“Hüquq-mühafizə orqanları ekstrasensdir, falçıdır ki, kimdə qanunsuz silah varsa, onu müəyyənləşdirsin?!” - Keçmiş polis rəisi

31-10-2023, 12:26           
“Hüquq-mühafizə orqanları ekstrasensdir, falçıdır ki, kimdə qanunsuz silah varsa, onu müəyyənləşdirsin?!” - Keçmiş polis rəisi
“Hüquq-mühafizə orqanları ekstrasensdir, falçıdır ki, kimdə qanunsuz silah varsa, onu müəyyənləşdirsin?!”
Bir neçə gün əvvəl bir nəfər silahlı şəxsin Sumqayıtın Corat qəsəbəsində evə basqın etməsi, 2 nəfəri öldürməsi, 4 nəfəri isə yaralaması hadisəsi fərdi şəxslərin qanunsuz silah saxlaması məsələsini yenidən gündəmə gətirib.

Qeyd edək ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Coratda baş verən hadisəni törətməkdə şübhəli bilinən qəsəbə sakini, 1987-ci il təvəllüdlü Tağıyev Müşviq Məhəmməd oğlu saxlanılıb.

Qanunsuz silah saxlama ilə bağlı başqa bir fakt isə Bakı sakininin Lerikdə “Kalaşnikov”la saxlanılmasıdır. Lerik Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz odlu silah-sursatın saxlanılması və daşınmasında şübhəli bilinən Bakı şəhəri Sabunçu rayon sakini Samir Dadaşov Lənkəran-Lerik yolunun 50-ci kilometrliyində saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki çantadan 1 ədəd "Kalaşnikov" markalı avtomat və həmin silaha aid 15 ədəd patron aşkarlanıb. Məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Eyni gündə Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Bakının Yasamal rayonunun 2-ci Alatava adlanan ərazisində silahın aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkarlanmış silahın istifadəyə yararlı bir ədəd İJ-56 “Belka” 12-16 millimetr kalibrli ov tüfəngi olduğu müəyyənləşdirilib.

Ekspertlər hesab edirlər ki, ölkədə qanunsuz silah saxlanılması və daşınması hallarının çoxalması faktı İkinci Qarabağ müharibəsindən sonraya təsadüf edir. Mütəxəssislərin qənaətincə, müharibə zamanı ayrı-ayrı şəxslərin nəzarətdənkənar şəkildə silah əldə etməsi qanunsuz silah saxlama hallarını artırıb. Ekspertlər qanunsuz silahların yığılmasının vacib olduğunu, əks təqdirdə sonradan kriminal halların artmasının şahidi olacağımızı bildirirlər. Bəs qanunsuz silahları vətəndaşlardan necə yığmaq mümkündür?

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib. Nazirliyin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabındakı paylaşımında bildirib ki, qanunsuz odlu silah saxlayanlar onu təhvil verməlidirlər: “Qanunsuz odlu silahlar könüllü veriləcəyi təqdirdə cəza təhdidi yaranmır. Başqa sözlə, könüllü təhvil verilsə, DİN həmin şəxsə təşəkkür edəcək”.

Sabiq polis rəisi Mahmud Hacıyev isə bir qədər fərqli düşünür. Teref.az-ın xəbərinə görə, M.Hacıyev AYNA-ya müsahibəsində deyib ki, qanunsuz silah saxlamada artım yoxdur:

- Keçmişdən qalan silah-sursatlardır ki, mütəmadi olaraq üzə çıxır. Nəzərə almaq lazımdır ki, Qafqaz xalqlarında silaha xüsusi sevgi var. Azərbaycanlılar da qafqazlı olduqlarına görə, qanunsuz silah daşımaya meyil təəccüblü deyil. Hər kəs bilir ki, qanunsuz silah gəzdirmə cinayətdir, təhlükəlidir, yenə də onu saxlayır. Hansısa cinayət törətməsə də, evində silahı göz bəbəyi kimi qoruyur. Əldə olan silahların sayında artım müşahidə edilmir. Ola bilər ki, kimsə mənim fikrimlə razılaşmasın, amma düşünürəm ki, bunlar keçmişdən qalan silahlardır.

- Qanunsuz silahların keçmişdən qalanlar olması dedikdə hansı dövrü nəzərdə tutursunuz?

- Birinci Qarabağ müharibəsi zamanı qarışıqlıq idi, orduda nizam-intizam yox idi. Rusiya qoşunları Azərbaycandan pərakəndə formada çıxdılar. Demək olar ki, onlar silahları təhvil vermədilər, ya atıb getdilər, hansı ki, bu silahlar da ayrı-ayrı fərdlərin əlinə keçdi. Yaxud da vətəndaşlara dəyər-dəyməzinə silahları satdılar. O zaman əllərdə kifayət qədər silah-sursat var idi. Hətta o vaxt hökumət səviyyəsində əllərdəki silahların yığılması barədə sərəncam oldu. Eyni zamanda, qanunsuz silahların toplanması ilə bağlı əməliyyatlar keçirildi. Xeyli silah da yığıldı. Amma proses tam başa çatmadı. Kimlərsə vaxtında saxladı, gizlətdi, indi zaman-zaman həmin silahlar üzə çıxır. Hansısa cinayətdə istifadə olunur, ya satmaq məqsədilə üzə çıxarırlar və s.

