Zəlzələ Türkiyəyə nə qədər ziyan vurdu? – Cədvəl ürəkaçan deyil/Özəl

17-02-2023, 12:27           
Zəlzələ Türkiyəyə nə qədər ziyan vurdu? –
“Zəlzələ nəticəsində Türkiyəyə dəyən zərərin minimum həcmi 73.049 milyard dollar olacağı təxmin edilir”.

Bunu Teleqraf.com-a açıqlamasında türkiyəli professor Mustafa Yıldıran deyib.

İqtisadçı qeyd edib ki, zəlzələnin mənəvi qiyməti heç bir şəkildə hesablana bilməz: “Zəlzələ nəticəsində bölgə üçün böyük iqtisadi itkilər meydana gəlib. Bu təbii fəlakətin iqtisadi nəticələri də qiymətləndirilməlidir. Çünki yenidənqurma və iqtisadi itkilərin kompensasiyası üçün hesablamalar vacib olacaq.

Birincisi 7,7, ikincisi isə 7,6 bal gücündə olan iki böyük zəlzələdə Kahramanmaraş, Hatay, Adıyaman, Osmaniye, Kilis, Adana, Qaziantep, Şanlıurfa, Malatya və Diyarbəkir bölgələrində böyük dağıntılar oldu. Daha dəqiq hesablama inventar məlumatlarının və itkilərin aşkarlanması hesabatları ilə mümkündür. Bu hesabatlar ortaya çıxandan sonra zəlzələnin xərcləri ilə bağlı işlərin reallığı da asanlaşacaq.

Zəlzələdən zərər çəkmiş 10 vilayətin iqtisadiyyatdakı payı 8,9% təşkil edir. Xüsusilə Qaziantep, Osmaniyə və Kahramanmaraş bölgənin və Yaxın Şərqin əhəmiyyətli sənaye mərkəzləridir. Zəlzələdə İskəndərun limanı, dəmir yolları, avtomobil yolları, şəhər infrastrukturları və hava limanları da ciddi ziyan görüb. Ona görə də faktiki xərclərin hesablanmasında mühəndis-texniki hesablamalar da aparılmalıdır. Çünki yollarda istifadə olunan materiallar və texniki xüsusiyyətlər haqqında məlumatlar ancaq sahə üzrə mütəxəssislərin hesabına ölçülə bilər.

Bundan əlavə, Malatya, Hatay, Osmaniye, Kilis, Qaziantep, Şanlıurfa və Kahramanmaraş Türkiyənin kənd təsərrüfatının əhəmiyyətli mərkəzləridir. Kənd təsərrüfatı sektoruna əsaslanan sənaye, qastronomiya, turizm və logistika baxımından da böyük itkilər var. Zəlzələnin iqtisadi təsirlərini dəqiq ölçmək üçün ən azı 2023-cü ilin statistikasının dərc olunması gözlənilməlidir. Bununla belə, zəlzələnin təxmini dəyəri ilə bağlı nəticə çıxarmaq da qarşılaşdığımız problemin miqyasını anlamaq baxımından əhəmiyyətli olacaq.

İqtisadiyyat üzrə zəlzələnin hesablanmasında mühasibat uçotu metodları, ekonometrik və ssenari təhlili kimi üsullardan istifadə etmək mümkündür. Maddi zərərin hesablanmasında binalar, müxtəlif qurğular və nəqliyyat vasitələri kimi aktivlər üçün birbaşa xərclər hesablana bilər. Amma daha vacib alternativ xərclər ümumi daxili məhsuldakı (ÜDM) itkiləri hesablamaqla mümkün olacaq. Əvəzetmə və alternativ xərclərin cəmi dolayı xərcləri verəcəkdir. Bu hesablama götürülən meyarlara görə dəyişəcək. Çünki təxmini vahidlər və dəyərlər də hesablamaların nəticələrinə təsir göstərir”.

Zəlzələnin ehtimal xərcləri

Mustafa Yıldıran zəlzələdə dəyən zərərlə bağlı ilkin hesablamanın beynəlxalq qurumlar tərəfindən aparıldığına diqqət çəkib: “Qiymətləndirmə agentliyi “Fitch Ratings” hesablamalarına əsasən, sığorta şirkətləri minimum 2-4 milyard dollar itirəcək. Binalara, nəqliyyat vasitələrinə və müxtəlif qurğulara dəymiş zərər açıqlanana qədər bu hesabın yekunlaşdırılması mümkün deyil.

Bizim hesablamalarımıza görə, binalara dəymiş maddi zərərin həcmi 4,5 milyard dollar civarında olacaq. Müxtəlif avadanlıqlar və nəqliyyat vasitələri də daxil olmaqla, mümkün itkilərin ümumi məbləği təxminən 12,3 milyard dollar ola bilər. İnvestisiya müddəti nəzərə alınmaqla yenilənmə xərclərinin 22,1 milyard dollar ətrafında olacağı ehtimal edilir, buraya inflyasiya artımı və faiz xərcləri də daxildir.

Ən çətin qiymətləndirmə isə, milli gəlir itkiləridir. İllik istehsalın yarısının dayanacağı fərziyyəsinə əsaslansaq, burada təxminən 39 milyard dollar itki mümkündür.

Ümumi xərclər isə, minimum 73 milyard dollar kimi hesablana bilər. 2023-cü ildə ehtimal olunan zəlzələ xərclərinin milli gəlirə nisbəti 9%-ə yaxın praqnozlaşdırılır. Bu hesablamada insan kapitalının məhsuldarlığı, mümkün miqrasiya nəticəsində yaranan əmək itkiləri, infrastruktur və nəqliyyat xərcləri olmadığı üçün bu, təxmin üçün minimum dəyər kimi nəzərə alınmalıdır”.

"Dövlət və cəmiyyət olaraq zəlzələnin məhv etdiyi insani və iqtisadi gücümüzü bərpa etməmək üçün zəlzələlərə qarşı tədbir alan bir millət olmalıyıq. Allah ölkəmizi bəlalardan qorusun!”, deyə sonda professor fikirlərinə əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.