Hökümətimizin mövcudluğu yüksək mərkəzi güc üzərində qurulub, gücünün zəifləməsini özünə təhlükə hesab edir - Bələdiyyə müzakirələri
27-02-2023, 11:44
“Bələdiyyə mövzusunda açıqlamalar verən millət vəkillərinin bələdiyyə haqda dərin bilikləri yoxdur”
Son günlər Milli Məclisin Regional məsələlər komitəsində bələdiyyə müzakirələri aparılır. Müzakirələrdə əsas problemin bələdiyyələrin sayının çox olduğundan qaynaqlandığını vurğulayan deputatlar bu günə qədər yarıya qədər azaldılmış bələdiyyələrin sayının daha da azalmasının vacibliyindən danışırlar.
-Bələdiyyələrin yaradılışına zidd olan bu addımın atılması rəy sorğusu keçirmədən, bələdiyyələrin özündən, xalqdan razılıq alınmadan həyata keçirilirsə nə dərəcədə doğrudur?
-Bələdiyyələrin hazırkı vəziyyəti, gələcək perspektivlər, hakimiyyət dairələrində aparılan müzakirələr, bu fonda ictimaiətə verilən açıqlamalar bələdiyyələrin gələcəyi haqda hansı proqnozları verməyə kömək edir?
-Azərbaycanda mövcud bələdiyyə sistemi ilə nə etmək istəyirlər?
-Nümayəndəlik institunun yaradılması səlahiyyətsiz bələdiyyələrin daha da gücsüzləşməsinə təkan verəcək?
Belediyye.net mütəxəsislərin köməyi ilə məsələni aydınlaşdırmağa çalışıb.
İdarəetmədəki paralelliyi aradan qaldırmaq lazımdır
İqtisadçı Fərid Mehralıyev əslində bələdiyyələrin sayının azaldılmasının tərəfində olduğunu bildirir. İqtisadçı deyir ki, amma biz bələdiyyələrin sayını azaltsaq da problemi həll etmiş olmuruq. Çünki əsas səbəb bələdiyyələrin sayının çox olması yox, maliyyə resurslarının, səlahiyyətlərinin olmaması ilə bağlıdır. Bu problemi həll etmək üçün onların sayını azaltmaq kifayət etməyəcək. Bələdiyyələrin maliyyə resurslarını, səlahiyyətlərini artırmaq lazımdır. İdarəetmədəki paralelliyi aradan qaldırmaq lazımdır ki, eyni işi həm bələdiyyələr, həm də icra hakimiyyətləri görmək məcburiyyətində qalmasın. Nümayəndəlik institutu məsələsinə gəlincə. Görürük ki, regional yanaşılan məsələdir. Biz bundan öncə də, digər sahələrdə də regional yanaşmanı gördük. Proseslerə ayrılıqda hər rayonda yox, regional nəzarət etmək istəyirlər. Bələdiyyələrlə bağlı ilkin konturlar açıqlanmayıb. Bu məsələ seçki üzərində qurulan bir institutdur. Ancaq düşünmürəm ki, hökümət hər kəsin diqqət mərkəzində olan seçki prosesi yaratmaq istəyir. Yəqin ki, fərqli bir şey olacaq. Amma heç bir halda səlahiyyətlərin və maliyyə resurslarının artırılmasını gözləmirəm.
Almaniyada 980 nəfər sakini olan bələdiyyənin illik büdcəsi 23 milyon evrodur
İqtisadi Resursların Öyrənilməsi Mərkəzi İctimai Birliyinin sədri Ruslan Atakişiyev deyib ki, bələdiyyə sistemi demokratik sistemin sütunlarından biridir. Avropa, qərb cəmiyyətlərinə baxanda görürük ki, yerli özünüidarəetmə sistemi daha çox inkişaf edib. Azərbaycanda bələdiyyə sisteminin formalaşması əsasən avrointeqrasiya çərçivəsində, Avropa birliyinin tövsiyəsi əsasında formalaşırdı deyə bizdəki idarəetmə məsələləri hələki səthidir.
