Ordu Naxçıvanla sərhədə yığıldı: Qarakilsə istiqamətində hücumun olması... - Kritik gəlişmə
5-04-2024, 11:31
Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Azay Quliyev Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Azay müəllim, 5 aprel Brüssel görüşünün pərdələnmiş hədəfləri, əsl məqsədi nədir? Azərbaycanın haqlı etirazları fonunda burada hansı məsələlər gündəmə gətirilə bilər?
- Bu gün Brüsseldə Ermənistan-Avropa İttifaqı-ABŞ arasında keçiriləcək üçtərəfli konfransın əsl mahiyyəti, məqsədi və pərdələnmiş hədəfləri var. Birinci məqsəd, torpaqlarının işğalına birdəfəlik son qoyan Azərbaycanın öz şərtləri ilə sülh müqaviləsinin imzalanmasına təkid etməsi fonunda Avropa İttifaqının (Fransanın) və ABŞ-nin Ermənistana açıq dəstəyini nümayiş etdirməkdir. Təsadüfi deyil ki, görüşün ilk anonsu 6 ay öncə, keçən ilin oktyabrın 5-də Azərbaycanın haqlı olaraq iştirakdan imtina etdiyi Qranadada verilib. Brüssel görüşünə müxtəlif “don geyindirməyə” çalışsalar da, burada pərdələnmiş hədəflərdən biri Azərbaycana təzyiqi artırmaqdır. Eləcə də ölkəmizə qarşı Ermənistanı gücləndirmək, rəsmi İrəvana iqtisadi və hərbi dəstəyi hiss olunacaq dərəcədə artırmaq üçün real mexanizmlər yaratmaq, müxtəlif proqram və layihələri təsdiqləmək istəyirlər. İkinci məqsəd isə bu görüşü təşkil etməklə ABŞ və Aİ-nin Ermənstan hakimiyyətinə, şəxsən Nikol Paşinyana dəstəyini artırmaqdan ibarətdir. Onun mövqeyini və fiziki təhlükəsizliyini ölkə daxilində daha da gücləndirmək istəyi də ortadadır. Təsadüfi deyil ki, açıqlanan görüşün formal mövzusu iqtisadi və demokratik islahatlara dəstək kimi təqdim olunur. İndiki vaxtda reytinqi 17 faizə düşən Paşinyanın bu dəstəyə çox ehtiyacı var.
- Burada Rusiyanın regionda nüfuzunun azaldılması hesablanmış amillər nədən ibarətdir?
- Ermənistanı Rusiyanın orbitindən çıxarmaq üçün bir tərəfdən nəbz yoxlanılması amili də var. Yəni, Rusiyanın hara qədər müqavimət göstərə biləcəyinin dairəsini dəqiqləşdirmək istəyirlər. Digər tərəfdən, Rusiya ilə strateji əlaqələrin kəsilməsi istiqamətində praktiki addımlar atmaq üçün Paşinyanı daha da cəsarətləndirmək, daha irəli gedəcəyi təqdirdə Rusiyanın siyasi, iqtisadi və hərbi basqısından Ermənistanı müdafiə edə biləcəklərini açıq nümayiş etdirmək niyyətiləri var. Əgər, Ermənistan KTMT-dən çıxarsa, ona təhlükəsizlik zəmanəti, Avrasiya iqtisadi birliyinidən çıxarsa, iqtisadi itkiləri kompensasiya etmək yollarını müəyyən etmək niyyətindədirlər.
- Azərbaycanın Ermənistana hərbi müdaxilə edəcəyi ilə bağlı aparılan informasiya təbliğatı ilə nəyi pərdələmək istəyirlər?
- Şərti sərhəddə hərbi təxribat törədiləcəyi təqdirdə Azərbaycanın cavab tədbirlərini Ermənistana hücum kimi qiymətləndirəlməsi məsələsi var. Eyni zamanda zamanda Fransa və ABŞ-ın məsələyə necə müdaxilə edəcəyi ssenarilərini Brüsseldə müzakirə etmək niyətindədirlər. Beləliklə, onların rəsmi İrəvanın kömək üçün göndərdiyi dəvətlə Ermənistanda hərbi cəhətdən yerləşməsinə, Rusiya hərbi bazasını və sərhəd qüvvələrini Ermənistandan çıxarılmasına nail olmaq kimi planları mövcuddur. Aİ-nın “mülki missiyası”na (əslində hərbi missiya) Kanadanın ardınca ABŞ-ın qoşulma niyyətinin olması haqqında məlumatlar da bu planın tərkib hissəsidir.
