Rusiyanın paytaxtında şübhəli müzakirə: Moskva Bakıdan nə gizlədir? - HƏQİQƏTƏN DƏ...
9-02-2023, 10:53
Rusiyanın paytaxtında şübhəli müzakirə: Moskva Bakıdan nə gizlədir?
“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.
TEREF.AZ onunla müsahibəni təqdim edir:
- Separatçı Ruben Vardanyanın günlərdir Rusiyanın paytaxtında olması xəbəri gündəmin əsas müzakirə mövzularından birinə çevrilib. Sizcə, o, Moskvaya niyə çağırılıb? Məsələn, Ermənistan mətbuatı yazır ki, Rusiya Vardanyanı oyundan çıxarır.
- Bu, bir daha göstərir ki, erməni separatçıları Rusiyanın nəzarəti altındadır. Vardanyandan əvvəl digər separatçını – Araik Arutyunyanı Moskvaya çağırmışdılar. Arutyunyan Moskvadan sonra Fransaya da getmişdi, Xankəndiyə qayıda bilmirdi, çünki Şuşa-Laçın yolunda etiraz aksiyamız başlamışdı. Amma Rusiyanın sülhməramlı kontingenti onu gizli şəkildə Xankəndiyə çatdırdı və mitinqdə də iştirak etdi.
İndi Ruben Vardanyanı Moskvaya çağırıblar, çünki məsləhətləşirlər. Bir xəbər də yayılıb ki, guya geri qayıdıb.
Gedişata baxacağıq, durum dəyişə bilər. Əslində, ötən ilin sentyabrında Vardanyanı Xankəndiyə göndərən Moskva idi. Rusiyada biznesi ilə məşğul olurdu, rahat pulunu qazanırdı, sonra gərginliyin olduğu bir bölgəyə göndərdilər ki, “get, separatçılara rəhbərlik et, bəlkə Bakı səninlə təmasa gedəcək”.
Moskvanın Vardanyanla bağlı planı alınmadı. İndi də məsləhətləşmək üçün çağırıblar. Əgər bu məsləhətləşmələrin sonunda rus hərbi kontingenti yenidən Vardanyanı gizli yolla Xankəndiyə çatdırsa, demək ki, o, hələ də Qarabağda Azərbaycana qarşı istifadə etmək üçün Rusiyaya lazımdır. Vardanyan tamamilə Rusiyanın nəzarətindədir. Onun bu ölkədəki maliyyə resursları və biznesi də Rusiya xüsusi xidmət orqanlarının nəzarəti altındadır.
Amma Rusiyaya geri qaytarmaq istəsələr, vətəndaşlığı da rahatlıqla bərpa edə bilərlər. Guya Rusiya vətəndaşlığından məhrum ediblər. Bu olmasa, demək ki, hələ də Vardanyan bölgədə onlara lazımdır.
Əvvəllər də belə hal olub. Belə məsləhətləşmələr həmişə gizli saxlanılır. Görünür, Moskvada həm Vardanyan, həm də Arutyunyana təlimatlar verilib. Bu məqamda o sual yaranır ki, separatçıları Rusiyaya çağırmağa nə ehtiyac var? Əgər təlimat varsa, bunu sülhməramlıların buradakı komandiri Andrey Volkov vasitəsilə separatçılara çatdırmaq olar. Demək ki, üzbəüz məsləhətləşmələrə ehtiyac olub. Çox güman ki, Vardanyan Moskvada təkcə bir nəfərlə görüşməyib, başqaları ilə də söhbət edib. Bu da Rusiyanın Azərbaycana qarşı xoş olmayan siyasətinin göstəricisidir.
- Erməni nəşrləri onu da iddia edirlər ki, Vardanyan bölgədə gərginlik yaratdığı üçün Moskva baş separatçı Araik Arutyunyanı yenidən önə çəkir. Bəs bu iddia nə qədər məntiqlidir?
- Arutyunyan da tez-tez Moskvaya gedirdi, təlimat verib geri göndərirdilər. Separatçılar İkinci Qarabağ Müharibəsindən sonra tamamilə Rusiyadan asılı vəziyyətə düşdülər. Çünki Ermənistan hakimiyyəti geri çəkildi. Ermənistan rəhbərliyi Qarabağ yükünü daşıya bilmədi və bunu Rusiya öz üzərinə götürdü.
Araik Arutyunyan tanınmış fiqur deyil, amma Vardanyan Rusiyada tanınmış iş adamıdır, Qərb ölkələri ilə də əlaqələri var. Vardanyan ötən ilin sentyabrından bəri sağa-sola onlarla müsahibə, açıqlama verdi. Arutyunyan illərdir separatçıların başçısıdır, onun bir müsahibəsinə və açıqlamasına rast gəlməmişəm. Vardanyana isə maraq böyük oldu. BBC və dünyanın bir sıra digər nüfuzlu media qurumları ondan müsahibə aldılar. Vardanyan da bundan istifadə edərək, Azərbaycan əleyhinə təxribatçı açıqlamalar verdi. Yəni bu baxımdan, Vardanyan Moskva üçün lazımlı fiqur kimi görünürdü.
