Hafiz Hacıyevdən İLGİNC AÇIQLAMA - ”Dəqiq məlumatım var -xırda partiyalar birləşəcək”
18-01-2023, 17:08
"Elə partiya sədri var ki, bir özüdür, bir də qovluğu. Belə bir partiya xalqa nə verə bilər”.
TEREF.AZ bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev "Siyasi Partiyalar haqqında” qanunun problemlərindən danışarkən deyib. Sədr yeni qanunda çox çətin şərtlərin qoyulduğunu vurğulayıb:
"Biz komissiya yaratmışıq, hazırda imzaların toplanması ilə məşğuluq. Yerlərdə insanları qorxuzurlar, deyirlər ki, pasportumuzu, şəkillərinizi verməyin. Buna baxmayaraq, biz işləyirik. Bizim köhnə üzvlərimizin sayı çoxdur. Düşünürük ki, yeni üzvlərimiz də olsa daha yaxşı olar. Bu prosesdə çalışacayıq ki, problemimiz olmasın. Amma fakt odur ki, qanunda şəkillərin tələb olunması, pasportun olması insanlarda qorxu yaradacaq. Vətəndaşlar deyirlər ki, "bizi sonradan çağırıb incidəcəklər”. Digər tərəfdən, Qərbi azərbaycanlıların arxivini yandıranlar düşüb ortaya. Onlar hansı rayon, kənddə Qərbi azərbaycanlı varsa onların pasportlarını yığırlar. Bu da bir problemdir. Biz bu ağır işin də öhdəsindən gələcəyik”.
Hafiz Hacıyev hazırda partiyaların ağır bir dönəmdən keçməsini qeyd edib:
"İmkanı, üzvləri az olan partiyalar çətinlik çəkəcək. Düşünürəm ki, kiçik partiyalar birləşəcək. Hazırda kiçik partiyalarda bu problem var, müzakirələr aparılır, amma bizim belə bir fikirimiz yoxdur ki, xırda partiyaları özümüzə qoşaq, sonra da onlar böyük iddialarda bulunsunlar. Elə partiyalar var ki, ancaq sədrləri var. Onlar partiyalarını buraxıb, gedib öz işləri ilə məşğul olsunlar. Məndə olan məlumata görə xırda partiyalardan bəziləri birləşəcək. Əlbəttə ki, bu onların şəxsi işləridir. Amma onlar birləşib, daha güclü bir partiya kimi meydana çıxa bilərlər”.