Uşaqlarımız indi də ətirli qəlyan və elektron siqaretə keçiblər... - MÜSAHİBƏ
16-02-2023, 11:25
Adil Qeybulla: “Siqaret asılılığından qurtulmaq istəyənlər elektron siqaret “sayəsində” təkrar siqaret aludəçisinə çevrilir”
Son illərin bir dəbi də məhz onlardır – elektron siqaretlər və “aromatlı qəlyan”. Araşdırmalar zamanı məlum olub ki, son vaxtlar uşaqlar arasında elektron siqaretlərdən istifadə hallarına çox rast gəlinir.
Xüsusilə məktəb yaşlı uşaqların elektron siqaretə aludəçiliyi artıb. İctimai yerlərdə yeniyetmələrin "aromatlı qəlyan" adlanan elektoron siqaret istifadə etmə halları da artıb.
“Paytaxtda neçə yerdə “çayxana+qəlyan” reklamı var, guya ki, qəlyan ziyansızdır, əksinə…”
Məktəblilərin və gənclərin elektron siqaret, eyni zamanda, “aromatlı qəlyan”a nə səbəbdən maraq etdiyini öyrənmək məqsədilə professor, həkim ekspert Adil Qeybulla ilə həmsöhbət olduq.
- Adil müəllim, uşaqlarda "elektron siqaret" və qəlyanlara aludəçilik niyə artır?
- Dünyada belə bir tendensiya var ki, uşaqlar əvvəl elektron siqaretlə başlayır, daha sonra siqaretə keçirlər. Elektron siqaret, qəlyanlar siqaretə keçməni dəstəkləyən vasitələrdir. Elektron siqaretləri aromatizatorlar dadlandırır. Bu maddələr tüstünü yüngülləşdirsə də, fəsadları daha ağırdır. Elektron siqaret və qəlyanlar xərçəng və sair xəstəliklərə yol aça bilər.
- Tərkibində tütün dumanı, kimyəvi maddələr olan bu növ siqaretlərin sağlamlığa hansı təsirləri var?
- Elektron siqaretlər sağlamlığa ən azı adi siqaretlər qədər təsir göstərir. Adi siqaret necə təsir edirsə, bu elektron siqaretlər də elə təsir göstərir. Bu növ siqaretdə tütün yarpaqları qurudulur, qablaşdırılır, xüsusi qaydada hazırlanıb satışa çıxarılır və insanların istifadəsinə verilir. Tütün yarpaqları zəhərli maddələrdir. Tüstünün zərərləri dodaq, dil, yuxarı tənəffüs yolları, aşağı tənəffüs yolları, mədə, qida borusunda selikli qişaları qıcıqlandırır, bu selikli qişalar da qıcıqlananda orada olan normal hüceyrələr dəyişir, burada müvafiq prosseslər gedir və şiş yaranmasına gətirib çıxarır. Məsələn, siqaret ölüm risqini necə artırırsa, elektron siqaretin də əlavə təsirləri ölüm risqini artırır. Onu da deyim ki, elektron siqaretlər sadəcə ağ ciyərlərə zərər vermir, həm də ürək-damar sisteminə ciddi ziyan vurur. Qəlyan haqqında isə onu deyim ki, həm qadın, həm də kişilərdə damar xəstəlikləri, yaddaş pozğunluğu yarada bilir. Bir dəfə qəlyanın istifadəsi 50 siqaretə bərabərdir. Karbon monoksid qəlyanın tərkibində 20-30 dəfə siqaret tərkibindən daha çoxdur. Bu, asılı şəxslərdə tez-tez huşun itirilməsinə səbəb ola bilir. Ən çox isə vərəmin yayılmasına xidmət edir. Yuxarı tənəffüs yollarının və ağ ciyərin xərçəng xəstəliyi yaranması qəlyan istifadəçilərində risq amillərini artırır.
- Həqiqətənmi elektron siqaret adi siqareti tərgitməyə kömək edir?
- Siqaret asılılığından qurtulmaq istəyənlər elektron siqaret “sayəsində” təkrar siqaret aludəçisinə çevrilir. Marketlərdə, köşklərdə satılır, televiziyada reklam edilir... Biz nə qədər çalışsaq da, siqaret istehsalının, onun reklamının qarşısını ala bilmərik. Bu da narkoticarət kimi bir şeydir. Biz yalnız təbliğat işimizi gücləndirməliyik. Yeniyetmələrə, gənclərə başa salmalıyıq ki, siqaret bir bəladır. Narkotik kimi. İşbazlar öz mənfəətləri üçün ziyanlı olanı da tərifləyirlər, cəlbedici reklamlarla insanları aldadırlar. Paytaxtda neçə yerdə “çayxana+qəlyan” reklamı var. Guya ki, qəlyan ziyansızdır. Əksinə, qəlyan çox ziyanlı vasitədir.