İndi Vardanyanı geri çağırıb, Arutyunyanı yenidən liderliyə yüksəldib-yüksəltməyəcəklərini demək çətindir. Bu gəlişmədən iki nəticə çıxa bilər. Birincisi, Vardanyan geri qaytarılmasa, bu o demək olacaq ki, Moskva Bakı ilə münasibətləri gərginləşdirmək istəmir. İkincisi, əgər Vardanyanı geri göndərsələr, bu o demək olacaq ki, Rusiya separatizmin davamında maraqlıdır və iki ildən sonra Azərbaycan ərazilərindəki sülhməramlı kontingentini çıxarmamaq siyasətinə üstünlük verir.
- Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistanı Azərbaycan ərazilərini işğal etməkdə ittiham etməsi günlərdir İrəvanda müzakirə mövzusudur. Bir sıra erməni siyasilərin fikrincə, bu, Rusiyanın Qarabağ məsələsinə yanaşmasının dəyişməsindən irəli gəlir. Sizcə, bu belədirmi?
- Mən belə düşünmürəm. Otuz ilə yaxın torpaqlarımız işğal altında oldu, nə bir Rusiya rəsmisi, nə də Lavrovun özü işğal faktını dilə gətirdi. Amma bu gün Lavrov deyir ki, Ermənistan Azərbaycanın yeddi rayonunu işğal etmişdi, Azərbaycan öz ərazilərini geri qaytardı. Bu sözü də ermənilərin xoşuna gəlmədi. Lavrov bunu Azərbaycana simpatiyası olduğu üçün demədi, sadəcə Rusiyanın Paşinyandan narazılığı var. Paşinyanı bir az da sıxışdırmaq üçün bu cümlələri işlətdi. Əgər Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsə, onda qarşıdakı iki ildə separatçıları tam tərksilah etməyimizə mane olmamalıdır.
Lavrov yeddi rayondan danışır, amma bütün Qarabağ Azərbaycan ərazisidir. Yəni Lavrovun sözündən belə çıxdı ki, təkcə bu yeddi rayon Azərbaycana məxsusdur. Bəs Xankəndi, Xocalı, Ağdərə və digər ərazilər? Nə olsun ki, orada ermənilər yaşayırlar?! O torpaqlar da Azərbaycana aiddir.
Biz Rusiyadan sadə bir prinsipiallıq gözləyirik. Məsələn, Lavrov bu tərəfdən guya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını deyir, digər yandan Vardanyanı məsləhətləşmək üçün Moskvaya çağırırlar. Üstəgəl, Bakı bu barədə məlumatlandırılmır. Görüş sirr olaraq qalacaq, Vardanyanın nə üçün çağırıldığını bilməyəcəyik.
Ötən dəfə Arutyunyanı da çağırmışdılar. Nə üçün çağırıldığını, Moskvada kimlərlə görüşdüyünü bildikmi? Bilmədik, çünki bizə bu barədə heç nə demədilər.
- Ermənistan xarici işlər naziri Ararat Mirzoyan isə deyir ki, Azərbaycan bir neçə gün əvvəl sülh müqaviləsi ilə bağlı yeni təklif verib. Sizcə, söhbət hansı təklifdən gedə bilər?
- Azərbaycan öz təklifini İkinci Qarabağ Müharibəsindən sonra, ötən ilin martında göndərmişdi. Təklif beş prinsipdən ibarət idi. Bu təklif də iki dövlətin bir-birinin ərazi bütövlüyünü tanımasını ehtiva edirdi. Üstəgəl, nəqliyyat xətlərinin açılması, sülh sazişinin imzalanması və sair kimi məsələləri. Amma Ermənistan bu məsələni uzatdı, öz məntiqsiz təkliflərini əlavə etdi. Nəticəsi də olmadı, əslində, bundan özləri zərər gördü. Çünki bu təklifin verilməsindən altı ay sonra – sentyabr ayında təmas xəttində toqquşma baş verdi.
Nəticədə Azərbaycan təmas xəttində mövqelərini gücləndirdi, strateji yüksəkliklərə nəzarətini bərpa etdi. Yəni martda qəbul etsəydi, sentyabrda toqquşma olmaya bilərdi.
Yəqin rəsmi Bakı yenə də İrəvana şans verir ki, bu təkliflə razılaşsın. Əvvəlki təklifi “yeni” adlandırmaq düzgün deyil. Təklifimiz birdir, bu da özündə beş baza prinsipini ehtiva edir. Təbii ki, kiçik əlavələr də ola bilər.
Bir sözlə, Ermənistana bir şans da veririk ki, gəlin, bu məsələni həll edək. Əslində, Paşinyanın ağlı və məntiqi olsa, bunu qəbul edər. Əgər təklifimizə öz məntiqsiz əlavələrini etsə, heç bir nəticə olmayacaq. Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanısa, məsələ böyük ölçüdə həll olunacaq, biz də onların ərazi bütövlüyünü tanıyacağıq və sülh sazişi imzalanacaq. Bu durumda kimsə bizə ərazilərimizdəki separatçıları tərksilah etməyimizə mane olmayacaq.
Ermənistan hakimiyyəti onsuz da bu yükü daşıya bilmir, bunu da dəfələrlə etiraf edib. Son olaraq, Ermənistanın spikeri Simonyan da etiraf etdi ki, Qarabağ məsələsi İrəvanlıq deyil. Əgər “Qarabağ bizlik deyil” deyirsinizsə, bəs sizə nə mane olur ki, Azərbaycanla sülh sazişi imzalamırsınız? Onda gəlin, məsələni həll edək. Bu dəfə də təklifimizi qəbul etməyib, məsələni uzatsalar, demək, nəticə olmayacaq və gərginlik davam edəcək.