalq aləmdə tərəflərin bir-birinə qarşı ərazi iddialarından əl çəkməsi, qarşılıqlı diplomatik əlaqələrin qurulması, mehriban qonşuluq münasibətlərinin formalaşmasına əsaslanan bir sənəd kimi qəbul edilir. Görünür, Paşinyanın beynəlxalq hüquqdan anlayışı yoxdur ki, bu cür absurd fikirlər səsləndirir. O bildirdi ki, dünyada elə bir dövlət yoxdur, Qarabağı Azərbaycanın tərkib hissəki kimi tanımasın. Bu, onun bir neçə düzgün etiraflarından biri idi. Amma məsələ burasındadır ki, o, dəqiq deyə bilmədi, Qarabağ erməniləri ilə bağlı istəyi nədir?
Reallıq isə odur ki, Azərbaycan Ermənistandan beynəlxalq hüquqda təsbit olunmuş bütün müddəaları tam şəkildə yerinə yetirməyi tələb edir. Yəni, sülh müqaviləsi imzalanacaqsa, qarşılıqlı şəkildə ərazi iddilarından əl çəkilməli, sərhədlərin delimitasiya və demarkarsiyası məsələləri həll olunmalıdır. Prezident İlham Əliyev bildirib ki, istənilən yerdə danışıqlara hazıram. İstər Moskvada olan görüşdə, istər Soçidə, istər Brüsseldə, istərsə də Praqada olan görüşdə. Beynəlxalq ictimaiyyət də bilir ki, Azərbaycanın danışıqların pozulmasında heç bir rolu yoxdur. Ona görə də bununla bağlı Azərbaycana təzyiq edən yoxdur.
Ermənistanın danışıqlardan qaçması, zamanı uzatması Rusiya-Ukrayna müharibəsinin sonunu güdməsi ilə bağlıdır. Çünki Rusiya Paşinyana sülh müqaviləsi imzalamamaqla, ya da Rusiyanın şərtlərini ora daxil etməklə bağlı çox təkid edir. Fikrimcə, Paşinyan bunu gözləyir. Amma Rusiya-Ukrayna müharibəsinin nəticəsindən asılı olmayaraq danışıqlar masası məcburən qurulmalıdır. Əks halda yenidən müharibə ola bilər. Bunun nəticəsi isə Ermənistan üçün çox ağır olacaq".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.