Qorxmağa əsas var? - 9 gündə Azərbaycan neçə dəfə silkələnib?
16-02-2023, 00:02
Bildiyiniz kimi, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə “afterşok”lar qeydə alınıb.
Həmçinin, qonşu ölkələrdə də təkanlar hiss edilib. Bundan sonra Azərbaycanda da dağıdıcı zəlzələnin olub-olmayacağı ilə bağlı suallar yaranıb.
Maraqlıdır, fevralın 6-dan bu günə qədər ölkəmizdə nə qədər yeraltı təkan baş verib?
Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli Cebhe.info-ya açıqlamasında bildirib ki, 9 gün ərzində 255 yeraltı təkan baş verib:
"6 fevraldan bu günə qədər 255 yeraltı təkan olub. Bunların içində ən güclüsü 3,4 balla Xəzərdə baş verib. Təkanlar daha çox Kiçik Qafqaz dağlarında olub. Bu təkanlar xırdadır və hiss olunmayıb. Qorxulu bir şey olmayıb və seysmoloji bölgələrdə bu cür təkanların olması normaldır. Bu cür təkanlar Türkiyədəki zəlzələdən öncə də baş verirdi, qorxmağa əsas yoxdur".