“Müəllimin tərbiyəsi olmalıdır ki, şagirdləri tərbiyələndirsin, belə halları direktorlar gizlədir” - ETİRAZ
26-01-2024, 11:46
“Müəllimin tərbiyəsi olmalıdır ki, şagirdləri tərbiyələndirsin, belə halları direktorlar gizlədir”
“Məktəbdə 2-ci sinif şagirdinə qarşı edilən cinsi zorakılıq çox iyrənc, pis bir hadisədir. Nəinki o məktəbdə, bütün məktəblərdə tədrisə, inkişafa önəm verilməlidir. Belə hallar məktəb direktorları və müəllimlər tərəfindən gizlədilibsə, bu qəbuledilməz haldır. Nazirlik məsələni araşdırıb, ən doğru cəzanı verməlidir”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Əli Nur deyib. O daha sonra bildirib ki, bu cür halların baş verməsində həm valideyn, həm də müəllim günahkardır.
“Direktor həmin uşağa görə cavabdehdir. Vaxtında bunların qarşısını direktor, təlim-tərbiyə işlərinə baxan müəllimlər almalı idilər. Görünür onlar buna göz yumublar. Çox təəssüf ki, belə bir hadisə baş verib. Tərbiyə həm evdə olmalıdır, həm də məktəb tərəfindən verilməlidir. Ailə və məktəbin birləşmiş tərbiyəsi yaxşı nəticə verir. Eyni zamanda da məktəbdə də o paklıq, müqəddəslik davam etdirilməlidir. Məktəb ikinci ev, ailədir. Müəllim uşağı düzgün yola çəkməlidir. Karl Marks deyib ki, “Tərbiyəçi olmaq üçün, tərbiyə olunmaq lazımdır”. Müəllimin tərbiyəsi olmalıdır ki, şagirdləri tərbiyələndirsin, işığa doğru aparsın. Müəllimlərin əksəriyyəti dərslərə, şagirdlərə laqeyd yanaşır. Çox vaxtı dərs də keçmirlər. Gəlib oturub, qeybət edib, gedirlər. Nə dərsdən, nə də uşaqların tərbiyəsindən xəbərləri var. Çox vaxt belə halların özüm də şahidi oluram. Qızları qadın müəllim, oğlanları isə kişi müəllimlər başa salmalıdırlar. Onların hər birinin üzərinə böyük məsuliyyət düşür. Həm də məktəbdə nəzarət mütləqdir” deyə sənətkar bildirib.