Hind silahları Ermənistanı “cəsarət”ləndirdi – Rusiyadan uzaqlaşır
4-09-2023, 11:41
“Ermənistanın Rusiyadan uzaqlaşması üçün imkanları çox məhduddur”.
TEREF.AZ Teleqraf.com-a istinadla xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.
Ekspert Rusiya-Ermənistan münasibətlərindəki son gəlişmələrə diqqət çəkib:
“Həmişə İrəvanın Moskvadan uzaqlaşdırılması kursuna şübhə ilə yanaşmışam. Burada məsələ o deyil ki, Paşinyan öz istəyində səmimi deyil. Məsələ ondadır ki, Paşinyanın bu kursu həyata keçirmək imkanları son dərəcə məhduddur.
Hindistandan bir neçə hava hücumundan müdafiə sistemlərinin alınması, fransız silahlarının məhdud tədarükü, təqaüdçü hərbçilərdən, kəşfiyyatçılardan, polislərdən ibarət Avropa müşahidə missiyası və heç bir qərar verməyən və heç bir iş görməyən ayrı-ayrı təbliğatçılar heç nəyə təsir etmir, bu, Moskvadan uzaqlaşmaq kursu sayıla bilməz. Bu, Moskvadan gələn hər hansı xoşagəlməz sürprizlərdən özünüzü qorumaq üçün bir kursdur.
Ermənistanın KTMT-dən çıxması ilə bağlı söhbətlər söz olaraq qalır. Bu ölkənin Avrasiya İqtisadi Birliyindən çıxmasından ümumiyyətlə söhbət getmir. Ermənistanın KTMT-dən çıxdığını fərz etsək belə, bu ölkənin Rusiya ilə hərbi və hərbi-siyasi sahədə kifayət qədər müqavilələri var. Məsələn, vahid hava hücumundan müdafiə sistemi haqqında saziş.
Əslində Ermənistanın hava hücumundan müdafiəsi Rusiyanın Cənub Hərbi Dairəsinin hava hücumundan müdafiəsinin tərkib hissəsidir. Rusiya sərhədçiləri Ermənistanın xarici sərhədlərinin mühafizəsini davam etdirir və onların yerli sərhəd qoşunları ilə əvəzlənməsindən əsər-əlamət yoxdur. Rusiyanın Ermənistandakı 102-ci baza ilə bağlı isə heç nə demirəm.
İqtisadiyyatda Rusiya investisiyaları, ticarət dövriyyəsi, Ermənistan büdcəsinin əsas vergi ödəyiciləri olan şirkətlərin rəhbərliyi və s. Qərb mediasında tirajlanan müsahibələr yaxşıdır, amma reallıq başqadır”.