Nadir Qasımov: "Şuşa" fəaliyyətini dayandırdı, mənim də "torbamı tikib” yola saldılar”
5-02-2023, 00:04
AFFA 2022/2023 mövsümündə Şuşa təmsilçisinin Region Liqasında çıxış edəcəyini açıqlamışdı. İşağldan azad olunmuş bölgənin adını daşıyacaq komandada qazilərin də çıxış edəcəyi haqda məlumat vardı. Təbii ki, bu bölgəmizin futbolda təmsil olunması çox gözəl bir haldır.
Amma hələ 8-9 il əvvəl, yəni Şuşa düşmən tapdağı altında olarkən ölkədə "Şuşa Qarabağ” adlı komanda var idi. Əvvəl "Şuşa”, sonradan "Şuşa Qarabağ” adı ilə Birinci Divizionda çıxış edən həmin kollektivi təcrübəli mütəxəssis Nadir Qasımov çalışdırırdı. Bir neçə il aşağı dəstədə oynayandan sonra komanda sponsor problemləri üzündən fəaliyyətini dayandırsa da, Qasımov ümidlərini itirmədi. Nə vaxtsa yenidən Şuşanın adını daşıyan klub yaradacağına ümid etsə də, müəyyən problemlər səbəbindən bu, mümkün olmurdu. Artıq Şuşanın adını daşıyacaq komandanın Region Liqasında çıxış edəcəyi gözlənilir. Amma bu dəfə baş məşqçi Qasımov olmayacaq. Bütün bunlara rəğmən, o, hələ də ümidlərini itirməyib və hər an Şuşanın adını daşıyan komanda yaratmağa hazırdır.
Bunu Qaynarinfo-ya açıqlamasında Qasımov özü deyib. Hətta bir neçə il əvvəl sponsor da tapdığını, amma AFFA-nın və PFL-in ona şərait yaratmadığını vurğulayıb:
"Mən çox gözlədim, xeyli insana, AFFA-ya, hamıya müraciət etdim. Onların arasında elələri vardı ki, bəlkə də heç müraciət etməməli idim. Yenə də Şuşanın adına görə, dəstək ümidi ilə gedib həmin insanlardan xahiş etdim. Vaxtilə 6 il Şuşa komandası üçün əziyyət çəkdim. Formalaşdırdım, Birinci Divizionda 4-cü yerə qədər gətirib çıxardım. İndi Şuşanı təmsil edən komanda yaradıblar. Onlara heç nə demirəm. Ələləxsus da, eşitdiyimə görə, o komandada qazilər oynayacaq. Qoy bir yox, iki komanda olsun. Nə probem var? Xaricdə bir liqada 20 komanda olur. Uşaqlar gedib narkomanlıq etməkdənsə idmanla məşğul olsunlar. Xatırlayırsınızsa, 2005-2015-ci illərdə futbolun inkişaf proqramı vardı. Həmin qərarın verilməsində mənim də rolum olub. Hesabat yazıb verirdim. Rayonlara gedib-gəlməkdən maşınım darmadağın olmuşdu. Görün buna qiymət verən oldu? Bu qədər laqeyd yanaşıldığına görə dəhşətə gəlirəm. "Şuşa Qarabağ” üçün 6 il əziyyət çəkdim. Başqa klublar dəvət edirdi, amma getmirdim. Bu komandanı formalaşdırmaq lazım olduğunu tapşırmışdılar. Mən də yaratdım, 6 ildən sonra komandanın fəaliyyəti dayandı, mənim də "torbamı tikib” yola saldılar”.
Qasımov yeni komanda yaratmaq üçün sponsor tapdığını, amma sonradan bu prosesin yarımçıq qaldığını deyir:
"Sponsor tapmışdım. Hansı ki, həmin adam hakimliyə görə FİFA-dan "qızıl sertifikat" almışdı. Hazırda cəmi dörd dənə Birinci Divizion komandası var. Qalanı əvəzedicilərdir. Bizim vaxtımızda isə bir çox rayonlar Birinci Divizionda təmsil olunurdu. Həvəskarlar liqası da var idi. İndi müraciət edəndə, mənə deyirlər ki, get Region Liqasında oyna. Mən axı Birinci Divizionda 6 il Şuşa komandasını çalışdırdım. Mənə ayda cəmi 8000 manat pul verirdilər. Sonradan yavaş-yavaş artırıb 12000-ə çatdırdıq. Bu qədər məbləğə 37 ailə saxlayırdıq. Hər futbolçuya ayda 500 manat maaş verirdik. Üstəlik rayonlara gedirdik, otellərdə qalırdıq. Komandanı oyundan bir gün əvvəl aparırdım. Bəs Nadir Qasımov bunu nə ilə edirdi? İndi deyirlər ki, yarım milyon bəs etmir. Niyə bəs etmir? Bu insanlar ancaq oğurlayıb, büdcəni dağıtmaq üçün yaranıb? Yarım milyona elə komanda düzəldərəm ki… Deyilənə görə AFFA Birinci Divizionda iştirakçılara 250 min manat ayıracaq. O pulu mənə verin, görün necə komanda yaradıram. "Şuşa Qarabağ”dan neçə legioneri klublara, "Zirə”yə, "Neftçala”ya verdim. Bu gün çörək verdiyim, boya-başa çatdırdığım insanlar "Qəbələ”də, "Turan Tovuz”da çalışırlar. Ayxan Abbasov, Elmar Baxşıyev tələbələrim olub, onlarla fəxr edirəm”.