- Belə iddialar var ki, İkinci Qarabağ müharibəsindən sonra qanunsuz silah saxlama halları artıb...

- Mən şəxsən buna inanmıram. İkinci Qarabağ müharibəsi, ondan sonra keçirilən antiterror əməliyyatları pərakəndə olmayıb. Bəli, Birinci Qarabağ müharibəsi pərakəndə formada idi, ordu demək olar ki, yox idi. O zaman hərənin əlində bir silah şəhərin ortasında gəzirdi. Amma İkinci Qarabağ müharibəsi peşəkar ordu tərəfindən aparıldı, plana uyğun addımlar atıldı. Peşəkar zabitlər var, əsgərlər qanuna tabedirlər. Vətən müharibəsində hansısa əsgər, zabit tabeldə olan silahı necə gətirib evində saxlaya, qanunsuz daşıya bilər?! Bu, mümkün deyil.

Ermənilərin postlarda atıb qaçdıqları silahlar da Müdafiə Nazirliyi, polis tərəfindən yığılıb, aidiyyəti üzrə təhvil verilib. Yəni o silahların da sıravi şəxslərin əlinə keçməsi mümkün deyil.

- Birinci Qarabağ müharibəsindən təxminən 35 ilə yaxın vaxt keçir. Bu zaman kəsiyində həmin dövrdən qalan silahların tam yığılması niyə mümkün olmayıb?

- Kimsə evində, “podval”ında, yaxud hansısa deşikdə silahı saxlayırsa, üzə çıxarmırsa, hüquq-mühafizə orqanları bunu necə üzə çıxara bilərlər. Hüquq-mühafizə orqanları ekstrasensdir, falçıdır ki, kimdə qanunsuz silah varsa, onu müəyyənləşdirsin?! O vaxt Qarabağdan məcburi köçkün düşən ailələrin çoxusunda silah var idi, tapılırdı, müsadirə olunurdu. Heç o silah həmin köçkünə lazım da deyildi, sadəcə əlinə alıb gətirmişdi. Bəziləri həvəslənib gəzdirirdi, bəziləri qorxurdu, özünü müdafiə vasitəsi kimi saxladığını deyirdi və s. İndi bəziləri heç cinayət törətmək məqsədi ilə saxlamır silahı, hansısa bir əşya kimi saxlayır. Aydın məsələdir ki, bu, qanunsuz əməldir. Hansısa cinayətə meyilli şəxslərin əlinə keçə, böyük faciələr yaşana bilər. Hansı ki, biz bu cür cinayətlərin törədilməsinin də şahidi olmuşuq.

- Daxili İşlər Nazirliyi qanunsuz silah saxlayanlara müraciət etdi ki, silah-sursatı könüllü təhvil verənlər cinayət məsuliyyətindən azad olunacaqlar. Hətta nazirlik bəyan etdi ki, buna görə həmin şəxslərə təşəkkür ediləcək. Sizcə, bu müraciətin effektiv nəticəsi olacaqmı?

- Hesab edirəm ki, DİN-in müraciəti çox yerində və zamanındadır. Mən bunu alqışlayıram. Ola bilsin ki, müraciətin effektiv təsiri olsun, kimlərsə qanunsuz saxladığı silah-sursatı təhvil versinlər. Amma tam şəkildə bu müraciətə müsbət cavab veriləcəyini gözləmək də sadəlövhlük olardı. Çünki könüllü silahı təhvil verməyənlər də olacaq. Düşünürəm ki, rəsmi qurumlardan maarifçi addımlar tez-tez atılmalıdır, xoş bəyanatlar tez-tez səsləndirilməlidir. Bu halda insanların düşüncəsində dəyişiklik ola, qanunsuz əməllərinə son qoymaq üçün DİN-in çağırışına əməl edə bilərlər. Bəzilərinə isə bu çağırışlar heç kar etmir, etməyəcək də.

- Siz uzun illər cəmiyyətin müxtəlif təbəqəsi ilə işləmisiniz. Belə çağırışlara niyə müsbət reaksiya vermirlər, niyə qanunsuzluqlarını davam etdirirlər?

- Bu, insanların xarakterindən, psixoloji durumundan, dünya görüşünün kasadlığı ilə, kriminala meyilliliyi ilə bağlı məsələdir. Eyni zamanda, silaha sevgi də, qorxu da burada rol oynayır. Əsas üç səbəb var: birincisi, bizim millətdə silaha sevgi var, bunu etiraf etməliyik. İkincisi, qorxu amilidir, düşünür ki, birdən silahı könüllü şəkildə polisə təhvil verər, amma onu çək-çevirə sala bilərlər. Üçüncüsü isə insan var, düşünür ki, gələcəkdə bəlkə lazım oldu. Adam var kiminləsə ədavəti var, düşməni var, fikirləşir ki, nə vaxtsa həmin düşməninə qarşı istifadə etməli olar. Belə adamlar adətən cinayətə meyilli adamlar olur. Təbii ki, silahı könüllü təhvil verməməyin bir çox səbəbləri ola bilər, amma əsas sadaladığım üç səbəbdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.