“Zəlzələnin həm müsbət, həm mənfi tərəfləri var” — Özümüzü buna necə hazırlayaq?
5-09-2023, 00:16
Son həftələr ölkədə ard-arda baş verən zəlzələlər bir çox insanda təşvişə səbəb oldu.
Zəlzələnin insan psixologiyasına təsirləri barədə Azərbaycan Milli Elmlər Akademiyasının doktorantı, "ALTER" Psixologiya və Təlim mərkəzinin təsisçisi və direktoru psixoloq Əli Xəlilov Demokrat.az-a açıqlamasında danışıb.
O qeyd edib ki, bəşəriyyət yaranandan bəri təbii fəlakətlər insanlarda qorxu, həyəcan və təlaşa səbəb olub:
“Bununla yanaşı, təbii fəlakətlər insanlarda maraq doğurur və xüsusi məna kəsb edirdi. İnsanlar bunu Tanrının qəzəbi kimi qəbul edir, təbiətə, Yer kürəsinə vurduqları ziyanlara görə cəzalandırıldıqlarını düşünürdülər. Zəlzələ zamanı insan stressə düşür. Bunun həm müsbət, həm mənfi tərəfləri var. Müsbət olan odur ki, insan cəld düşünməli və hərəkətə keçməli olur, düşdüyü situasiyaya adaptasiya olmalıdır. Mənfi cəhəti isə odur ki, insanda hormonal disbalans yaşanır. Kortizol hormonu (stress hormonu ) çoxalır, qorxu, adrenalin hissi artır, qadınlarda estrogen səviyyəsi yüksəlir. Bu dəyişikliklər yanlış qərarlara yol aça bilir”.
Psixoloq bildirib ki, Azərbaycan seysmoloji zonada yerlədiyi üçün zəlzələ ehtimalı həmişə var. Bunu qəbul etməli və hazır olmalıyıq:
“Məsələn, Yaponiyada zəlzələ artıq adi qarşılanır. Zəlzələ baş verərkən nə etməli olduğumuza dair məlumatlı olmalıyıq. Yaşadığımız yerə uyğun bilgilərə sahib olmalıyıq. Hündürmərtəbəli binada yaşayırıqsa, panikaya düşüb, qaçmağa çalışmamalıyıq. Xüsusən də böyüklər özünü itirməməlidir, çünki onların həyəcanı uşaqları daha da qorxuda bilər. Aparılan araşdırmalara əsasən zəlzələdən ən çox qorxan uşaqlar və yaşlılardır. Maraqlı tərəfi odur ki, bura məktəb yaşındakı uşaqlar aid edilir, nəinki məktəbəqədər yaşda olanlar. Çünki onlar fəlakətin mahiyyətini dərk etmir.
İnsan hər fəlakətə hazır olmalıdır. Özünü və ailəsini maarifləndirməlidir. İnsanlarla profilaktik söhbətlər aparılmalıdır ki, elementar bilgilər qaranlıqda onlara işıq olsun. Bu, sağ qalma ehtimalını artırır”.
Ekspertin sözlərinə görə hər insan psixologiyası fərqlidir, travmalar da onlara müxtəlif cür təsir edir:
“İnsanda zəlzələdən sonra travmaların nə qədər müddət qalması onun zəlzələdən nə dərəcədə əziyyət çəkməsilə bağlıdır. Ola bilər ki, şəxs zəlzələdə ən yaxın adamını itirsin və ya özü ağır xəsarət alsın, o halda travmalardan uzun müddət əziyyət çəkə bilər. Daha bir araşdırmaya əsasən müəyyən olunub ki, qadınlarda zəlzələdən sonra post-travmatik stress pozuntusunun yaranma ehtimalı kişilərə nisbətən 2-3 dəfə daha çoxdur”.
Ə.Xəlilov onu da əlavə edib ki, zəlzələdən əziyyət çəkən insan mütləq sonradan terapiya keçməlidir:
“2008-ci ildə Çində baş vermiş dəhşətli zəlzələdən sonra xilas edilmiş insanlarla bağlı tədqiqatlar aparıldı. Onların beyinlərində hətta dəyişikliklər olduğu müəyyən edilmişdi. Bir çox insanda posttravmatik stress və ağır növ depressiyalar başladı.
Qorxular daha sonra fobiyaya da çevrilə bilər – klaustrofobiya, aqrofobiya və s. Bir çox insan “panik atak” keçirir, Türkiyədə belə oldu. Bu mənfi fəsadlar bir ömür də insanda qala bilər. Ona görə də şəxs psixoloji yardım almalıdır, onunla psixoloji iş aparmalıdır – bu, travmaterapiya adlanır. Travma aradan qaldırılmalıdır ki, insan bir ömür qorxu ilə yaşamasın”.
Törə Zeynallı
Demokrat.az