O, sonuncu dəfə "Şuşa Qarabağ”la üçün nə vaxt AFFA-ya müraciət etməsi ilə bağlı sualı da cavablandırıb:
"Sonuncu dəfə PFL prezidenti Elxan Səmədova müraciət etmişəm. Onunla görüşdüm, vəzifəsində yeni olduğunu dedi və bəzi şeyləri yoluna qoymaq üçün möhlət istədi. Sağ olsun, məni yaxşı qarşıladı. Özü futbolçu olub. Minifutbolda oynayıb. Komanda 5-10 günə düzələn deyil. Bunun üçün vaxt lazımdır. Ona görə də prosesləri sürətləndirməsini xahiş etdim. Hazırda o, Bakıda deyil, gəlsin, yenə görüşəcəyik. "Şuşa Qarabağ” yaradılarsa, məşqçi kimi fəal şəkildə işləmək istəmirəm, çünki gənclər var. Bəziləri işsiz qalıb. Onlar işləyər, mən də klub prezidenti kimi fəaliyyətimi davam etdirərərəm. Həm onlara kömək edərəm, həm də iş qurarıq”.
Mütəxəssis bütün problemlərə rəğmən, ümidini itrmədiyini bildirir:
"Ümidimi itirməmişəm. Bir məsəl var - "Ümid sonda ölür”. Bununla ancaq məzara gedəndə barışa bilərəm. Liqaya buraxmayacaqlarsa, buraxmasınlar. Lakin sona qədər sözümü deyəcəm. Alınmırsa, necə çıxış edəcəyimi bilirəm. Kluba sponsorluq edəcək adamı güclə tapmışdım. Sonra getdi, Təbrizdə qaldı, məni onunla görüşdürdülər. Dedi ki, onlar hazırda Antalyda tikinti ilə məşğuldur. Özündən başqa 6 nəfər şəriki var. Mənə dedilər ki, nə vaxt imkan yaratsalar, fikrimizi öyrənsələr, kömək etməyə hazırdırlar. Hətta "Şuşa Qarabağ” üçün stadion da tikə bilərlər. Mən də "Bakcell Arena”nın layihəsini alıb, özümdə saxladım. Amma hamısı boşuna getdi. Bilirsiniz, yalançı kimi oldum. Məni hörmətdən saldılar. Şuşanı işğaldan azad etdiyimiz gün Ramin Musayevlə (PFL-in sabiq prezidenti - red.) danışdım, təbrik etdim. Komanda ilə bağlı fikirlərimi bildirəndə, o, nəinki Birinci Divizion, hətta Premyer Liqaya buraxıla biləcəyimizi dedi. Üstündən bir həftə keçəndən sonra məsələ ilə bağlı onunla görüşmək istədim. Ancaq zənglərimə cavab vermədi. Yəqin onunla danışan vaxt badə qaldırırmış. Söz verirsənsə, axıracan getməlisən. Mən bu gün Azərbaycan futboluna xeyir verə bilərəm. Əlimdə elə legionerlər var, icazə versələr, əməlli-başlı komanda yarada bilərəm. Futbolçu yoxdur, dörd komandanı güc-bəla ilə yığıblar. Çünki uşaqlar dağıldı. Futbolda bir yaş qrupunu itirirsənsə, deməli, çəkilən zəhmətlər boşa gedib. 21 yaşlı futbolçuları futboldan uzaqlaşdırmaq olar? Azərbaycanda futbolçu 21-22 yaşında "ayılır” və oynamağa başlayır. Bizdə heç vaxt 5-6 yaşından etibarən uşaq götürüb hazırlamaq olmayıb. Bizi yıxan bilirsiniz nədir? Uşaq futbolunda yer tutmaq məsələsi. Məşqçiləri yer tutmazsa, işindən çıxaracaqları ilə qorxudurlar. Belə şey olar? Uşağı öyrətməlisən. Məgər məktəbdə kitab oxuya bilməyən şagirdi qovurlar? Uşağa futbolun incəliklərini başa salmaq lazımdır. Bu bizdə çox böyük problemdir. Ona görə də necə başlayırıqsa, elə də bitirirk. Sistem qurmasan inkişaf qeyri-mümkündür. Heç kim də bu barədə danışmaq istəmir. Baxın, Məşqçilər Şurasında neçə məşqçi var? Hamısı da tanınmış məşqçilərdir - Ağasəlim Mircavadov, Vaqif Sadıqov… Onlardan heç vaxt kömək istəməmişəm. Niyə oturublar orda? Əməliyyat olunandan sonra bir dəfə Ağasəlim zəng vurmuşdu. Sonradan heç maraqlanmadılar. Halbuki onların hamısı üçün kimlərəsə ağız açmışam. 