- Sizcə, Ermənistanın hərbi cəhətdən təminatı, balansın pozulması kimlərin marağına xidmət edir?
- Əgər, ABŞ və Aİ-nın hərbi qüvvələri Ermənistanda yerləşərsə, o zaman, Azərbaycanla güc balansının və tarazlığın yaranmasını, “çəkindirici güc” kimi çıxış etməsini təmin etmək əsas hədəflər sırasındadır. Aİ-nın “mülki missiyası”nın Ermənistanı Azərbaycandan “qoruyan müdafiə qalxanı” kimi fəaliyyət göstərməsi, hətta, son günlər Ermənistanın şərti sərhəddə qoşun cəmləşdirməsini “ört-basdır” edən bəyanatla çıxış etməsi kimi faktlar var. Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaarın Ermənistan XİN-in mətbuat xidmətinin sözçüsü rolunu oynaması bu qurumun əsl mahiyyətini bir daha ortaya qoymuş oldu. Bu baxımdan, Aİ-nın yaxın gələcəkdə Ermənistanın Azərbaycana qarşı törədə biləcəyi hərbi təxribata verəcəyimiz cavabı aqressiya kimi qiymətləndirəcəyi şübhə doğurmur. Ona görə də qərb Qranada görüşündən sonra bu planın həyata keçirilməsi məqsədilə ölkəmizə qarşı yeni informasiya müharibəsinə, Azərbaycanı Ermənistana hücum edəcəyi haqqında yalan kampaniya başladıb. Paşinyanın “əgər, 4 qeyri-anklav kəndi qaytarmasaq, Azərbaycan bir həftəyə hücuma keçəcək” bəyanatı da bu kampaniyanın tərkib hissəsidir. Bu bəyanatdan təxminən üç həftə keçir, nə Paşinyan 4 kəndi qaytarır, nə də Azərbaycan Ermənistana hücum edir.
Ətraflı
- Brüsseldə sülh və Zəngəzur dəhlizi ilə bağlı məsələlərin müzakirə olunacağı gözlənilirmi?
- Sülh danışıqlarında və Zəngəzur dəhlizi məsələsində Azərbaycanın mövqeyini zəiflətmək, kommunikasiya və nəqliyyat xəttlərinə, xüsusilə, orta dəhlizə nəzarəti ələ keçirmək niyyətləri var. Ermənistanı sözün əsl mənasında ABŞ və Fransanın alətinə, forpostuna və geosiyasi maraqların toqquşduğu “plasdarma” çevirmək planları da mövcuddur. Həmçinin Rusiyaya qarşı Cənubi Qafqazda ikinci cəbhə açmaq niyyəti də görüşün pərdələnmiş hədəfləri və məqsədləri sırasındadır. ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun katibinin müavini Ceyms O`Brayn ABŞ Konqresinin keçən ilin noyabr ayında Qarabağda vəziyyətə dair keçirdiyi dinləmələrdə Zəngəzur dəhlizinin yalnız Ermənistanın istəyi və şərtləri çərçivəsində açıla biləcəyi haqqında verdiyi bədnam bəyanatını xatırılamaq yerinə düşər. Bundan başqa, ABŞ kəşfiyyatının martın 4-də yaydığı açıqlamada “Zəngəzur dəhlizi uğrunda müharibə ola bilər” ifadəsinin işlətməsi də Azərbaycana qarşı nəzərdə tutulan planın hazırlıq mərhələsinin tərkib hissəsi kimi qiymətləndirilməlidir. Bütün bu “informasiya artilleriyası hazırlığı”ndan sonra Ermənistan ordusunun son günlər məhz, Naxçıvanla sərhəddə, yəni, Qarakilsə istiqamətində fəallaşması hərbi təxribatın Zəngəzur dəhlizi ətrafında baş verə biləcəyi ehtimalını artırır.
- Qərbin regionda bu fəallığı fonunda İranın susqunluğu nə ilə bağlıdır?
