Nikol Almaniyada təkzib etdi – Bakı ifşa edə bilər

4-03-2023, 10:28           
Nikol Almaniyada təkzib etdi –
İqtisadçı ekspert Natiq Cəfərlinin Axar.az-a müsahibəsi:

- Natiq müəllim, Paşinyan dünən Almaniyanın kansleri Olaf Şoltsla keçirilən mətbuat konfransında Ermənistanın sanksiyaları yarmaqda Rusiyaya kömək etmədiyini bildirib. Amma bu vəziyyət tam əksinədir.

Ermənistanın sanksiyaları yarmaq məsələsində Rusiya ilə əməkdaşlıq mexanizmi necə işləyir?

- Ermənistan ilə Rusiya arasındakı son bir illik ticarət dövriyyəsinə nəzər salsaq, kifayət qədər ciddi artımın olduğunu görmək mümkündür. 2021-ci ildə Ermənistandan Rusiyaya cəmi 710 mln. dollarlıq mal-məhsul ixrac edilib. 2022-ci ildə, yəni, Rusiyaya qarşı sərt sanksiyaların tədbiqinə başlanandan sonra Ermənistandan Rusiyaya ixrac 4 dəfəyə yaxın artaraq 2,5 mlrd. dollardan çox olub. 2022-ci ildə Rusiyadan Ermənistana pul köçürmələri 2021-ci ilə nisbətən 5 dəfəyə yaxın artaraq, 4 mlrd. dollara yaxınlaşıb.

2021-də Rusiyaya cəmi 700 mln. dollarlıq mal-məhsul ixrac edən Ermənistan bir il sonra bu rəqəmi təbii yolla 4 dəfəyə yaxın artıra bilməz - əslində baş verən budur ki, Rusiya bazarında birbaşa iştiraka qadağası olan şirkətlər öz mallarını Ermənistan vasitəsi ilə satırlar, ona görə də Ermənsitandan Rusiyaya, məsələn, elektrotexnika mallarının ixracı bir ildə 10 dəfəyə yaxın artıb və ya bahalı və yeni avtomobillərin ehtiyat hissəslərinin Ermənistandan Rusiyaya ixracı 1200% artıb.

Ermənistan Rusiyaya tətbiq olunan sanksiyalardan yan keçmək üçün güclü dəstək verir. Ermənistanın bəlli bir istehsal və ixrac gücü, həddi var. Bir ildə iki dəfədən çox artma qeyri-mümkündür. Çox zaman sanksiyalara görə Rusiyadan çıxan şirkətlər Ermənistan vasitəsilə yenidən öz əlaqələrini qurur və oraya mal satırlar.

Sözügedən şirkətlərin və onları idarə edənlərin Ermənistanı seçməsinin səbəbi isə odur ki, İrəvan və Moskva arasında Avrasiya İttifaqı və Gömrük İttifaqı müqavilələri var. Ermənistanda son bir ildə ciddi iqtisadi islahatlar aparılmayıb, lakin ÜDM-də ötən il ikirəqəmli artım olub, bu ilin yanvar ayında da artım 10%-dən çoxdur. Qeyd etdiyimiz statistika Rusiyanın təsirlərinin nəticələridir.

- Sizcə, Azərbaycan hansı formada bu məsələni beynəlxalq ictimaiyyətin diqqətinə çatdıra bilər?

- Azərbaycan baş verənləri mütləq şəkildə beynəlxalq ictimaiyyətin diqqətinə effektiv şəkildə çatdırmalıdır.

Düzdür, bugünədək ABŞ Ermənistanın dörd şirkətinə müəyyən sanksiyalar tətbiq edib, amma bu, yetərli deyil. Çünki atılan addımlar yalnız hansısa şirkətlərin fəaliyyəti deyil, Ermənistanın dövlət siyasətidir. Ermənistan tamamilə yalan və saxta şəkildə son zamanlar özü üçün qərbyönümlü hekayələr uydurmağa çalışır. Prosesin araşdırılması və dünya mətbuatına çıxarılması Ermənistanın uydurduğu hekayələrin yalan olduğunu üzə çıxara bilər. Fikrimcə, beynəlxalq səviyyədə tanınmış araşdırmaçı jurnalistlər ölkəmizə dəvət edilməli və onlara lazımi materiallar verilməlidir. Sonrakı mərhələdə isə araşdırmaların nəticələri xarici televiziyalarda işıqlandırılmalıdır. Azərbaycan dövlətinin bütün sadaladığımız işləri və daha artığını həyata keçirmək üçün kifayət qədər gücü var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.