“Tehran Bakı ilə daha loyal münasibət saxlamağa məcburdur”

12-09-2023, 00:02           
“Tehran Bakı ilə daha loyal münasibət saxlamağa məcburdur”
“Bakı-Tehran xəttində əvvəlki gərginliyin nisbətən aradan qalxması həm geosiyasi, həm də regional proseslərin inkişafı ilə bağlıdır”.

Bunu TNS-ə siyasi şərhçi Asif Nərimanlı deyib.

O hesab edir ki, İran 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış reallığı qəbul etmək istəmirdi və bunu dəyişməyə çalışırdı.

“Lakin burada Azərbaycanın qətiyyətli mövqeyi həlledici məqamlardan biri oldu. Tehranda hesab edirdilər ki, təzyiq yolu ilə Bakının mövqeyini dəyişə biləcəklər, nəticə əldə edə bilmədilər”, - o bildirib.

Asif Nərimanlı qeyd edib ki, Türkiyə amili də İran üçün daim çəkindirici məqamdır: “Bununla yanaşı, bölgədə hələ də təsir imkanları olan Rusiya İranın regionla bağlı siyasətini qəbul etmir. Tehran Moskvanın da onunla eyni mövqedə dayanması üçün çox çalışdı, buna nail ola bilmədi. Bunlar regional amillərdir. Burada geosiyasi amillərin də təsiri var. Birincisi, ABŞ-la nüvə anlaşması məsələsində razılığın olmaması İranın mövqeyini zəiflədir, onu region ölkələri ilə daha yaxşı münasibətlərə sövq edir. İkincisi, Çin faktoru də var. Xüsusilə Çin “Bir kəmər - bir yol” layihəsində Azərbaycan üzərindən keçən orta dəhlizi dəstəkləyir. Çin İran üçün geosiyasi mübarizədə sığına biləcəyi qapılardan birinə çevrilib, rəsmi Pekinin nəqliyyat şəbəkələrində seçdiyi yol Tehranı Bakı ilə daha loyal münasibətlərə vadar edir”.

Siyasi şərhçinin fikrincə, İran-Azərbaycan münasibətlərinin tam normallaşdığını, yaxud bundan sonra normallaşmağa doğru gedəcəyini söyləmək hələ tezdir, çünki İranda Azərbaycanla münasibətlərə ikili yanaşma var: “Hərbi dairələr, xüsusilə SEPAH sərt siyasətin tərəfdarıdır, lakin bu qanadın siyasəti ən çox İranın özünə ziyan vurduğu üçün görünür arxa plana keçib. İran Cənubi Qafqazdakı reallığı dəyişdirmək cəhdlərinin baş tutmadığı gördükdən sonra bu reallıqlarda maraqlarının təmin edilməsinə çalışır. İstisna deyil ki, Zəngəzur dəhlizində hansısa formada iştirak əldə etməklə bu məsələdə də razılaşa bilər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.