- Belə bir məlumat yayılıb ki, sulu qəlyan tüstünün zərərini azaldır. Bu səbəbdən də qəlyana maraq çoxdur. Bu fikir nə dərəcədə doğrudur?
- Sulu qəlyan tüstünün zərərini azalda bilməz. Bəzi insanlar elə başa düşür ki, sudan keçərkən tüstünün zərəri azalır. Bu belə deyil. Su tüstünü zərərli maddələrdən tamamilə təmizləmir. Tütün su ilə isladılır, sıxılır, sonra qəlyana əlavə olunur. Qəlyan çəkən zaman insanın ciyərlərindən bir siqaret çəkən zamana nisbətən təxminən 100-200 dəfə daha çox tüstü keçir. Qəlyan çəkdikdə karbon qazı daha çox əmələ gəlir. İnsan orqanizminə düşən kömür hissələri yanaraq dəm qazı ifraz edir. Qəlyan çəkən zaman baş gicəllənməsi və ürək bulantısı da bununla bağlıdır. Qəlyandan istifadə zamanı insanın ağ ciyəri daha çox tüstülü hava qəbul edir. Çünki siqaretdən fərqli olaraq, qəlyan aram-aram çəkilir. Bu zaman insan orqanizmi həm qəlyanla zərərli maddələr qəbul edir, həm də qəlyandan xaric olan tüstünü təkrar udmuş olur.
- İctimai yerlərdə yeniyetmələrin "aromatlı qəlyan" adlanan elektron siqaret istifadə etdiyinin şahidi oluruq…
- Son illər dəbə düşən meyvə aromatlı qəlyanlardan istifadə müştəri cəlb etməkdən başqa bir şey deyil. Bu, bir marketinq siyasətidir. İndi nanə ətirli, alma, portağal və digər dadlı siqaretlər də istehsal olunur. İstehsalçılar bu yolla siqaretin acı dadını unutdurmaq, o hissiyatı itirmək istəyirlər. Amma qəlyanda istifadə olunan estetik boyalardan, ətirlərdən, aromatlardan yanma zamanı kimyəvi təhlükəli maddələr ayrılır. Həmin maddələr bronxları qıcıqlandıraraq allergik təsirlərə yol açmaqla yanaşı, dəhşətli xəstəliklərə zəmin yaradır. Ona görə də insanlar bu cür aldadıcı üsullardan mümkün qədər çəkinməli, qəlyanın orqanizm üçün siqaretdən heç də az zərəri olmadığını anlamalıdırlar.
- Qəlyan həm də yoluxucu xəstəliklərin yayılmasına səbəb olur…
- Bəli, qəlyan yoluxucu xəstəliklərin yayılmasına səbəb olur. Qəlyandan istifadə zamanı ağızlığı və suyu dəyişdirilsə də, tüstünün keçdiyi boru dəyişdirilmir. Bu isə tənəffüs yolu xəstəliklərinin yayılmasına təsir göstərir. Əgər insanda vərəm və digər tüpürcək, tənəffüs yolu ilə yayılan xəstəliklər varsa, qəlyanla bu xəstəliklərin yayılma risqi yüksəkdir.
- Təəssüf ki, qəlyan və elektron siqaretdən istifadə edənlər arasında məktəblilər də var. Bu sahəyə necə nəzarət olunmalıdır?
- İndi elektron siqaretlər müasir gənclər arasında bir növ dəb halını alıb. Ancaq onlar bilmədən özlərində ağ ciyər xərçənginin bünövrəsini yaradırlar. Onu da deyim ki, qəlyandan mütəmadi istifadə edən insanlarda sonsuzluq yaranması risqi yüksəkdir. Qəlyana vərdiş etmiş kişilərdə sperma keyfiyyətinin aşağı enməsi, qadınlarda isə yumurtalıqların funksiyasının pozulması baş verir. Təəssüf ki, məktəblilər arasında da bu pis vərdişə yoluxanlar var. Artıq 12-13 yaşlı uşaqlar belə qəlyandan istifadə edirlər. 19-24 yaş arası şəxslər arasında isə qəlyançəkmə dəb halını alıb. Azyaşlılar və yaşlı insanlara qəlyan istifadəsi daha çox ziyandır. Gənc nəslin sağlam olması üçün maarifləndirmə işi aparılmalıdır. İlk növbədə məktəblərdə tütünün zərəri, qəlyan və elektron siqaretin fəsadları haqqında şagirdlərə məlumat verməlidirlər.
Bakixeber.com