Ekspert təcrübələrini paylaşıb: Mən özüm Almaniyada bələdiyyə idarəçiliyi ilə bağlı səfərlərdə olmuşam. Avropa ölkələrində idarəetmə sistemi aşağıdan yuxarıya doğru gedir. Bizdə isə əksinədir. Ona görə də, bizdə yuxarıdan aşağıya nüfuz etmə, yuxarıdan aşağıya idarəetmə və təşəbbüsləri görürük. Bələdiyyələrlə bağlı problem burada yaranır. Bu məsələlərdə Vətəndaş Cəmiyyətinin, yerlərdə vətəndaşların özlərinin müstəqil şəkildə qərarvermə, idarəetmə məsələləri önə çıxmalıdır. Bu problemdən qaynaqlanaraq bələdiyyələr tam şəkildə inkişaf edə bilmir. Bələdiyyələrin sayının azaldılması, birləşdirilməsi problemin həllinə təsir etməyəcək. Almaniyada 980 nəfər sakini olan bir bələdiyyənin illik büdcəsi 23 milyon evrodur ki, bu da onların müstəqil şəkildə qərar verməsinə səbəb olur. Sadə bir misal çəkim. Federal hökumət qərar verəndə ki, Suriya qaçqınları onların ərazisində yerləşdirilsin, onlar bələdiyyənin səyi və verdiyi qərar ilə ona nail oldular ki, əraziyə qaçqınlar yerləşdirilmədi. Biz bələdiyyəni yalnız bu səviyyəyə çatdıra bilsək bələdiyyə idarəçiliyindən danışa bilərik. Əslində bələdiyyə idarəçiliyinin ən yüksək səviyyəsi demokratik cəmiyyətin tam formalaşmasının aynasıdır.
Bələdiyyələri formal qurumlar kimi saxlamağa davam edəcəklər
Müstəqil iqtisadçı Rövşən Ağayev ölkədə höküməti siyasi islahatlara məcbur edən amillər olmasa bələdiyyələrin güclənməsinə gedilməyəcəyi fikrindədir.
Rövşən Ağayev deyir ki, bələdiyyələrin güclənməsi əksmərkəzləşmə islahatları tələb edir.
Əksmərkəzləşmə islahatları mərkəzi hökümətin gücünün zəiflədilməsini, daha çox öz gücünü yerli özünüidarəetmə ilə, vətəndaşın özü ilə paylaşmağı nəzərdə tutur. Hökümət isə buna hazır deyil. Bizim hökümətimizin mövcudluğu yüksək mərkəzi güc üzərində qurulub, gücünün zəifləməsini özünə təhlükə hesab edir. Bu baxımdan nə qədər ki, höküməti siyasi islahatlara məcbur edən amil yoxdur, bu olmayacaq. Bələdiyyələri də belə formal qurumlar kimi saxlamağa davam edəcəklər. O ki qaldı bələdiyyələrin birləşdirilərək böyüdülməsi məsələsinə. Müzakirələrə görə iki arqument var. Haqlı olaraq hesab edilir ki, bələdiyyələrin sayı çox, əhalisi az, ərazisi kiçik olanda onların gücü olmur. Əhalisi, ərazisi, kadrları kifayət etmir deyə effektiv olmur. Haqlılıq payı var. İkinci arqumentə görə vətəndaşların özlərinin ərazilərində bələdiyyələrin olmaması onları yerli özünüidarə hüququnu əlindən alır. Bələdiyyələrin idarəedilməsi ilə məsul olan dövlət qurumları iki arqumentin ortasından hansı nəticəni çıxarmalı, hansı addımı atmalıdır? Biz bunu istəsək də, istəməsək də dünyada bələdiyyələrin iriləşməsi prosesi gedir. Məsələn Türkiyədə bələdiyyələrin sayı son illərdə üç dəfəyə qədər azaldılıb. Türkiyədə 2005-ci ildə keçirilən bələdiyyə islahatları nəticəsində əhalisi 5000 nəfərdən az olan kəndlərdə bələdiyyə yaradılmasına icazə verilmir.
