Əməliyyatlar başlayır: Paşinyan niyə müharibə variantını seçdi? - Qarabağda yeni durum

6-09-2023, 09:13           
Əməliyyatlar başlayır: Paşinyan niyə müharibə variantını seçdi? -
Terefşaz yazır ki, Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Tofiq müəllim, Ermənistanın son təxribatları fonunda yeni müharibə riskinin olduğu bildirilir. Bu ehtimalı necə dəyərləndirirsiniz? Hərbi əməliyyatların Qarabağda, yaxud Ermənistanla şərti sərhəddə aparılacağı ilə bağlı iddialara nə dərəcədə ciddi yanaşmaq olar?

- Əslində, bu yanaşmalar və dəyərləndirmələr məntiqlidir. Post-konflikt dövründə bəlli bir mərhələdə Ermənistanın davranışlarında hansısa müsbət elementlər var idi. İndi isə Ermənistan yenidən özünün anneksiya siyasətinə qayıdıb. Bundan öncə də olduğu kimi, onların siyasi məqsədləri ona yönəlib ki, Azərbaycan ərazisinə iddialarını təmin etsinlər. Sadəcə olaraq erməni tərəfi bunu yeni şəraitdə etməyə çalışır. Sülhməramlıların müvəqqəti nəzarətində olan bölgədə Ermənistanın birbaşa iştirakı ilə annesksiya xətti təmin olunur. Orada Ermənistandan maaş alan separatçılar, hərbçilər var. Eyni zamanda burada böyük sayda hərbi texnika və hərbi fəallıq mövcuddur. Fakt odur ki, Ermənistan bu prosesləri idarə edir.

- Azərbaycanın erməni tərəfinin müharibə ritorikasına cavabı necə olacaq?

- Bu gün Azərbaycanla sərhəddə saxlanılan yardım TIR-ları da İrəvanın mərkəzindən göndəriblər. Ermənistandan kənarda verilən bəyanatlar da bunu təsdiq edir. Ona görə də, Ermənistan yenidən anneksiya siyasətinə qayıdıbsa, buna Azərbaycanın ayrı cavabı ola bilməz. Çünki ölkə Konstitusiyasına görə, Azərbaycan və onun siyasi rəhbərliyi 30 il ərzində Ermənistanın işğal siyasətinə qarşı mübarizə aparıb.

- Sizcə, yeni müharibə və bölgədə daha böyük qarşıdurma elementlərinin güclənməsi nəyə hesablanıb?

- Bu şəraitdə kimlərsə ümid edir ki, Azərbaycan öz mövqeyindən dönəcək. Təbii ki, bu, mümkün deyil. Ona görə də, Ermənistan açıq şəkildə özünün köhnə siyasətinə qayıdışını göstərir.

- Ermənistan 2019-cu ildəki siyasi ritorikasına görə, müharibədə ağır məğlubiyyət yaşamaqla yanaşı işğalda saxladığı torpaqlardan geri çəkilməli oldu. 2023-cü mayında isə Nikol Paşinyan Azərbaycan ərazi bütövlüyünü Qarabağda daxil olmaqla tanıdığını bəyan etmişdi. Bu bəyanatın üzərindən bir neçə ay keçdikdən sonra Azərbaycana qarşı yenidən ərazi iddiaları ilə çıxış etmək, separatizmə açıq dəstək ifadə etmək hansı zərurətdən qaynaqlandı?

- Paşinyanın bu ilin mayında verdiyi bəyanatlar heç də Azərbaycanın ərazi bütövlüyünü tanımağı özündə ifadə etmir. O, sadəcə olaraq öz siyasətini gizlətmək, pərdələmək üçün belə bəyanatlar verib. Əslində Paşinyan guya Qarabağda olanların dövlət olaraq onlara heç bir aidiyyatının olmadığını göstərmək istəyir. Amma unutmaq olmaz ki, onun vermiş olduğu bəyanatlar fonunda Ermənistan büdcəsindən maaş alan hərbçilər Qarabağda yerləşib. Hazırda Qarabağda qanunsuz olaraq yerləşmiş hərbçi Ermənistanın dövlət büdcəsindən məvacib alır. Hətta orada olan özləri üçün qondarma vəzifələr təyin edən mülki şəxslər də Ermənistandan maliyyələşir. Ona görə də, Paşinyanın bu ilin mayında vermiş olduğu bəyanat reallıqdan tamamilə uzaq idi. Bu baxımdan proseslər bəlli istiqamətdə davam edir. Sözsüz ki, Azərbaycanın hərbi üstünlüyünü anlayırlar. Amma hansısa balanslaşmış vəziyyətə çıxacaqlarını düşünürlər. Belə olan halda özlərinin arxa cəbhədə saxladıqları yəni, Qarabağda olan qanunsuz silahlılarından istifadə edəcəklərini planlaşdırırlar.

- Azərbaycanın qanunsuz silahlılara qarşı antiterror əməliyyatlarına başlayacağı təqdirdə beynəlxalq sanksiyaların tətbiqi gündəmə gətirilir...

- Azərbaycana qarşı hansısa sanksiyalar qəbul edilsə belə bu prosesin qarşısını almayacaq. 15-20 sanksiyanın qəbul edilməsi o demək deyil ki, Azərbaycan öz torpaqlarını kiməsə güzəştə gedəcək. Amma müəyyən proseslər gedir. Sözsüz ki, bunun qarşısı alınmalıdır. Bu dövlətimizin gələcəyi üçün prinsipial məsələlərdir. 90-cı illərin əvvələrindəki kimi planlar hazırlayırlar. Azərbaycan bütün bu planları qabaqlamalı və qarşısını almalıdır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.