Mirzoyandan Azərbaycana hədə:

28-01-2023, 10:27           
Mirzoyandan Azərbaycana hədə:
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un sullarını cavablandırıb.

TEREF.AZ onunla müsahibəni təqdim edir:

- Tofiq müəllim, Avropa İttifaqı Ermənistana uzunmüddətli missiya göndərməklə bağlı qərar verib. Sizcə, bu missiya mümkün sülh prosesinə necə təsir göstərəcək?

- Burada iki məqam var. İlk növbədə bu, həmin missiya ilə Azərbaycanın hər hansı bir əməkdaşlığının olmaması ilə bağlıdır. Azərbaycan qəti şəkildə buna razı olmayacaq. Çünki bu missiya birtərəfli Ermənistanın mövqeyinə olan münasibət fonunda göndərilib. Azərbaycan Prezidenti də bu məsələ ilə bağlı öz mövqeyini bildirib. Azərbaycana yanaşmada balanslaşmış münasibət hiss olunmayıb. Ona görə də, Azərbaycan tərəfində Avropa İttifaqının vasitəçiliyi ilə bağlı suallar yaranıb.

- Sizcə, bu missiyanın əsas məqsədi nədir?

- Aİ-nin missiyasında qeyd edilib ki, tərəflər arasında etimad mühitinin yaradılmasına çalışacaq. Əslində onlara sual vermək lazımdır ki, burada hansı tərəflərdən söhbət gedir? Əgər söhbət Azərbaycan-Ermənistan arasındakı münasibətlərdən gedirsə, missiyanın bizim ərazimizdə olmaması fonunda bunun necə baş verəcəyi də aydınlaşmalıdır. Azərbaycanın bu missiya ilə əməkdaşlığı perspektivdə görünmür. Burada görünən odur ki, ermənilər və onların havadarları növbəti dəfə yanlışlığa yol verib. Bu da onunla bağlıdır ki, Aİ-nin hansısa etimadından söhbət gedirsə, burada digər tərəf də olmalıdır. Bu tərəf də isə Zəngəzur bölgəsidir. Zəngəzur bölgəsində ikinci tərəfin kim ola biləcəyinə gəlincə, vaxtilə o ərazidən qovulmuş azərbaycanlılar ola bilər. Çünki məntiq məhz bunu deyir.

- Bunun perspektivi necə ola bilər?

- Artıq beynəlxalq qurumlar, o cümlədən Avropa İttifaqı Ermənistan-Azərbaycan, Zəngəzur mövzusunu rəsmən tanıyıb. Buna aid beynəlxalq missiya göndərilib. İndi Azərbaycanda da artıq fəaliyyəti yeni müstəvidə qurulan Qərbi Azərbaycan İcması Aİ-nin Ermənistana göndərdiyi missiya ilə təmasa girməlidir. Bununla Ermənistandan tələb olunmalıdır ki, bu insanların hüquqları bərpa olunsun.

- Avropa İttifaqının son davranışları ilə Brüssel formatındakı yanaşmaları arasında ziddiyyət var. Bu nədən qaynaqlanır?

- Bu bölgəyə aid xarici siyasətdə Avropa İttifaqının mövqeyi demək olar ki, Fransanın mövqeyi ilə üst-üstə düşür. Bu, əslində Aİ-nin daxilində olan problemlərdən qaynaqlanır. Bu siyasətə Aİ-da etiraz edənlər də çoxdur. İttifaqın digər qurumları Azərbaycanla enerji sektorunda əməkdaşlıq etməyə meyillidirlər. Bunu israrla bildirirlər. Hətta müxtəlif layihələrə aid sənədlər imzalanıb. Ona görə də, görünən odur ki, Avropa İttifaqının rəyi süni şəkildə Fransanın təsiri altındadır. Amma bu tendensiya uzun çəkməyəcək. Çünki digər ölkələr çox ciddi şəkildə buna etiraz edirlər. İtaliya, İspaniya, Balkan dövlətləri, Macarıstan, bəzi Şərqi Avropa ölkələri Azərbaycanla əməkdaşlıqda Aİ-nin düzgün xətt tutmasında israrlıdırlar.

- Sizcə, Azərbaycanla Ermənistan arasında vasitəçi olan Aİ bu xəttlə nəyə nail ola bilər?

- Aİ birtərəfli mövqe və təzyiq yolu ilə heç nəyə nail ola bilməyəcək. Azərbaycana aid məsələlərdə Aİ-nin təzyiq imkanları zəifdir. Azərbaycan öz imkanlarının nədən ibarət olduğuna bələddir.

- Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Laçın yolu ilə bağlı təxribat xarakterli açıqlaması oldu. Bunun fonunda növbəti təxribat və hərbi qarşıdurma elementlərini necə dəyərləndirmək olar?

- Müxtəlif mənbələrdə Ermənistanı dəstəkləyən bəyanatlar verilir. Amma onlar heç bir real nəticəyə gətirib çıxarmayacaq. Azərbaycan öz mövqeyində israrlıdır. Artıq Ermənistanın mövqeyinin əsasını təşkil edən yalan ritorikası ifşa olunur. Çünki bir çox maraqlı tərəflər indi tam yəqin edir ki, Laçın yolu heç də bağlı deyil və orada heç bir blokada şəraitindən söhbət gedə bilməz. Yola nəzarət isə Azərbaycanın fundamental hüququdur. Bunu da Azərbaycana heç kəs qadağan edə bilməz.

- Vardanyan layihəsinə Qərbin münasibəti necədir?

- Ermənistanın yürütmək istədiyi siyasi xəttdə zəif məqam odur ki, Kremlin layihəsi olan Ruben Vardanyan bir çox Qərb dairələri tərəfindən qəbul edilmir. Hamı yaxşı başa düşür ki, burada Rusiyanın oyunu nədən ibarətdir. Azərbaycanın bu mövqedə israrlı olması öz nəticələrini verir. Ona görə də, A.Mirzoyanın çıxışında bu məsələlərə aid bəzi tendensiyaları sezmək olur. Çünki o indi daha radikal bəyanatlar verməyə çalışır. Az qala mümkün güc tətbiqi ilə bağlı Azərbaycanı hədələyir. Hansısa qüvvələri Azərbaycan ərazisinə dəvət etməklə Laçın yolunu hərbi nəzarətə götürmək kimi iddialara səsləndirilir. Bu da təşviş içində qalmış bir siyasi xəttin göstəricisi hesab edilir.

- Baş verənlər müstəvisində mümkün sülhdən nə dərəcədə uzaqlaşılır?

- Sülhə gedən yol ikitərəfli olmalıdır. Bir tərəf əgər 90-cı illərin əvvələrində olan bəyanatlara qayıdıbsa, təbii ki, Azərbaycan birtərəfli sülh istəyə bilməz. Belə olan halda prosesə uyğun adekvat siyasət yerinə yetirilməlidir. Beləliklə də ayrı bir yol qalmır. Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyün tanımaq istəmirsə, onlarla heç bir sülh müqaviləsi və faydalı danışıqılar aparıla bilməz. Ölkələrin əlaqələrində qarşılıqlı olaraq bir-birinin ərazi bütövlüyünün tanıması başlıca prinsip kimi qəbul edilir. Məhz bunun fonunda hansısa bir sülh sazişini bağlamaq elə də real bir məsələ deyil. Azərbaycan da təbii olaraq buna heç vaxt getməyəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.