Ölümüzə Quranı pulla oxutdurmalıyıq? - “Yasin” surəsində deyilir ki, ...” - İlahiyyatçılardan ŞƏRH

21-02-2023, 00:16           
Ölümüzə Quranı pulla oxutdurmalıyıq? -
Mirzə Ələkbər Sabir, Ə.Haqverdiyev, C. Məmmədquluzadə kimi Azərbaycan ədəbiyyatının bir çox görkəmli nümayəndələrinin əsərlərinə qonaq olan, lakin heç cür çıxıb getmək bilməyən “molla əmi”lər həm dirilərin, həm də ölülərin həyatında öz yerlərini hələ də qoruyub saxlayıblar.

Aha, səs salma, ölən var, deyəsən!
Gedəsən yağlı plovdan yeyəsən.
Sən yetim fikri nə cür cəmləyəsən?!
Buğlanır yağlı qazan, molla əmi.
Nə şəriət, nə Quran, molla əmi?!

Düz olan düzdə qalıbdır, ay ağa,
Bəxt açıb, cadu elə, get qabağa,
Fars dilində yaz "anekdot" varağa.
Əşi, kimdir baş açan, molla əmi?!
Nə şəriət, nə Quran,molla əmi?!

Qəbiristanlıqlarda ölən insanlar üçün pulla dua oxuyan, hətta bunun üçün bir-biri ilə dava edən kifayət qədər mollalara rast gəlmək mümkündür. Bəs pul verib Quran oxutdurmaq düzgündürmü? Quranı qazanc mənbəyinə çevirmək nə dərəcədə doğrudur?

Məsələ ilə bağlı 1news.az-a fikir bildirən ilahiyyatçı Hacı Şahin Həsənli mollaya Quran oxutdurmağın vacib bir əməl olmadığını söyləyib.

“Yaxşısı odur ki, dünyadan köçən yaxınları üçün insan özü Quran oxusun və Quranın savabını dünyadan köçən insanlara hədiyyə etsin. Bu ehsan adlanır. Ehsan təkcə yemək verməklə deyil, həm də istənilən bir yaxşı əməli edib onu dünyadan köçmüş insanlara hədiyyə etməkdir. Amma Quran oxumaq vacib bir əməl olmadığından onu özümüz yox, başqası oxuyursa, dinimiz həmin insana oxuduğunun qarşılığı olaraq hədiyyə kimi nə isə verməyi qadağan etmir. Ancaq diqqət edilməli məsələlərdən biri budur ki, qəbiristanlıqda din xadimi kimi tanınan insanlar nə dərəcədə doğru-düzgün Quran oxuya bilirlər? Ümumiyyətlə bu barədə gərək inandığımız şəxslərə müraciət edək. Bu prosesə heç kəs nəzarət etmir. Çünki müvafiq qurumlar ancaq ibadət yerlərində fəaliyyət göstərən din xadimlərini təyin edirlər, onların attestasiyasını həyata keçirirlər. Yəni belə insanların nə dərəcədə doğru-düzgün Quran oxuması məlum deyil.

Ümumiyyətlə insan dini gəlir vasitəsinə çevirməməlidir. Bir daha qeyd edirəm ki, insana oxuduğu attestasiyanın qarşılığında nə isə verilirsə, bu günah deyil. Amma bu bir adət halını alırsa, insan öz güzəranını yalnız din vasitəsilə təmin edirsə, dinimiz bu şəkildə yaşamağı bəyənmir. Allahın kitabına sırf qazanc mənbəyi kimi baxmaq kökündən yanlışdır.

Hər gələn insanı bir müştəri kimi görmək, həmin insanların uğrunda rəqabət aparmaq dinimizə də kölgə salır. Çünki bütün bunlar İslam əxlaqına yaraşmayan hərəkətlərdir.

Yaxşı olar ki, insanlar dini istiqamətdə maariflənsinlər. Əgər insan müsəlmandırsa, o qaydaları özü də mənimsəyə bilər, dünyadan köçmüş insanlara özü hansısa savab əməllərini hədiyyə edə bilər. Mən heç kəsə deyə bilmərəm ki, Quran oxutdurmayın. Amma bu məsələlərdə diqqətli olmaq lazımdır ki, bizim dinimizdən, imanımızdan kimsə sui-istifadə etməsin. Bu işləri səlahiyyəti olan insanlara həvalə etmək lazımdır”.

İlahiyyatçı Elşad Miri isə İslamda ölüyə Quran oxutdurmaq anlayışının olmadığını qeyd edib.

“Bizə o qədər ənənəvi, yanlış anlayışı gətirib din kimi təqdim ediblər ki, indi deyəndə qəribə gəlir. Baxın, İslamda ölüyə Quran oxutmaq yoxdur. İslamda din xadimi anlayışı yoxdur. Bunlar sonradan ortaya çıxarılmış dini iyerarxiyalardır. İslam dini yaşayanlar üçün nəzərdə tutulub, ölənlər üçün yox. Quranda “Yasin” surəsinin 70-ci ayəsində deyilir ki, Quran dirilər üçündür. Amma biz Quranı ölülərə oxuyuruq. Ölü bunu eşitmir. Eşitsə belə ərəb dilini bilmirsə, ona Quran oxumağın faydası varmı?

Allahın göndərdiyi dinə alternativ bir din formalaşdırıblar, adını “İslam” qoyublar. Həmin “İslam”da da din xadimlərini ortaya çıxarıblar və onlar heç bir yerdə işləmədən, ölüyə Quran oxuyaraq, ayinlər, rituallar, mərasimlər edərək bizneslə məşğul olurlar.

İnsanlar düşünsünlər. Təsəvvür edin ki, yol hərəkəti qaydasını pozan bir sürücü qəza törədir və ölür. Polisin sonradan gəlib yol hərəkəti qaydalarını ölmüş sürücüyə oxutmasının bir faydası var?”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.