ABŞ hərəkətə keçdi: Azərbaycan üçün tarixi fürsət - NƏ ETMƏLİ?

24-02-2023, 10:15           
ABŞ hərəkətə keçdi: Azərbaycan üçün tarixi fürsət - NƏ ETMƏLİ?
“Atlas” araşdırmalar mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf.com-un suallarını cavablandırıb.

TEREF.AZ onunla müsahibəni təqdim edir:

- Ermənistan mətbuatında bir “sənəd” dolaşır. Buna görə, Ermənistan rəhbərliyi Qarabağın dağlıq hissəsini tamamilə Azərbaycana təhvil verməyə hazırlaşır, İrəvan bu məsələdən uzaqlaşır və heç bir vasitəçinin iştirakı olmadan proses Azərbaycanın suverenliyi çərçivəsində həllini tapır. Üstəgəl, bunda ABŞ-ın maraqlı olmasına diqqət çəkilir. Sizcə, belə bir iddiaya nə qədər inanmalıyıq?

- Adətən Ermənistan mətbuatında yayılan məlumatları, iddiaları şərh etmirəm. Çünki bunlar ya dezinformasiya ola, ya da rəqibləri bunlardan Nikol Paşinyan əleyhinə istifadə edə bilər. Həmin kəsim iddia edir ki, Paşinyan “Ermənistanın maraqları”nı Azərbaycana satır. Amma erməni mətbuatının iddialarını bir kənara qoyub, məsələyə ümumi yanaşsaq, bizim tələblərimiz bəllidir. Tələbimiz budur ki, İlham Əliyev də Münxendə səsləndirdi, Laçın yolunda bizim sərhəd xidmətimiz yaradılmalıdır. Bunun alternativini görmürəm. İkincisi, iki ildən sonra Rusiya sülhməramlılarının ərazilərimizi tərk etməsini təmin etməliyik. Lavrov fevralın 27-də Bakıya gələcək, zənnimcə, bu məsələ də müzakirə olunacaq. Üçüncüsü, separatçılar tərksilah edilməlidir.

İndi bizdən tələb edirlər ki, erməni icması ilə dialoqa gedək. Biz bundan imtina etmirik. Amma elə adamlar olmalıdır ki, Azərbaycana qarşı işlədilmiş cinayətlərdə əlləri olmasın. Belə ermənilərlə dialoqa razıyıq.

Ruben Vardanyana gəldikdə, Azərbaycanın mövqeyi budur ki, o, Qarabağda doğulmayıb və bura aidiyyəti yoxdur, gəlib təxribatla məşğuldur, ərazilərimizi tərk etməlidir. Gələn məlumatlara görə, Vardanyan yaxın vaxtlarda “vəzifə”sindən çıxarılacaq. Amma bu o demək deyil ki, bizim tələbimiz tam yerinə yetirilir. Vardanyan “vəzifə”sindən çıxarılsa belə, bölgəni tərk etməyə, oradakı hansısa “hərəkat” və ya “partiya”nın sükanı arxasına da keçə bilər. Bu da əlavə gərginlik yaradacaq.

- Ümumilikdə isə Ermənistanın ictimai-siyasi çevrələrində ABŞ-a bir etiraz var. Ermənilər Amerikanı Azərbaycanın xeyrinə vasitəçilikdə ittiham edirlər. Həqiqətənmi ABŞ obyektivdir və onun vasitəçiliyi maraqlarımıza uyğundur?

- Məncə, obyektivdir. Amerikanın vasitəçiliyi bizim üçün faydalıdır. İlham Əliyev də Münxendə Paşinyanla Blinkenin vasitəçiliyi ilə görüşdü. Yəni bizim Amerikanın vasitəçiliyinə etirazımız yoxdur. İlham Əliyev üç istiqamətdə danışıqlara hazır olduğunu və prosesi davam etdirəcəyini bildirdi. Bura Brüssel, Vaşinqton və Moskva formatları daxildir. Fransa formatını qəbul etmirik, səbəbləri də bəllidir, çünki ermənipərəst mövqelərdən çıxış edir.

Ədalət naminə deyək ki, Vaşinqton balanslı mövqedə dayanıb, bölgədə sülh və əməkdaşlıq istəyir, bizə də təzyiq etmir. Niyə onun vasitəçiliyini istəməməliyik? Özü də dünyanın superdövlətidir. Ola bilsin ki, ermənilərdən kimlərsə ABŞ-dan narazıdır. Çünki Ermənistanda kifayət qədər ruspərəst qüvvələr var və Vaşinqtonun bölgədə fəallaşmasını istəmirlər.

Bizə gəldikdə, dediyim kimi, Vaşinqtonun fəallığı maraqlarımıza uyğundur. Çünki Amerikanın istəyi də budur ki, Rusiyanın Cənubi Qafqaz ölkələrinə təsiri azalsın. Vaşiqnton Msokvaya da mesaj göndərir ki, bura sənin “arxa bağça”n deyil.

