Ermənistan ordusu çalxanır! - General dünən “qəhrəman” idi, bu güncinayətkar!
21-02-2023, 22:17
“Bu, Ermənistanın "Dəmir yumruq" zərbəsindən özünə gəlmədiyinin göstəricisidir"
Ermənistanın İstintaq Komitəsi general-mayor Qriqori Xaçaturovu saxlayıb. Ölkə mediasının məlumatına görə, onun həbsi ilə bağlı vəsatət hazırlanır. 3-cü Ordu Korpusunun keçmiş komandiri baş prokuror Anna Vardapetyan keçmiş müdafiə naziri Seyran Ohanyanın cinayət təqibi üçün parlamentdən icazə aldıqdan sonra saxlanılıb.
Hər iki keçmiş yüksək rütbəli hərbçi iki hərbi hissənin ərazisini satmaqla dələduzluqda ittiham olunur. Ohanyan artıq bəyan edib ki, bunlar köhnə və dağılmış tikililər, istismar olunmayan və büdcəyə əlavə xərc mənbəyi olan torpaqlar olub.
Hadisəni "Sherg.az"a dəyərləndirən hərbi ekspert Ədalət Verdiyev söyləyib ki, Paşinyan rəqiblərini zərərsizləşdirməklə məşğuldur:
"Paşinyan Qriqorinin atası Yuri Xaçaturovu da həbs etdirmişdi. Yuri Xaçaturov Ermənistan ordusunun baş qərargah rəisi olub və 2008-ci ildəki İrəvan mitinqlərində Koçaryanın tərəfində yer alıblar. Ata Xaçaturov 2018-ci ildə KTMT-nin baş katibi olaraq vəzifədən azad edildi və daha sonra həbsə atıldı. Ümumiyyətlə bunlar daha çox Paşinyanın rəqiblərini zərərsizləşdirmək kompaniyası kimi anlaşılsa daha yaxşı olar".
Ekspertin sözlərinə görə, bu hadisələr fonunda Ermənistan tərəfinin revanşa hazırlaşmasından danışmaq düzgün deyil:
"Çünki revanşa hazırlaşanlar daha çox hakimiyyətdə təmsil olunanlardır. Qriqori Xaçaturov 2017-ci ildəki Tovuz hadisələri zamanı həmin istiqamətdə korpus komandiri idi. O vaxtı onu ilahiləşdirmişdilər.
Sonradan isə onun fəaliyyətlərində müəyyən çatışmazlıqlar oldu. Hətta onun bölmələrindən birində xidmət edən 4 əsgəri sərxoş vəziyyətdə döyməsi barəsində də məlumatlar yayıldı.
Hər bir halda erməni generallarının həbsi, ölkədə hələ də çalxalanmanın davam etməsi deməkdir.
Onlar dünən “qəhrəman” elan etdiklərini, rahatlıqla bu gün cinayətkara çevirə bilirlər. Bu, Ermənistanın "Dəmir yumruq" zərbəsindən özünə gəlmədiyinin göstəricisidir".