“Son günlər bələdiyyə mövzusunda açıqlamalar verən millət vəkillərinin bələdiyyə haqda dərin bilikləri yoxdur. Bu mövzuda prezident aparatının müvafiq şəxslərinin, Ədliyyə Nazirliyinin bələdiyyələrlə iş mərkəzi nümayəndələrinin çıxışları olsa daha real bilmək olar ki, hökümət hansı addımları atmaq istəyir. Elə bir prinsip seçiblər ki, kəndlərin mərkəzləri bir-birinə 5 km yaxınlıqdadırsa əhalisi 5 min nəfərdən azdırsa həmin kənd yaxınlıqdakı 5 min əhalisi olan bələdiyyə ilə birləşib vahid bələdiyyə qurur. Mümkündür ki, inzibati ərazi islahatları həyata keçirilsin. Tutaq ki, əhalisi 5000 nəfərdən az olan ərazilərdə inzibati ərazi təşkilinə icazə verilməsin. Bu da 4-5 kəndin birləşərək bir bələdiyyə yaratmasına gətirib çıxara bilər. Açığı bələdiyyələrin birləşdirilməsi indinin məsələsi deyil. Bu ikinci mərhələdə həyata keçirilməsi vacib olan məsələlərdir. Bu gün üçün vacib olan bələdiyyənin səlahiyyətləri və maliyyə imkanlarıdır. Azərbaycan höküməti qoşulduğu və imzaladığı regional hakimiyyətlər konqresinin xartiyasının tələblərinin yerinə yetirməlidir. Bələdiyyələrə yerli əhalinin problemlərini həll etmək üçün ən zəruri səlahiyyətlər verilməlidir. Bu gün kəndlərin su problemi belə prezidentin qərarı ilə həll olunur. Halbuki bir kəndin daxilində içməli su, suvarma suyu, yol problemi, hətta sosial infrastrukturun saxlanılması, məktəb, tibb məntəqəsi tikintisi kimi məsələlərin həllini bələdiyyələrin ixtiyarına vermək lazımdır. Eyni qaydada bələdiyyələrin ixtiyarına bunları səlahiyyət kimi vermək yox, bələdiyyələrin bu problemləri həll etməsi üçün zəruri olan maliyyə müəyyənləşməlidir. Bir kəndin bu kimi problemlərin həlli üçün nə qədər vəsait lazımdır.
Dövlət bu maliyyəni bələdiyyələrə iki formada verə bilər. Bir vergi yığmaq səlahiyyətlərini bələdiyyəyə verərək, ikinci isə dövlət büdcəsindən ayrılan transferlər nəticəsində. Bütün dünyada paylı sistem deyilən bir sistem var. Məsələn, bir kəndin ərazisindən yığılan gəlir vergisinin tutaq ki 25%-i bələdiyyələrə verilir, 75%-i dövlət büdcəsinə gedir. Bir kəndin ərazisindən yığılan mənfəət vergisinin böyük hissəsi dövlət büdcəsinə gedir, bir hissəsi bələdiyyə büdcəsinə. Bir də var ekskuliziv vergilər; bələdiyyələrin özlərinin yığa biləcəyi vergilər. Məsələn əmlak vergisi, torpaq vergisi. Dövlət büdcəsindən bələdiyyələrin infrastruktur layihələrini həyata keçirməsinə vəsait ayrılmalıdır. Bu layihələr də dövlət layihələrinin sırasında qeydiyyata alınaraq maliyyələşməlidir”, -iqtisadçı fikirlərini belə əsaslandırıb.
Milli Məslisdə aparılan bələdiyyə müzakirələri siyasilərin gözü ilə
Müsavat Partiyası başqanı Arif Hacılı Azərbaycanda gerçək yerli özünüidarə funksiyalarını həyata keçirən bələdiyyələrin olmadığına təəssüfünü bildirib.