- Rusiya isə Bakı və İrəvan arasında birbaşa kanalların açılması, Qərbin fəallaşması fonunda kifayət qədər passiv görünür. Hesab etmək olarmı ki, Rusiya prosesdən kənarlaşır və ya təsir imkanları sıradan çıxır?

- Təsir imkanları azalır, məncə, prosesdən kənarlaşdırıldığı haqda danışmaq hələlik doğru olmaz. Rusiyanı fiziki cəhətdən prosesdən tam kənarlaşdırmaq mümkün deyil, çünki bölgə ölkəsidir, imperiya maraqları var. Biz Rusiyada xoş niyyət də görmürük, ərazilərimizdə separatizmə dəstək verir. Amma nə Azərbaycan, nə də Ermənistan Rusiyanı tam kənarlaşdıra bilir. Hansısa formada dialoqda iştirak etməlidir. Çünki tam kənarlaşdırsaq, bölgədə çox böyük təxribatlara gedə, yəni bütün sülh prosesini dağıda bilər. Ona görə də format qalmalıdır, amma təsir imkanları azalmalıdır.

Zatən, İkinci Qarabağ Müharibəsindən sonra Rusiyanın bölgəyə təsir imkanları azalıb. Üstəgəl, Rusiya Ukrayna bataqlığından çıxa bilmir, bu da bizim xeyrimizədir. Çünki Ukraynada müharibə davam edərkən eyni şeyi Mərkəzi Asiya və Cənubi Qafqazda edə bilməz. Amma bölgədən tam çıxmayacaq. Yəqin ki, bunu biz də istəmirik, çünki bu halda bölgə ölkələrinə, eləcə də bizə qarşı təxribatları arta bilər. Bunu yaxşı bacarırlar.

- Sizcə, Avropa Birliyinin müşahidə missiyasının bölgəyə gəlməsindən sonra sərhəddə atəşkəsin pozulması Ermənistanın öz təxribatı idi, yoxsa bunu istəməyən Rusiyanın erməni ordusu daxilindəki şəbəkəsinin?

- Atəşkəsin pozulması mənim üçün də müəmmalıdır. Bu, Rusiyanın da maraqlarına cavab verə bilər. Çünki Avropa missiyası Ermənistana gəlib və Rusiya bunun əleyhinədir. Bu baxımdan, Avropa Birliyinin missiyasının problemlərini artırmaq üçün Rusiyanın müəyyən təxribatlara getməsi mümkündür. Ona görə də istisna etmirəm ki, sənin versiyan doğrudur, Rusiyanın Ermənistandakı “5-ci kolon”u atəşkəsi pozub ki, biz də cavab atəşi açaq. Bu təxribatlar Avropa Birliyinin missiyasının işini ağırlaşdıra bilər. Çünki bu missiyanın baş verənlərə müdaxilə statusu yoxdur, sadəcə müşahidəçidir. Amma atəşkəs pozulacaqsa, missiyanın fəaliyyət imkanları da məhdudlaşacaq. Rusiyaya da bu lazımdır.

- Bəs Ermənistanda kəskinləşən Qərb-Rusiya qarşıdurması bölgədə hansı riskləri yarda, bunun Azərbaycan üçün müsbət və mənfi cəhətləri nələr ola bilər?

- Ermənistan Rusiyadan qopsa, bunun bizə zərəri yox, faydası olar. Bizim illərdir məqsədimiz bu idi ki, Rusiyanın bölgəyə təsir imkanları azalsın. Rusiyanın əsas təsir imkanları da Ermənistan və Qarabağ separatçıları üzərindəndir. Ermənistana təsir imkanları azalıb, indi də separatçılardan istifadə edir. Çünki orada hərbi qüvvələri var. Bizim də məqsədimiz budur ki, həmin hərbi kontingenti ərazilərimizdən çıxaraq və separatçılar üzərindən bizə təsir imkanları olmasın.

Əlbəttə, Rusiyanın təsir imkanları zəifləyirsə və Qərb fəallaşırsa, bu, bizim xeyrimizədir. Türkiyə də bölgədə əsas oyunçulardan birinə çevrilib, Ermənistanla da dialoqu davam edir. Bu da bizim xeyrimizədir. Brüssel və Vaşinqton formatları da bizim üçün faydalıdır. Amerika ilə təhlükəsizlik sahəsində geniş əməkdaşlıq edirik, Avropa Birliyi ilə də enerji sahəsində. Ona görə də haradan baxsaq, Rusiyanın Ermənistana təsir imkanlarının azalması həm Azərbaycanın, həm də digər bölgə ölkələrinin faydasınadır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.