“Dövlət aparatı həddindən artıq şişib” - "Bu qədər imtahanlar, testlər nəyə lazımdır?
2-02-2023, 11:14
Qüdrət Həsənquliyev: “Parlamentin faktiki olaraq dövlət aparatının şişməsinin qarşısını alma imkanı yoxdur”
“Mən, komitə iclasında da söyləmişdim ki, dövlət aparatı həddindən artıq şişib. Misal da çəkmişdim ki, Özbəkistanda bu yaxınlarda prezident dövləq qulluqçularının sayının 35 faiz azaldılması ilə bağlı müvafiq sərəncam imzaladı. Konstitusiyada qeyd olunur ki, dövlət və hakimiyyət orqanları bir-biri ilə əlaqədə fəaliyyət göstərir, bir-birinin fəaliyyətinə nəzarət funksiyalarını həyata keçirir. Parlamentin faktiki imkanı yoxdur ki, dövlət aparatının şişməsinin hansısa formada qarşısını alsın”.
Bunu parlamentin yaz sessiyasının plenar iclasında çıxışı zamanı Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deyib.
Millət vəkili “biz mütləq dövlət qulluğu haqqında qanuna bir müddəa daxil etməliyik”, - deyə bildirib: “Dövlət orqanlarının adları və ştat vahidləri “Nazirlər Kabineti haqqında” qanunla müəyyən olunur. Yeri gəlmişkən qeyd edim ki, bütün inkişaf etmiş ölkələrdə Nazirlər Kabinetinin fəaliyyətini tənizmləyən ya qanunla təsdiq olunan əsasnamə olur, yaxud qanun olur. Bizdə nə əsasnamə var, nə də qanun. Ona görə də ya gərək belə bir qanun qəbul edək, yaxud da cənab Prezident tərəfindən təqdim olunarsa, belə bir əsasnaməni qəbul edək. Əsasnamədə də göstərilməlidir ki, ölkədə neçə nazirlik olsun, hər nazirlikdə nə qədər ştat vahidi olsun. Yoxsa görürük ki, aparat həddindən artıq şişir. İkincisi, burada dövlət məvacibi ifadəsi bir termin kimi işlənir.
Bəzi qanunlarda maaş, bəzi qanunlarda əməkhaqqı sözlərini işlədirik. Vaxtilə də bu məsələ parlamentdə qaldırılmışdı ki, “Normativ-hüquqi aktlar haqqında” Konstitusiya qanununa görə, qanunvericilikdə eyni terminlərdən istifadə etməliyik. Məvacib sözünü işlədiriksə, o zaman bütün qanunlarda bu söz işlədilməlidir. Yaxud maaş, əməkhaqqı sözlərindən biri seçilərək eyni terminlərdən istifadə olunmalıdır. Burada hər təqvim ilinin sonunda fəaliyyətin yoxlanılması qeyd olunur. Sonra daxili müsahibə, müsabiqə, sertifikasiyadan keçmə. Dövlət qulluqçuları yoxlanılsa onların içərisində stresdən şəkər xəstəsi olmayan yoxdur. Bu qədər imtahanlar, testlər, müsabiqələr, müsahibələr nəyə lazımdır? Bunu bir az sadələşdirmək lazımdır. Qanunvericilik təşəbbüsünün subyekti ilə də danşaq ki, insanları bu qədər basqı altında saxlamağın heç bir əhəmiyyəti yoxdur”.