Rusiya planını dəyişir: Bir də Qarabağda görünməyəcək – Müsahibə

10-02-2023, 09:48           
Rusiya planını dəyişir: Bir də Qarabağda görünməyəcək – Müsahibə
Teref.az yazır ki, politoloq İlqar Vəlizadə Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Bir neçə gündür Rusiyada olan separatçı Ruben Vardanyanla bağlı maraqlı xəbərlər gəlir. Diqqət çəkən iddialardan biri Moskvanın Vardanyanı birdəfəlik geri çağırması ilə əlaqəlidir. Siz bu haqda necə düşünürsünüz?

- Müxtəlif versiyalar var və bütün bunlar da əsaslıdır. Əsas versiya budur ki, Moskva Vardanyanı geri çağırıb və o, bir daha Qarabağda görünməyəcək. Nə baş verdiyi qarşıdakı günlərdə tam bəlli olacaq. Mən isə düşünürəm ki, ötən yarım il ərzində Vardanyan Qarabağda öz lazımsılığını göstərdi, yəni Rusiyanın işinə yaraya bilmədi. Bölgədə heç nə edə bilmədi, əksinə, bu müddət ərzində vəziyyəti gərginləşdirdi, bu fonda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdikləri ərazilərdəki durum mürəkkəbləşdi. Rusiya sülhməramlılarının imici korlandı, onsuz da imicləri bir o qədər də yaxşı deyildi.

Vardanyanın gəlişi separatçı rejim daxilində parçalanma yaratdı. Vardanyanla Araik Arutyunyan arasında çəkişmə vardı. Yerli ermənilər qıraqdan gəlmə Vardanyanı qəbul etmədilər. Bəs bu ziddiyyətlər fonunda Vardanyan nəyə nail oldu?

Bununla bağlı bir neçə versiya var. Birincisi budur ki, Vardanyanı Moskva geri çağırıb. Digərinə görə, Vardanyanın özü Moskvaya gedib. Yəni gərəksizliyini anlayaraq Moskvadan xahiş edib ki, bu projenin üstündən xətt çəksinlər. Üçüncüsü, Xankəndi-Şuşa yolunda davam edən etiraz aksiyası, bu fonda Laçın yoluna nəzarətin təmin edilməsi və Azərbaycanın tələbləri Vardanyanın qərarına təsir göstərə bilərdi.

- İstər Vardanyan, istərsə də Şuşa-Xankəndi yolunda davam edən etiraz aksiyasında irəli sürülən tələblərin yerinə yetirilməməsi o ehtimalı gündəmə gətirir ki, Rusiya bölgədə yeni hərbi toqquşma istəyir. Xüsusən də Ukraynada müharibənin başlamasından sonra... Sizin bu barədə fikriniz necədir?

- Zənnimcə, Rusiya regionda yeni münaqişənin alovlanmasını istəmir. Çünki bu durumda Rusiya münaqişədə birbaşa iştirakçı ola bilər. Ukraynadan sonra Rusiyaya yeni başağrısı lazım deyil. Digər yandan, regionda ara qarışsa, Rusiyanın Azərbaycan və Türkiyə ilə münasibətləri də gərginləşəcək. Rusiyanın bunu istəmədiyini düşünürəm.

Bu kimi iddialar reallığı əks etdirmir. Reallıq gördüyümüzdən də mürəkkəbdir. Bəli, Rusiyanın maraqları var və Qarabağdan əl çəkmək niyyətində deyil. Ancaq Rusiyanın öz maraqlarını belə yolla təmin edəcəyinə inanmıram. Onların oyunu budur ki, məsələlərin həllini və ya mövcud durumu qeyri-müəyyən vaxta qədər saxlasınlar.

Təbii ki, qeyri-müəyyənlik son nəticədə gərginliyə gətirib çıxarır. Təzadlar var və Azərbaycanın da istədiyi budur ki, bunlar diplomatik yollarla aradan qaldırılsın.

- Getdikcə gərginləşən Ermənistan-Rusiya əlaqələri də müzakirə mövzusudur. Baş nazir Nikol Paşinyan və spiker Alen Simonyanın Rusiyaya ünvanladıqları son ittihamları da kifayət qədər sərt oldu. Sizcə, gərginlik hansı həddə qədər inkişaf edəcək?

