“Səməd Səmədov deyirdi ki, neynirsən oxuyursan, onsuz da pulunu danışmısan da...”

28-02-2023, 10:38           
“Səməd Səmədov deyirdi ki, neynirsən oxuyursan, onsuz da pulunu danışmısan da...”
“Mən diqqət mərkəzində olmağı sevmirəm. Elə müğənnilər, sənətçilər var ki, özlərini diqqət mərkəzində saxlamağı sevirlər. Mən elə deyiləm. Səməd Səmədovla dəfələrlə toylara düşmüşəm, məni xalq artisti kimi təqdim edib. Zarafatca mənə deyirdi ki, “neynirsən oxuyursan, onsuz da pulunu danışmısan da” (gülür). Toyda toy sahibinin başı qarışıq olur, amma istəmirəm ki, evdə gedib toyun diskinə baxanda desin ki, haqqımı halal etmirəm”

TEREF.AZ bildirir ki, bunu Moderator.az-a açıqlamasında tanınmış aşıq, Əməkdar mədəniyyət işçisi Solmaz Kosayeva deyib.

“Heç vaxt toy danışanda pul demirəm. Amma bununla belə hər zaman məni yaxşı yola salıblar. Ev yiyəsi zəng edib toyunu danışır. Bəzi müğənnilər soruşur ki, toy hansı restoranda olacaq?! Restorana görə də qiyməti qaldırırlar. İşə bax! Mənə nə aidiyyatı var ki, toy harada olacaq?! Lap istəyir palatkada, çöldə olsun. Elə ailələr var ki, məni arzulayıblar, amma imkanı olmayıb, durub getmişəm. Həyətdə gətirib ayağımın altında qara qoç kəsiblər. Bu mənim üçün dünyadır” deyə sənətkar aşıq bildirib.

Solmaz Kosayeva sənətə qalmaqalla gündəmə gələn sənətçilərdən də danışıb.

“Qalmaqal ilə gündəmə gələnin əlbəttə ki, sənəti olmayacaq. Bundan asan iş yoxdur! Çünki insan boş qalanda, özünə əlavə nəsə əyləncə axtarır. İnsanın başına pis nəsə bir iş gəlirsə, hamısı bekarçılıqdandır. Özlərini qalmaqalla yox, sənətlə göstərsinlər. Bunu bacarmırlar axı! Bu yaşıma qədər heç vaxt adım qalmaqalda hallanmayıb. Bundan sonra da yəqin ki, olmayacaq. Bəzən eşidirəm ki, müğənnilər aparıcıların qarşısına şərt qoyur ki, filan müğənni ordadırsa, mən gəlmirəm. O öz sənətini, mədəniyyətini göstərəcək, sən də özününkünü. Niyə qorxursan, çəkinirsən?! Sənətçidə öncə insanlıq olmalıdır, sonra sənət” deyə tanınmış aşıq bildirib.

Solmaz Kosayeva dinlədiyi müğənnilərin də adını çəkib.

“Röya Ayxanı dinləyirəm, oxuduğu mahnılar ruhuma yaxındır. Onun səsi məni sakitləşdirir. Çinarə Məlikzadə də gözəl oxuyur. Onun səsindən ötrü ürəyim gedir. Ümumiyyətlə seçmirəm ki, bu estrada ifaçısıdır, bu aşıqdır. Qulağıma yatan mahnıları sevib, dinləyirəm” deyə Solmaz Kosayeva deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.