Ermənistanda ikinci inqilab: Moskva Paşinyanı devirmək üçün... - ŞOK FAKTLAR

9-09-2023, 11:36           
Ermənistanda ikinci inqilab: Moskva Paşinyanı devirmək üçün... - ŞOK FAKTLAR
Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə Teleqraf.com-un suallarını cavablandırıb.

TEREF.AZ onunla müsahibəni təqdim edir:

- Asim bəy, Ağdam-Xankəndi yolundan istifadə ilə bağlı Rusiya da öz mövqeyini açıqladı. Belə olan halda separatçıların inadkarlığı nə vaxta qədər davam edə bilər?

- Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşmiş Rusiya sülhməramlı qüvvələri Ermənistana məxsus birləşmələri bölgədən çıxartmalıdır. Bu, onların üzərində 2020-ci ilin 10 noyabrında imzalanmış üçtərəfli bəyanatla qoyulmuş öhdəlikdir. Amma bu prinsip icra edilməyib. Rus sülhməramlıları bölgəyə gəlsələr də, Ermənistana aid silahlıları Azərbaycan ərazisindən çıxartmayıblar. Çünki onların gəlişi Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazisindən çıxarılmasından sonra baş verməli idi. Bu onu göstərir ki, proseslərin gedişinə əngəl olan qüvvələr var.

- Razılaşmada nəzərdə tutulmuş bu bəndin icra edilməməsinə səbəb nə idi?

- Qarabağda məskunlaşmış hərbi canilər sülh prosesinin baş tutmasını istəmirlər. Məhz bu gün ermənilərin “aclıq” şousunu buna görə həyata keçirirlər. Məqsəd sülh prosesinə maneə olmaqdır. Ona görə də şoular yaradırlar. Bu məsələdə onlar redikal erməni diasporasının imkanlarından istifadə edirlər. Qərbdə mövcud olan siyasi korrupsiyadan da yararlanmağa çalışırlar. Onların əsas hədəfi sülh prosesinin pozulmasına yönəlib.

- Azərbaycan onların oyununu pozmaq üçün hansı təsirli addımları ata bilər?

- Azərbaycanla Ermənistan arasında Praqada, Vaşinqtonda, Brüsseldə əldə edilən razılaşmaları pozmaq üçün müxtəlif oyunlara əl atılır. Hazırda bu oyun gedir. Ona görə də, Azərbaycan onların bu oyununu ifşa edir. Bütün dünyanı burada aparılan oyunlarla bağlı məlumatlandırmaq lazımdır. Bunun üçün hər bir imkandan istifadə edilməlidir.

- Rusiya-Ermənistan gərginliyi fonunda Moskvanın Cənubi Qafqazdan çıxması ilə bağlı verilən bəyanatların xarakterini necə şərh etmək olar?

- Bu gün Rusiyanın imkanı olsa idi, Ermənistanda ona yaxın olan qüvvələri hakimiyyəti itirdikdən sonra da qayıda bilərdilər. Amma Ermənistanda Rusiya tərəfdarları bütün seçkiləri uduzurlar. Bunun da səbəbi Ermənistan əhalisinin böyük bir hissəsinin Rusiya tərəfdarlarını, hərbi caniləri yaxşı tanıması ilə bağlıdır. Ona görə də, onların siyasi istiqamətdəki oyunları heç bir nəticə vermir.

- Belə olan halda Rusiya Ermənistanda çevriliş imkanlarını necə dəyərləndirəcək?

- Sözsüz ki, Moskva İrəvanda öz maraqlarını və dəstəklədiyi qüvvələri hakimiyyətə gətirmək üçün qeyri-siyasi üsullardan istifadə edə bilər.

- Azərbaycan-Ermənistan arasındakı gərginlik artıq pik həddə çatıb. Gərginliyin hərbi müstəviyə keçmə ehtimalı varmı?

- Ermənistan istənilən təxribata əl ata bilər. Çünki bu gün onlar qorxu içindədir. Belə olan halda hər cür səhf hərəkəti təkrarlaya bilərlər.

- Sülh müstəvində bəlli bir yol qət edilmişdi. Artıq bu prosesin sıfırlandığını söyləyə bilərikmi?

- Sülhlə bağlı imkanlar hər zaman mövcuddur. Sadəcə olaraq Ermənistanın indiki təxribatlarının məqsədi sülh prosesini dayandırmaqdan ibarətdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.