- Hazırda siyasi ritorikanın sərtləşməsini müşahidə edirik. Düşünürəm ki, bu ritorika bir müddət davam edəcək. Hələlik tərəflər hərəkətə keçməyiblər, gərginliyi praktiki addımlar səviyyəsinə gətirmirlər. Yəqin ki, bu da Rusiyanın başının Ukraynaya qarışması ilə əlaqəlidir, ona görə də Ermənistanla münasibətlərinin açıq formada gərginləşməsini istəmir.

Ermənistan isə öz istəklərini açıq formada dilə gətirərək, bəlkə də süni, bəlkə də təbii formada Rusiya ilə münasibətlərini gərginləşdirir. Hər halda Ermənistanın Rusiyaya qarşı addımları Qərb tərəfindən dəstəklənir. Bu durumun bir müddət də davam edəcəyi qənaətindəyəm.

- Fransa isə Avropa Birliyinin mülki missiyası çərçivəsində Ermənistan-Azərbaycan təmas xəttinə jandarma qüvvələri göndərməyə hazırlaşır. Fransanın bu addımı hansı gəlişmələrə yol aça bilər? Məsələdə diqqətçəkən bir məqam da budur ki, Fransa jandarmanı həm də KTMT-nin məsuliyyət zonasına göndərir.

- Bəli, tamamilə düzdür. Ermənistan həm KTMT-nin məsuliyyət zonasına daxildir, həm də İrəvanla Moskva arasında çoxsaylı hərbi-siyasi sazişlər var. Bu sazişlər Rusiyanın Ermənistandakı mövqelərini kifayət qədər gücləndirib.

Eyni zamanda, bunlar Ermənistanı Rusiyadan asılı vəziyyətə salıb. İndi görünən budur ki, Ermənistan Rusiyanın təsirindən qurtulmaq istəyir və belə addımlarla öz planını həyata keçirməyə çalışır. Yaranmış gərginlikdən istifadə edərək bunu tezləşdirməyə cəhd edirlər. Dediyim kimi, bunlar hələlik sərt ritorika səviyyəsində münasibətləri gərginləşdirir.

Ermənistan Rusiyaya qarşı çox təhlükəli oyuna girişir. İndi bu oyunların nəticələrini ehtimal etmək çətindir. Ona görə ki, Rusiyanın başı Ukraynaya qarışıb. Ermənistan bundan istifadə edir və maksimum addımlar atır ki, Rusiyadan asılılığını azaltsın. Ermənistan hələlik bunu edə bilir. Yəqin məntiqləri budur ki, bunu edə biliriksə, etməliyik və edəcəyik. Çox güman ki, hadisələr bir müddət də bu məntiqlə davam edəcək.

- İranın Ermənistanla birlikdə Azərbaycan ərazilərinə (Qubadlı, Laçın) hücuma hazırlaşması barədə bir iddia da gündəmdədir. Sizcə, İran Azərbaycana qarşı belə bir avantüraya əl atarmı?

- Atdığımız sərt addımlarımız onu göstərir ki, İranın planlaşdırdıqlarını qabaqcadan bilirik. Təxmin edə bilirik ki, İran nə etməyə çalışır... Məsələn, İran səfirliyimizdə baş verən terakta məişət donu geyindirməyə çalışır. Biz onlara açıq şəkildə bildirmişik ki, bu oyun baş tutmayacaq. İndi bu terakta hansı səviyyədə reaksiya verdiksə, təsəvvür edin ki, daha irimiqyaslı avantüraya hansı cavabı verə bilərik?!

Ümumiyyətlə, belə bir avantüra İrana və onun hakimiyyətinə nə verəcək? Yeri gəlmişkən, İranın özü də anlayır ki, belə bir şey baş versə, Türkiyə ilə yanaşı, İsrail, ABŞ və digər bir sıra dövlətlər də Azərbaycana dəstək verəcəklər və nəticədə burada çox şiddətli və uzunmüddətli münaqişə ocağı yaranacaq. Çünki onların hamısı ən güclü formada silahlanmış və geniş hərbi-siyasi təsirə malik ölkələrdir. Bu, İrana nə verəcək?

Düşünmürəm ki, İran bu avantüraya əl atsın. Dediyim kimi, bunun nə ilə nəticələnəcəyini İran çox yaxşı bilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.