Qarabağda Vardanyanla bağlı “pat vəziyyəti”
22-02-2023, 08:37
Ekspert: “İlham Əliyev Vardanyandan əvvəlki status-kvonu bərpa etməkdə israrlıdır”
Azərbaycan Qarabağ erməniləri ilə qarşılıqlı əlaqə qurmağa hazırdır, amma Ruben Vardanyan oradan uzaqlaşdırıldıqdan sonra. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransının plenar iclasında çıxışı zamanı deyib.
“Biz bunu yalnız Rusiya vətəndaşı, çirkli pulların yuyulması əməliyyatlarında iştirak edən kriminal oliqarx Vardanyan Azərbaycan ərazisindən çıxarıldıqdan sonra edəcəyik”, – Əliyev deyib.
“Bu gün mən bunu ABŞ dövlət katibi Blinkenin yanında erməni həmkarıma dedim”, – Əliyev vurğulayıb.
“Biz Qarabağdakı erməni azlığı ilə danışmağa hazırıq – lakin Rusiyadan oraya ixrac edilənlərlə deyil, Qarabağda doğulub yaşayanlarla. Ola bilsin, “ixrac edilib” sözü yetərincə düzgün deyil. Daha doğrusu, gizli şəkildə ora atılan deyilməlidir”, – o, sözünə davam edib.
Əliyev hesab edir ki, Azərbaycanın Ermənistanla münasibətlərinin normallaşması və Bakı ilə Qarabağın erməni əhalisi arasında münasibətlərin qurulması paralel həll edilməməlidir.
“Bizim beynəlxalq tərəfdaşlarımızla razılaşdırılıb ki, Qarabağdakı erməni azlığın hüquq və təminatları müzakirə olunacaq. Biz buna hazırıq. Amma erməni icmasının o üzvləri ilə ki, onlar Qarabağda doğulublar, bütün ömürlərini orada yaşayıblar”.
Beləlikə, Vardanyan haqqında dövlət başçısının özü açıq mətnlə danışıb.
Artıq Ermənistan mediası separatçıların “dövlət naziri” Ruben Vardanyanın tezliklə istefaya gedəcəyini açıqlayır. Guya ki, “Artsaxın (Xankəndi-red.) dövlət naziri Ruben Vardanyanın istefası ilə bağlı müəyyən müzakirələr var, onun nəticələri yaxın günlərdə məlum olacaq”.
Maraqlıdır, Vardanyanın uzaqlaşdırılması Bakı üçün niyə bu qədər prinsipial məsələyə çevrilib? Vardanyan doğrudan da elə güclü fiqurdur ki, Azərbaycan hakimiyyəti ilə Qarabağ erməniləri arasında hər hansı təmasın qarşısını ala bilsin? Yoxsa onun Qarabağda olmasına kəskin etiraz üçün Bakının başqa səbəbləri var?
Beynəlxalq məsələlər üzrə ekspert Elman Fəttah Press Klubun suallarını cavablandırıb.
O, xatırladıb ki, Ruben Vardanyanın Xankəndinə “atılmasından” sonra Ermənistan mətbuatında dərc olunan və rəsmi Bakı tərəfindən təkzib olunmayan məlumatlardan məlum olub ki, Azərbaycan rəhbərliyi ilə Qarabağ ermənilərinin nümayəndələri arasında bir neçə dəfə görüş olub.
“Lakin Vardanyanın gəlişindən sonra bu əlaqələr kəsildi. Mənim gəldiyim qənaət belədir: Moskva Vardanyanın timsalında öz diversantını məhz ona görə Xankəndində yerləşdirdi ki, rəsmi Bakı ilə Qarabağ erməniləri arasında əlaqələri arzuolunmaz hesab edirdi. Səbəb odur ki, rəsmi Bakı ilə Qarabağ erməniləri arasında bu və ya digər formada intensiv təmaslar gələcəkdə müəyyən razılaşmalarla nəticələnə bilər. Belə olan halda, Kremlin bölgədə olması öz əhəmiyyətini itirəcək. Belə bir ssenari Moskva üçün qəbuledilməzdir, lakin Bakı üçün çox arzuolunandır və buna görə də İlham Əliyev Vardanyandan əvvəlki status-kvonu bərpa etməkdə israrlıdır. Yəni, Bakı ilə Qarabağ erməniləri arasında təmasların qarşısını almaq səlahiyyətləri Vardanyanda deyil, onu Xankəndinə göndərən Moskvadadır.
İlham Əliyev Münhen Təhlükəsizlik Konfransındakı çıxışında 44 günlük müharibədən sonra ilk dəfə olaraq yeni yanaşma nümayiş etdirdi. Cənab Əliyev 2020-ci il noyabrın 10-da imzalanmış məşhur bəyannamənin mühüm müddəalarından birini dayandırmaq, Qarabağ erməniləri ilə Ermənistan arasında əlaqəni təmin edən və indiyədək maneəsiz fəaliyyət göstərən keçidin (dəhlizin) sərhəd keçid məntəqəsi ilə əvəz olunmasını tələb etmək niyyətində olduğunu bildirdib. Yəni, rəsmi Bakı Rusiyanın “sülhməramlı” qüvvələrinin məsuliyyət zonasında razılaşdırılmış şərtləri dəyişmək niyyətindədir.
Bu, Rusiya hərbi kontingentinin Qarabağa yerləşdirilməsi kontekstində İlham Əliyevlə Kreml arasında kəskin münaqişənin əlamətidirmi? Mən belə düşünmürəm. Mən şübhə etmirəm ki, cənab Əliyev və Putin arasında daha qlobal səviyyədə ciddi ümumi maraqlar var. Bu ümumi maraqlar, eləcə də sürətlə Qərbə yaxınlaşan Ermənistanın Azərbaycanla Naxçıvanı birləşdirəcək maneəsiz keçidə razılaşmaması hər iki lideri Laçın dəhlizində sərhəd-keçid məntəqəsinin yaradılması məsələsində razılığa sövq edə bilər. Laçın yolunda keçid məntəqəsi tikilsə, bu, Putinin istəyinə zidd olaraq deyil, Putinin razılığı ilə olacaq. Nəticədə, rəsmi İrəvanla Xankəndi arasında təmaslar məhdudlaşdırılacaq və bu halda Kreml Qarabağ ermənilərinə daha da böyük təsir göstərmək imkanı əldə edəcək”, – deyə E.Fəttah yekunlaşdırıb.