"O çevrilişin olması artıq qaçılmaz idi" - Keçmiş nazir

6-02-2023, 19:45           
 "O çevrilişin olması artıq qaçılmaz idi" - Keçmiş nazir
“Əslində Ter-Petrosyan özü könüllü istefa verməmişdi. Ortada Rusiyanın da Robert Köçəryan vasitəsilə təzyiqi var idi. Amma elə şərait yetişmişdi ki. Qarabağ klanının hakimiyyətə gəlməsi artıq qaçılmaz idi. Çünki Ermənistan ordusu, güc və təhlükəszilik sistemlərində Qarabağ erməniləri əsas vəzifələri ələ keçirmişdilər. Və demək olar ki, Ermənistanı tam nəzarət altında saxlayırdılar”.
TEREF.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında ABŞ Dövlət Departamentinin 1997-1998-ci illərdəki Qarabağ siyasəti ilə bağlı bu günlərdə dərc olunmuş sənədlərində Ermənistanın o dövrdə hakimiyyətdə olan 1-ci prezidenti Levon Ter-Petrosyan və onun istefasından sonra prezident olan Robert Köçəryan barədə deyilənlərdən bəhs edən keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov söyləyib.

“Hətta o zaman Qərb diplomatları zarafatla deyirdi ki, artıq it quyruğu yox, quyruq iti fırladır. “Quyruq” deyəndə Qarabağdakı separatçı erməni rejimi, “it” deyəndə isə Ermənistan nəzərdə tutulurdu. Yəni Köçəryan, ardınca Serj Sərkisyanın timsalında Qarabağ klanı hakimiyyətə gəldikdən sonra artıq Ermənistanı bütövlükdə Qarabağ erməniləri idarə etməyə başlamışdı. Bu mənada Ter-Petrosyanın istefası, demək olar ki, çevriliş idi. O çevrilişin olması artıq qaçılmaz idi. Və Fransa rəsmiləri həmin vaxt baş nazir olan Köçəryanı Parisə çağırıb ona təzyiq edirdilər ki, bu çevriliş baş verməsin və Ter-Petrosyan hakimiyyətdə qalsın. Ona hətta orden vermişdilər” -deyə davamında politoloq bildirib.

Həmsöhbətimiz “İrəvanda Qarabağ klanının hakimiyyətə gətirilməsi birbaşa Moskvanın əli ilə baş verirdi?” sualını da cavablandırıb.

“Bəli, oradan təsir çox idi. Amma digər tərəfdən, onu da anlamalıyıq ki, əslində Kremlin əsas təsir dairəsində elə Ter-Petrosyanınn özü idi. Düzdü, deyirlər ki, o, qərbçidir-filandır. Lakin axı 1991-ci ildən bəri Xankəndi, Xocalı soyqırımı, Şuşa, Laçın, Kəlbəcərdən başlamış Azərbaycan torpaqlarının işğalı prosesi məhz Ter-Petrosyanın hakimiyyəti dövründə baş verib”- deyə keçmiş xarici işlər naziri vurğulayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.