Siyasətçi deyib ki, böyük şəhərlərin, rayonların ümumi bələdiyyələri yaradılmır, bələdiyyə sədrləri ümumi səsvermə yolu ilə deyil, bələdiyyə üzvləri tərəfindən seçilir. Ümumi səsvermə yolu ilə seçilən şəhər, qəsəbə merlərinin olmaması onsuz da səlahiyyətsiz, maliyyə imkanları məhdud olan bələdiyyələri bir qədər də icra hakimiyyətinin nəzarəti altına salır. Yerli özünüidarəetmə sistemində köklü islahatlar aparılmalı, yerli hakimiyyət strukturlarının birbaşa səsvermə yolu ilə seçilməsinə imkan yaradılmalı, əsas yerliidarəetmə funksiyaları yerli əhali tərəfindən seçilən bələdiyyələrə verilməlidir.
NİDA Vətəndaş Hərəkatının İdarə Heyyətinin üzvü Elmir Abbasov hərəkatın bələdiyyə ilə bağlı mövqeyini Belediyye.netə açıqlayıb.
Bələdiyyə institutu yerli idarəetmənin və xalqın siyasi iştirakçılığının ən önəmli nümunəsidir. Dünya təcrübəsində bələdiyyələrin effektivliyi və siyasi sistem içərisindəki rolu müqayisə olunmazdır və işlək bir demokratiya üçün də bələdiyyə institutu olduqca vacibdir. Lakin Azərbaycan reallığında biz bələdiyyələrin məqsədli şəkildə sıradan çıxarıldığının şahidi olmuşuq. Təəssüflər olsun ki, Azərbaycanda bələdiyyələr əhalinin siyasi iştirakçılığının və yerli idarəetmənin təminatçısı yox, sadəcə hakimiyyətin avtoritar yanaşmasının uzantısı, qol-qanadıdır. Bunun əsas səbəbi də ölkədə demokratik seçkilərin mövcud olmaması və əhalinin siyasi iştirakçılığının yox dərəcəsində olmasıdır. Kamran Bayramova sual vermək lazımdır ki, bu acınacaqlı vəziyyətin səbəbi kimdir? Ölkədə seçki institutunu məhv edən, əhalinin siyasi iştirakçılığını baltalayan və bələdiyyələri formal quruma çevirən bu hakimiyyət deyilmi? Aydındır ki, bu müzakirələr Kamran Bayramov və digərlərinin öz düşüncəsinin məhsulu deyil. Onlar sadəcə icazə verilən və ya tapşırılan mövzularda danışan adamlardır. Bu artıq illərdir ki, hər kəsə bəlli olan həqiqətdir. Biz, NİDA Vətəndaş Hərəkatı olaraq düşünürük ki, bələdiyyələrlə bağlı mövcud situasiyanın arxasında ilk növbədə hakimiyyətin Qarabağda qarşılaşdığı böhranlı vəziyyət dayanır. Hakimiyyət yaxşı başa düşür ki, Qarabağ ermənilərini Azərbaycana inteqrasiya etmək üçün onların bir sıra hüquqlarını tanımağa məcburdur. Bu hüquqlar içərisində siyasi iştirak və yerli idarəetmə məsələsi xüsusi yer alır. Bir müddət əvvəl söhbət gəzirdi ki, hakimiyyət Xankəndindəki ermənilərə bələdiyyə səviyyəsində yeri özünü idarəetmə hüququ verə bilər. Yeri gəlmişkən erməni icmasının tələblərindən birinin də məhz bu olacağı ehtimal edilirdi. Lakin mövcud situasiya hakimiyyətin bu yanaşmadan imtina etdiyini göstərir. Səbəb isə sadədir. Ermənilərə yerli idarəetmə hüququ vermək avtoritar sistemin təməl dayaqlarını sıradan çıxaracaq addımdır. Çünki bu halda ölkədə seçkinin önəmi artacaq və hər kəs düşünəcək ki, ermənilərə verilən azadlıq bizə niyə verilmir? Niyə ermənilər öz bələdiyyələrini seçə bilir, biz yox? Bu avtoritar hakimiyyət üçün kabus deməkdir. Ona görə də hakimiyyət problemi kökündən həll etmək istəyir. Baxın ölkədə bələdiyyə institutu ümumiyyətlə mövcud deyil, heç kimə də belə bir hüquq verə bilmərik. Hakimiyyət sırf seçim azadlığı verməmək üçün sabah parlamenti belə ləğv edər. Bələdiyyələrə yönəlik destruktiv fəaliyyətlərin digər bir səbəbi də məhz insanların siyasi iştirakçılığına imkan verən qurumların sıradan çıxarılmasıdır. Hakimiyyət heç bir halda insanların özünüidarəetməsi ilə hesablaşmayacağını, demokratik prinsipləri mənimsəməyəcəyini bəyan edir. Bu proses "Media haqqında" və "Siyasi partiyalar haqqında" qanunun davamı, demokratik dəyərlərin məqsədli şəkildə sıradan çıxarılmasıdır. Xalqın seçdiyi bələdiyyə hakimiyyət üçün problemdir. Lakin yuxarıdan təyin olunan lal-dinməz xüsusi nümayəndə sistemin davam etməsi üçün həyati önəmə malikdir. Bələdiyyələrlə bağlı da vəziyyət bizim fikrimizcə bu cürdür.