- Maraqlıdır ki, qərbin bu dağıdıcı fəallığına və regiona tam nəzarət etmək istəyinə İrandan heç bir reaksiya yoxdur. İran bir il öncə regiona üçüncü tərəfin müdaxiləsini onun “qırmızı xətti” adlandırmasına və Azərbaycana hədə-qorxu gəlməsinə baxmayaraq, bu prosesə səssiz qalmaqda davam edir. Bunun səbəbləri barədə bəzi məqamlar var. Fransa ilə İranın “arxa qapıdan” sıx təmasda olmaları hamıya bəllidir. Bu təmaslar zamanı qərbin Ermənistanda möhkəmlənməsini Tehranın “bazarlıq” mövzusuna çevirməsi ehtimalı çox yüksəkdir. Aİ-nın xarici siyasi məsələlər üzrə ali nümayəndəsi Cozef Borelin İranın XİN başçısına bu günlərdə zəng vurub İrana qarşı sanksiyaların qaldırılmasının mümkünlüyünü bildirməsi susqunluğun səbəbləri sırasında qeyd etmək mümkündür. Eyni zamanda qərbin Azərbaycana və Zəngəzur dəhlizinə qarşı planlarının İranın maraqlarına xidmət etməsi və rəsmi Tehranın ölkəmizə qarşı yumşaq desək, qeyri-dost siyasəti ilə üst-üstə düşməsini ayrıca vurğulamaq lazımdır.
- Rəsmi Bakının bu proseslərə yanaşması necə olacaq?
- Azərbaycan heç bir halda bu məkrli planın baş tutmasına imkan verməyəcək. ABŞ, Fransa və Aİ tərəfindən ölkəmizin təhlükəsizliyini açıq təhdid edəcək praktiki addımlara yol verilərsə, o zaman, tez-tez deyildiyi kimi, Ermənistanın Suriyaya çevrilməsi, regionda ciddi təlatümların və yeni müharibənin baş verməsi qaçılmaz olacaq. Bütün bunların məsuliyyəti isə ilk növbədə, ABŞ-ın, Fransanın, Avropa İttifaqının və əlbəttə ki, Ermənistanın üzərində qalacaq. Nəticədə, ən çox qərbin bölgədəki strateji maraqları zərər görəcək. Ona görə də, əgər, ABŞ və Aİ Ermənistanı Rusiyanın orbitindən, iqtisadi və hərbi asılılığından qoparmaq istəyirsə və bunu etməyi bacarırsa, etsin. Lakin bunun Azərbaycanın milli maraqları bahasına edilməsi qətiyyən yol verilməzdir. Azərbaycanı bu oyuna çəkmək olmaz. ABŞ və Avropa Azərbaycanla əməkdaşlığını, özəlliklə, enerji, nəqliyyat və logistika planlarını risk altına atmamalıdır.
- Türkiyənin regionda mövcudluğu, Blinkenin zəngi proseslərə necə təsir edə bilər?
- Türkiyə-Azərbaycan birliyi və ittifaqı bu planın qarşısını almaq üçün hərbi, siyasi, iqtisadi və diplomatik rıçaqlardan tam şəkildə istifadə etmək iqtidarında və əzmindədir. Qərbin istənilən pozucu hərəkəti Ermənistanla sülh müqaviləsini, Türkiyə ilə normallaşma prosesini qeyri-müəyyən vaxta təxirə salacaq. Bu vəziyyətdən isə ən çox faydalanan İran və Rusiya olacaq. Görünür, ABŞ-ın Dövlət katibi Entoni Blinken bunu yaxşı başa düşdüyündən Azərbaycanın Prezidenti cənab İlham Əliyevə aprelin 3-də zəng vurması 5 aprel görüşünün ölkəmizin əleyhinə olmadığını əsaslandırmağa və mövcud narahatçılığı azaltmağa hesablanıb. Lakin söhbət zamanı Blinken Azərbaycanın “qırmızı xəttinin nədən ibarət olduğunu və milli maraqlarımıza qarşı edilən istənilən həmlənin cavabsız qalmayacağını da tam olaraq anlayıb. Amma baş verən olaylara Türkiyə hələ ki, rəsmi münasibət bildirməsə də, iki qardaş ölkə arasında mövzuya dair sıx məsləhətləşmə və məlumat mübadiləsi ən yüksək səviyyədə həyata keçirilir.