Ermənistan Rusiyadan şantaj vasitəsilə hansısa güzəştlər qoparmaq niyyətindədir - ŞƏRH
26-02-2023, 12:51
Ermənistanın sərhəd boyu təxribatlar törədəcəyi gözlənilən idi. Ermənistan sülh müqaviləsi barədə razılaşmaq, iki və ya üçtərəfli danışıqlara sadiq qalmaq, dialoqu inkişaf etdirmək əvəzinə regiona əlavə beynəlxalq oyunçular gətirməkdə daha çox maraqlıdır. Əldə olunmuş razılaşmalara Ermənistan əməl etmədikcə də sülhə təhdid yaranır.
Azərbaycan Prezidenti Münxendə regiondakı gerçək vəziyyətə iki istiqamətli yanaşmanın vacibliyini vurğuladı. Birincisi, Azərbaycanla Ermənistan arasında sülh danışıqları, ikincisi isə Azərbaycanın Qarabağdakı erməni əhalisi ilə əlaqələrin qurulmasıdır. Ermənistan mövcud reallıqları görməzdən gələrək Azərbaycanın beynəlxalq hüquqla təsbit olunmuş suverenliyinə qarşı başqalarının dəstəyinə arxalanaraq destruktiv fəaliyyətlərini davam etdirir. Vətən müharibəsi bitdikdən sonra Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları səviyyəsində imzalanmış bəyanatın bəzi müddəaları bu günə qədər yerinə yetirilmir. Həmçinin qanunsuz erməni silahlı birləşmələri tam olaraq Qarabağdan çıxarılmayıb. Rusiya və Qərb Azərbaycan–Ermənistan arasında sülh müqaviləsinin bağlanmasını istəyirsə, ilk növbədə, Ermənistana təzyiq göstərməlidirlər ki, həmin qeyri-leqal silahlı dəstələr Qarabağ ərazisindən tərksilah olunsunlar.
Bu fikirləri politoloq Tural Əliyev AZƏRTAC-a açıqlamasında söyləyib.
O deyib: “2022-ci ilin sentyabrında Ermənistanın sərhəddəki hərbi təxribatlarına Azərbaycan Ordusu layiqli cavab verdikdən sonra beynəlxalq ictimaiyyətə bir siqnal oldu ki, qarşı tərəf sülh tərəfdarı deyil. Ötən ilin oktyabr ayında Praqada Avropa İttifaqının (Aİ) iştirakı ilə Ermənistan ərazisində Azərbaycanla sərhəd rayonlarına iki aylıq müddətə mülki missiya göndərilməsi barədə qərar qəbul edildi. Dekabrda avropalı müşahidəçilərin missiyasının vaxtı başa çatdı. Ancaq Ermənistan öz təxribatlarını pərdələmək, başda Fransanın maraqlarını regiona “idxal” etməkdən ötrü yenidən müşahidəçilərin sərhədboyu ərazilərə, xüsusilə də daha uzun müddətə və çox sayda gəlməsini istəyirdi. Keçəndəfəki missiyadan fərqli olaraq mülki monitorinq qrupunun tərkibində silahlı jandarmanın və polisin yer alması regionda vəziyyəti stabilləşdirməyə deyil, ziddiyyətin dərinləşməsinə xidmət edir. Azərbaycan sülh danışıqlarına sadiq ölkə olaraq bölgədə barış və sabitlik naminə hər bir platformada ölkəmizin ərazi bütövlüyünü əsas şərt kimi nümayiş etdirir. Sülh birtərəfli olmur, bu prosesində ən azı iki subyektin iştirakı vacibdir. Ermənistan 28 il ərzində torpaqlarımızı işğal altında saxlasa da, beynəlxalq mexanizmlər işə salınmadı. Azərbaycan isə güc yolu ilə ədaləti bərpa etməklə yanaşı, yeni nəqliyyat və iqtisadi dəhlizlərin açılacağı halda Cənubi Qafqazın inkişafına təkan verəcək “yol xəritəsi”ni ortaya qoydu”.
Politoloqun fikirlərinə görə, Aİ missiyası Ermənistanın maraqlarına deyil, konkret olaraq sülhyaratma prosesinə töhfə verməli, regionda kommunikasiyaların açılmasına yardım etməlidir. Çünki bununla bağlı Ermənistan üzərinə öhdəlik götürüb, digər tərəfdən baş verənlərə düzgün qiymətləndirmə olmayanda zamanla yığılan neqativ davranışların acı nəticələri təsirsiz ötüşmür. Uzun sürən atəşkəs rejimindən sonra Ermənistanın yenidən təxribatlara əl atması çarəsiz durumundan xəbər verir. Artıq Ermənistan küncə sıxılmağının fərqindədir, onun manevr imkanları daralır və belə olan təqdirdə köhnə adətinə sadiq qalaraq pozucu hərəkətlərini təkrarlayır. Aİ-nin müşahidə missiyası isə əgər doğrudan da sülhün təminatına zəmanət olmaq istəyirsə, dərhal reaksiya verməlidir.
T.Əliyev qeyd edib ki, Rusiya və İran düşdükləri mürəkkəb qlobal siyasi durumdan irəli gələrək hadisələrə doğru, dürüst, tam qaydada təsir güclərini itirirlər. Ermənistanın təhlükəsizlik sisteminin Rusiyadan asılı olmasına baxmayaraq, onun Qərb silahlı institutlarını açıq şəkildə ölkəyə gətirməsində bir neçə amillər var. Birincisi, Ermənistan Rusiyadan şantaj vasitəsilə hansısa güzəştlər qoparmaq niyyətindədir. İkincisi, Rusiya-Ukrayna müharibəsinin yaratdığı geosiyasi konfiqurasiyada Ermənistan Rusiyanın orbitindən uzaqlaşmaq üçün addımlar atır. Hər iki halda bu Rusiyanın maraqlarına ziddir. İranın tutduğu mövqe isə regionda sadəcə Azərbaycan və Türkiyə tandeminə qarşı yönəlib. Belə ki, Azərbaycanın nüfuzuna xələl gətirsin deyə İran özünün düşmənləri ilə belə münasibət qurmağa hazır olduğunu artıq gizlətmir.
Ermənistanın seçimi geniş olmadığı üçün Azərbaycanla hərbi dildə danışmağın nəticəsini anlayır. Növbəti eskalasiya isə Ermənistan üçün daha sarsıdıcı olacaq. Tarixə nəzərə salsaq görərik ki, hər zaman reallaşan həqiqətlərdən biri də başqasının yalan vədinə və gücünə güvənərək öz əlçatmaz maraqlarını həyata keçirməyi planlaşdıran istənilən qüvvənin sonda özgə maraqlarının torunda ilişib qalmasıdır.