Demokratiya 1918 Hərəkatının sədri Əhməd Məmmədli deyib ki, “1999-cu ildən bəri Azərbaycanda bələdiyyələrin olmasına baxmayaraq, biz onların fəaliyyətsizliyini görürük. Bunun başlıca səbəbi onların səlahiyyətlərinin az olmasında deyil, yerli idarəetmə orqanlarının doğru-dürüst şəkildə seçki əsasında formalaşmamasıdır. Buna görə də bələdiyyələr əhalinin yerli problemlərinin həll olunması üçün yox, mövcud olan sistemin maraqlarının təmin olunmasına xidmət edir. Hal-hazırda bələdiyyələr və yerli icra hakimiyyətləri orqanları ətrafında gedən müzakirələrdən də görə bilərik ki, hakimiyyət regional və yerli idarəetməni öz maraqları çərçivəsində təkmilləşdirməyə çalışır. Burada söhbət yerli icra hakimiyyətlərini ləğv edərək hər hansı bir formada regional idarəetmənin yaradılması və bununla paralel olaraq müəyyən səlahiyyəti olan, ancaq heç bir fəaliyyəti olmayan bələdiyyələrin olmasından söhbət gedə bilər. Nəticə etibarə ilə idarəetmənin formasında dəyişiklik olsa da, mahiyyəti olduğu kimi qalacaq. Çünki həqiqi seçki əsasında formalaşmayan bələdiyyə, hətta ən yüksək səlahiyyətləri olduğu təqdirdə belə, əhalinin maraqları üçün çalışmayacaq”.
Redaktorun şərhi: Qeyd etdiyimiz kimi Milli Məclisin Regional məsələlər komitəsində bələdiyyə müzakirələri aparılır. Müzakirələrdə bələdiyyələrin çox olmasının problem olduğunu bildirən deputatlar yarıya qədər azaldılmış bələdiyyələrinin sayının daha da azalmasının vacibliyindən danışırlar. Bütün səlahiyyətləri yerli icra hakimiyyətində olan bələdiyyələrin fəaliyyətsizliyindən şikayətlənirlər. Bəzi yerlərdə hətta inzibati binası olmayan bələdiyyələrin iclas mədəniyyəti olmadığını qeyd edən hakimiyyət yetkililəri bələdiyyə üzvlərinin də sayının azaldılmasını tövsiyə edirlər. Maraqlısı odur ki, bu məslələr rəy sorğusu keçirmədən, bələdiyyə üzvlərinin, xalqın xəbəri olmadan müzakirə olunur. Çox güman ki, müzakirəyə çıxarılan məsələlər bundan öncəki prosesdə olduğu kimi bu dəfə də istədikləri formada həllini tapacaq. Deputat Kamran Bayramovun və digər deputatların dili ilə səsləndirilən fikirlərə əsasən bələdiyyələrlə bağlı durum getdikcə acınacaqlı hal alır, hökümət isə bunu indi görür. Bələdiyyələrin statusuna yenidən baxılmalı olduğunu vurğulayan deputatalar yeni idarəetmə modelinin yaradılması ilə bağlı fikirlər söyləyir. Azad edilmiş ərazilərdə xüsusi nümayəndəlik, Naxçıvanda yaradılan nümayəndəliyi uğurlu təcrübə hesab edirlər.