“Mənə hədə-qorxu gəliblər ki, polis şöbəsində üzr istəyəcəksən, həbs olunacaqsan...” - Tanınmış psixoloq təhdid olunduğunu deyir
13-09-2023, 14:35
“Mənə hədə-qorxu gəliblər ki, polis şöbəsində üzr istəyəcəksən, həbs olunacaqsan...”
“Köməkçilərimə zəng edib məhkəmə, polislə mənə hədə-qorxu gəliblər ki, filan fikrinə görə polis şöbəsində üzr istəyəcəksən, həbs olunacaqsan. Bu yaxınlarda Azərbaycanda bir cinayət işi oldu. Müharibə iştirakçısı “TİK Tok”da canlı yayımda mesaj yazıb ki, hər kəs özünə hörmət etsin. Bu mesaj avtomatik hamıya gedib. Bir nəfər bu sözə ilişib, mübahisə düşüb, görüşüblər, müharibə iştirakçısını bıçaqlayıb qətlə yetirib. İki insanın, iki ailənin, nəslin həyatı puç oldu. Bizim insanlarda natamamlıq kompleksi, dəymədüşər psixologiyası formalaşıb. İzah edirsən, deyir ki, yox... Mənə hədə-qorxu gəlmək elə də asan deyil. Dağ kimi meydanda durmuşam, həmişə də duracağam”.
tEREF.AZ Pravda.az-a istinadla xəbər verir ki, bu sözləri tanınmış psixoloq Nizami Orucov deyib.
“Məmurların hamısının - deputatların, nazirlərin, nazir müavinlərinin, bir çox yüksək rütbəli adamların “Facebook”da səhifəsi var, belə mərd oğulsan, mühafizəkarsan, get birinə yaz görüm. Gülməli söhbətlərdir. “Əşi, psixoloqdur, vannaya girir, deyir-gülür, buna hədə-qorxu gəlim, qorxudum...” Bu, Bəhram Bağırzadənin rayonlular haqqında dediyi fikrə oxşayır. Bəhram Bağırzadənin dediklərində həqiqət var idi, amma həqiqət görünmür, insanlar təkcə “rayonlular” sözünü eşidirlər, başlayırlar meymun reaksiyası verməyə. Mən də rayonluyam, o söz mənə niyə toxunmur? Çünki düşüncəli, dərrakəli bir insanam. Başa düşürəm ki, rayondan şəhərə gələndə son 30 ildə adaptasiya problemi yaşanıb. Eyni zamanda ölkənin ictimai-siyasi həyatı, Qarabağ məsələləri ölkəni bir-birinə qatıb. Yəni burada rayonluların da günahı yox idi. Qazanc, iş yerləri yox idi, insanlar böyük şəhərlərə gəlməyə məcbur idilər. Bu, ikitərəfli məsələdir. Amma hansısa məsələyə meymun kimi reaksiya verilməsini ciddi qəbul etmirəm. Ümumiyyətlə, cahil insanları ciddi qəbul etmirəm. Onlar nə deyirlər, desinlər”, - psixoloq bildirib.