İsa Qəmbər oğlunun “soyqırım” paylaşımından danışdı: - "Gözlənilməz oldu"
26-04-2023, 17:52
Müsavat Partiyasının sabiq başqanı, hazırda Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri olan İsa Qəmbər oğlu İlkinin ermənilər haqqında çəkdiyi film barədə danışıb.
TEREF.AZ bildirir ki, bu haqda “LAF” TV-ə danışan İsa Qəmbər oğlunun böyük bir komanda ilə tarixi filmlər çəkdiyini bildirsə də, sözügedən filmə baxmadığını bidirib:
“İlkinin yaşı 40-a yaxınlaşır. Yetkin bir insandır və öz addımlarına, öz qərarlarına görə məsuliyyət daşıyır. Kiminsə də ona sualı varsa, sualı ona yönəldə bilər. İlkinin mövqeyində, fikirlərində az da olsa, müəyyən məqamlar var ki, mən onunla razı deyiləm. Təəssüf ki, 7-8 ildir görüşmürük və bu məsələləri üz-üzə oturub müzakirə eləmək imkanımız da yoxdur. Telefonla danışırıq və telefonla da hal-əhval tuturuq. Bu, məsənin bu tərəfi. Digər tərəfi isə İlkin uzun illərdir Kanadada yaşayır və orada bir neçə azərbaycanlı bir kanal yaratdılar. Kanal “Kral və Generallar” adlanır. Tarixi filmlər çəkirlər və yüzlərlə filmlər çəkiblər.
Təsəvvür edin ki, bir neçə istedadlı azərbaycanlının yaratdığı kanal yutubda ən populyar tarix kanallarından biridir, 3 milyondan artıq abunələri var. Yüzlərlə də filmləri var. O filmlərin içində ən qədim dövrlərdən tutmuş bu gün Rusiya-Ukrayna savaşına aid, Azərbaycan məsələləri, Türk dünyası, Türkiyənin apardığı müharibələrlə bağlı saysız-hesabsız videolar var. Onlar tarixi filmləri animasiya şəkildə göstərirlər. Çox maraqlı filmlər çəkirlər. Sözün doğrusu, mən çox izləmirəm. Çünki tarixi az-çox bilirəm və haqqında söhbət gedən filmi də görməmişəm. Ona görə də o film haqqında bir söz deyə bilmərəm”.
İsa Qəmbər oğlunun aprel ayının 24-də qondarma erməni soyqırımı günü öz tvitter hesabındakı paylaşımı ilə səhv mövqedə olduğunu vurğulayıb:
“Soyqırım”la bağlı tamam səhv mövqedədilər. Çünki bu, mənə və bütün bu məsələlərə məsuliyyətlə yanaşan insanların hamısına aydındır ki, heç bir soyqırım olmayıb. Yəni ermənilər I Dünya müharibəsi illərində Rusiya ilə Osmanlı İmperatiorluğu arasında yeni savaşda Rusiyaya xidmət göstərməyə başlayıblar və fürsətdən istifadə edib yerli dinc əhaliyə qarşı hücumlar təşkil edib, onları qırıblar. Osmanlı dövləti də özünü, insanını, əmin-amanlığı qorumaq naminə qərarlar qəbul edib və qəraralardan biri də bunların oradan mühacir edilməsi ilə bağlı olub. Bunu soyqırım adlandırmaq mümkün deyil. İndi bəzi şəxslər, bəzi azərbaycanlılar da təbliğatın təsiri altına düşürlər və yanlış mövqeyə keçirlər. Mənim üçün “soyqırım” mövsümündə belə bir mövqe gözlənilməz oldu. Amma görünür İlkinlə də, bəzi digər cavanlarımızla da bu mövzularda yenə də söhbət eləməyə, bəzi məqamlara aydınlıq gətirməyə ehtiyac var ki, onlar bütün bu gerçəkləri bilsinlər və bu məsələlərə daha məsuliyyətli yanaşsınlar. Həyatdır, nə bilim”.
O, İlkin Qəmbərin böyük komanda ilə işlədiyini və kanalının özünə yer qazandığını qeyd edib:
“Filmlə bağlı bir söz deyə bilmirəm, ona görə ki, filmi görməmişəm. İkincisi də bu, böyük bir kollektivdir, böyük bir dəstədir, ssenarilər yazılır, redaktorlar işləyir, sonra bunu film halına salırlar. Orada dediyim kimi, yüzlərlə film var. Dünyanın hər yerində baxırlar, mübahisələr gedir, təkliflər edilir. Təsəvvür edin ki, “Netflix” kimi dünya şöhrətli bir şirkət İlkingilin kanalına bəzən özünə lazım olan reklamları sifariş edirlər. Öz filmlərinin reklamını İlkingilə sifariş verirlər. O dərəcədə İlkingilin kanalı özünə yer qazanıb”.