“Azərbaycan belə bir təşəbbüslə çıxış edərsə, sivil dünya da bizi alqışlayar” -Qüdrət Həsənquliyev
20-02-2023, 09:09
TEREF.AZ yazır ki, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev gündəmin aktual mövzuları ətrafında Moderator.az-ın bir neçə sualını cavablandırıb:
– Qüdrət bəy, Türkiyə və Ermənistan arasında hansısa razılaşmaların olması barədə Paşinyanın dediklərinə inanmaq olarmı?
– Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələrin qurulması və sərhəd keçid məntəqəsinin açılması barədə danışıqlar gedir ,bu məqsədlə işçi qrup yaradılıb və ictimaiyyətə də danışıqlar prosesinə ziyan vurmayacaq həddə müəyyən informasiyalar verilir.
– Əgər doğrudan da ortada razılaşmalar varsa, niyə bunu Türkiyə tərəfi yox, məhz Paşinyan açıqlayır?
– Diplomatiyada qəbul olunmuş bir ənənədir ki, danışıqların nəticələrinin hansı tərəfin xalqında daha çox qıcıq yaratma ehtimalı varsa, həmin tərəf beynəlxalq birliyə bu barədə məlumat versin.
– Azərbaycan Respublikası Prezidentinin Ermənistanla sərhəddə gömrük keçid məntəqələrinin yaradılması barədə təklifinə münasibətiniz necədir?
– Necə olmalıdır ki? Çox yaxşı. Xalqımızın istədiyi də budur. Ermənistan razı olmasa da bunu etmək lazımdır.
– Ermənistan razı olmasa onu necə yola gətirmək olar ki? Bəlkə hansısa qeyri-adi cəlbedici təşəbbüslər Ermənistanı inadından döndərər…
– Mən çox istərdim Azərbaycan Ermənistana və Gürcüstana təklif etsin ki, Avropa İttifaqı modelində bir birlik quraq. Bu Cənubi Qafqazda yeni münaqişə və qarşıdurmaları aradan qaldırar. Biz övladlarımıza, gələcək nəsillərə daha təhlükəsiz və firavan həyat təmin edə bilərik.1870-1945 ci illərdə Almaniya və Fransa arasında 3 dağıdıcı müharibə olmuşdu.1951-ci ildə Fransa və Almaniyanın liderliyi ilə Avropa İttifaqının əsası sayılan “Avropa Kömür və Polad İttifaqı” iqtisadi maraqlardan daha çox gələcək müharibələri önləmək, təhlükəsizlik məqsədilə yaradılmışdı. Biz də Ermənistanla belə bir birliyə nail olsaq, onda nə dəhlizlərə, nə sərhəd-keçid məntəqələrinə ehtiyac qalacaq. İqtisadi, humanitar, mədəni əlaqələr yaranacaq, malların sərbəst dövriyyəsi, azad gediş-gəliş olacaq. Buna nail olsaq, bölgə çiçəklənər, təhlükəsizlik təmin olunar. Bizim qardaş Türkiyə ilə də gediş-gəlişimiz, əlaqələrimiz də xeyli asanlaşar. Hesab edirəm ki, Azərbaycan belə bir təşəbbüslə çıxış edərsə, sivil dünya da bizi alqışlayar.