90-cı illərdə hörmətim vardı, dediyimi eşidirdilər. Həmin vaxt pulum da var idi…”
Təcrübəli məşqçi öz adını daşıyan nəvəsi Nadir Qasımovun da futboldan uzaqlaşdırıldığını deyir:
"Mən cəhənnəm, yaşlanmışam, ancaq nəvəmi Azərbaycan futbolundan uzaqlaşdırdılar. U-19-da və "İnter”də (indiki "Şamaxı”) oynayırdı. Sonradan "Səbail”ə getdi. Zədə alan kimi atdılar kənara, dedilər, "yaxşı yol”. Hazırda futboldan kənar sahədə çalışır. Uşağı elə pisikdirdilər ki… Azərbaycanda yeganə futbolçu idi ki, Almaniyada və Avstriyada keçirilən yarışlarda het-trik etmişdi. Yazırdılar ki, Azərbaycanda "qol maşını” yetişir. Ona keçmiş gürcü futbolçular qiymət verirdi, xaricə göndərməyimi istəyirdilər. Ancaq bizim adlı-sanlı futbolçularımız, hərəsi özündən bir şey çıxardı. Klublarımızda uşaq futbolu, formallıq xatirinə var. Əslində, məktəb 30 ildir var. Bu illərdə neçə futbolçu veriblər? Ən güclüsü də "Qarabağ”dır. Bu klub kimi yetişdirb, göstərsinlər? "Neftçi”də son illərdə Qurban Qurbanovun oğlu Musa yetişib. Nəinki son illərdə, elə əvvəllər də məktəblərimiz bu vəziyyətdə idi. 10 komandanın içində bir yerli uşaq tapanda sevinirdik. Çünki traktorçular, sürücülər gəlib məşqçi işlədi. Onlar AFFA-nın təşkil etdiyi seminarlarda oxuyub məşqçi oldular. 2005-2015-ci illərdə futbolun inkişafı ilə bağlı proqramda çox əziyyət çəkdim. İndi isə yada salan yoxdur. Olsun, onsuz da mənim qiymətimi Anatoli Banişevski verib. O mənə deyirdi ki, "sənin kimi hissiyatı olan məşqçini heç yerdə görməmişəm”. Özümü tərifləmirəm. Azərbaycan futbolu belə olmamalıdır. Ümid edək ki yaxşı olacaq. Bu gün "Qarabağ”a görə Azərbaycan futbolunu tanımağa başlayıblar. Əvvəl isə heç Mahaçqaladan gəlib oynamaq istəyən yox idi. İndi bir çox legionerlər Azərbaycana gəlmək istəyir. Çünki Avropada özlərini göstəriblər. 3-4 belə komandamız olsa, nəyi pisdir? Uşaqlara da yol açılar. Üstəlik dövlətə də faydası var. Bunlar hamısı bir-birinə bağlıdır. İndi isə əfsuslar olsun. Birinci Dəstə üçün 4 komanda güclə tpırlar. Bu boyda respublikanı iflic ediblər. Futbolu inkişaf etdirmirlər. Komandaları dağıdıb, uşaqların hərəsini bir dərəyə salırlar. Mən "Neftçilər” xəstəxanasında olanda təmizlik işçisi kimi çalışan futbolçu gördüm, ürəyim ağrıdı. İndi Premyer Liqada təxminən 300 futbolçu çıxış edir. AFFA-nın işçiləri isə daha çoxdur, özü də yaxşı maaş alırlar (gülür). Gülməlidir hamısı. Yenə də ümidi itirmək lazım deyil”.