Alıcılara evlərin zəlzələyə davamlı olması barədə sənəd verilir?

22-02-2023, 00:09           
Alıcılara evlərin zəlzələyə davamlı olması barədə sənəd verilir?
Fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda baş verən və zəlzələ nəticəsində 41 mindən çox insanın ölümü Azərbaycanda da əmlak bazarına təsirsiz ötüşməyib.

Belə ki, Bakının əmlak bazarında vətəndaşlarda zəlzələ fobiyası yaranıb. Zəlzələdən sonra yeni tikilən binalardakı mənzil satışında da durğunluq hiss olunur. Ekspertlər hesab edir ki, buna səbəb qonşu ölkədə zəlzələnin ən çox yeni tikili binaları dağıtmasıdır.
Digər tərəfdən, həmin binaların zəlzələyə davamlı olması barədə reklamların verilməsi, daha sonra bu reklamın özünü doğrultmaması da insanları qorxudur.

Maraqlıdır, Azərbaycanda binaların zəlzələyə dayanıqlı olması barədə vətəndaşlara sənəd verilir?

Cebhe.info-ya açıqlamasında əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, zəlzələ ilə bağlı hər hansı sənəd verilmir:

"Azərbaycanda vətəndaşlara satılan daşınmaz əmlakların zəlzələyə davamlılığı ilə bağlı hər hansı bir sənəd verilmir. Yeni tikili binalar inşa olunan zaman onun zəlzələyə davamlılığı aidiyyəti qurumlar tərəfindən yoxlanılır. Lakin köhnədən tikilən binalarda isə bu belə deyil.

Köhnədən tikilmiş binların böyük əksəriyyəti istismar müddətini bitirdiyinə görə, artıq onların zəlzələyə davamlılığı ilə bağlı rəyin bildirilməsi yalnız aidiyyəti qurumlar tərəfindən yoxlamalar aparıldıqdan sonra bilinə bilər. Məhz fərdi yaşayış evlərində də vəziyyət belədir.

Vətəndaş özü üçün fərdi həyət evi tikdirirsə, tikintinin möhkəmliyini nəzərə alırlar, amma zəlzələyə davamlı olmasını bilə bilməzlər. Bunu yalnız mütəxəssislər yoxlayıb sonra məlumat verə bilərlər.

Biz gördük ki, Türkiyədə satılan binaların zəlzələyə davamlı olması barədə öncədən reklamlar gedib. Amma zəlzələdən sonra bunun reklam xarakteri daşıdığı bəlli oldu.

Zəlzələyə davamlılıqla bağlı məlumatlar reklam xarakterli deyil, birbaşa rəsmi qurumlar tərəfindən verilməlidir ki, vətəndaşlarda əminlik yaransın və bütün qorxu hissi silinsin".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.