"Bu məsələlər nə qədər tez həll edilsə... - Azərbaycan-İran əlaqələri daha çox genişlənər"

21-05-2024, 15:38           
"Bu məsələlər nə qədər tez həll edilsə... - Azərbaycan-İran əlaqələri daha çox genişlənər"
İranda baş verən və prezident İbrahim Rəisinin ölümü ilə nəticələnən helikopter qəzası ilə bağlı Tehranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymaninin “Yenisabah”a müsahibəsi:

- İran prezidentinin qəzada həlak olması ilə bağlı şərhinizi istəyirəm. Hadisənin kənar müdaxilə ilə olması haqda bəzən ehtimallar səslənir. Sizcə bu nə qədər mümkündür?

- Əslində belə bir hadisə olanda, şübhələr də yaranır. İndi hadisənin necə baş verməsi ilə bağlı müxtəlif fikirlər səslənir. Təbii ki, araşdırmalar davam edəcək, amma konkret səbəb yəqin ki, bir neçə gün sonra müəyyənləşdiriləcək. Hər halda bu məsələdə sənədlə, sübutla danışmaq lazımdır, ehtimallarla yox.

- Helikopterin kifayət qədər köhnə olduğu bildirilir. İranın hətta birinci şəxsinin istifadəsi üçün yeni helikopter almaq imkanı nə üçün mümkün olmayıb?

- Bəli, köhnə helikopter idi. Hətta keçmiş xarici işlər naziri Cavad Zərif də açıqlamasında deyib ki, bu hadisənin əsas səbəbkarı ABŞ-dır. Ona görə ki, ABŞ-ın İrana qoyduğu sanksiya səbəbindən bir zamanlar özünün satdığı helikopterlərin ehtiyat hissələrini belə İrana satmır. Bu səbəbdən köhnə helikopterlərin ehtiyat hissələrini lazım olanda dəyişmək olmur və belə hadisələr baş verir.

İndi əsas məsələ burasındadır ki, digər 2 helikopterin nasazlıqdan necə xəbərləri olmayıb? Hər halda texniki baxımdan çoxlu suallar var. Qəzaya uğramış helikopterin ehtiyat hissələri araşdırılmalı və digər iki pilotdan hadisənin detallarını soruşmaq lazımdır. Belə bir şübhə var, amma hadisənin texniki səbəbdən yoxsa başqa amillərlə bağlı olması son nəticədə bilinəcək. Bu cür hadisələrdə adətən birinci şübhəli tərəf İsrail olur. Çünki İsrail dəfələrlə belə işlər görüb.

- Bu qəza İranın daxilində və eyni zamanda xarici siyasətində hər hansı dəyişikliklərə səbəb olacaqmı?

- Cənab Rəisinin ölümü dövlətin davamlılığına ciddi problem yaratmayacaq. İran konstitusiyasının 131-ci maddəsinə əsasən, prezidentin vəzifələrini vitse-prezident müvəqqəti icra edir. 50 gün ərzində prezident əvəzi, məhkəmə hakimiyyətinin rəhbəri və Nəzarətçilər Şurasının rəhbərindən ibarət xüsusi komissiya yaradılır. Onların vəzifəsi ölkədə növbəti 50 gün ərzində növbədənkənar prezident seçkilərini təşkil etməkdir. Bu baxımdan dövlət üçün ciddi problemlər olmayacaq. Daxili və xarici məsələlərdə siyasət necə idisə, elə də davam edəcək. Əlbəttə, ola bilsin ki, seçkilərin gedişində daxili məsələlərdə bəzi yeniliklər olsun.

- İbrahim Rəisi bəndlərin açılışında Azərbaycanla bağlı kifayət qədər pozitiv və münasibətlərin müsbət istiqamətdə davam etməsini arzulayan çıxış edib. Hətta bəziləri bunu prezidentin vəsiyyəti kimi qəbul edir. Sizcə bu siyasət İranın formalaşacaq yeni rəhbərliyi tərəfindən davam etdiriləcəkmi?

- Ümumiyyətlə diplomatik görüşlərdə xoş söhbətlər və addımlar olur. Amma siyasətdə bütün xoş arzular və istəklər öz yerini tapmır. Real siyasət isə əməldə özünü göstərir. Düzdü, çalışmaq lazımdır ki, dostluq əlaqələri daha da möhkəmlənsin, ancaq həmişə belə olmur. Bəziləri elə fikirləşir ki, mərhum Rəisi öləcəyini bilirmiş və bəzi cümlələrini vəsiyyət kimi söyləyib. Ancaq mən bununla razı deyiləm. Heç kim nə zaman öləcəyini bilə bilməz. Təbii ki, İran və Azərbaycan hər zaman bütün mövzularda bir-birinin yanındadırlar və bu belə davam edəcək. Amma hər halda, bəzi problemlər də var. Ümumən real baxmaq daha yaxşıdır, çünki belə olduqda problemləri daha aydın görmək olur. Ona görə də, mən güman edirəm ki, iki ölkə arasında regionla bağlı bəzi məsələlər həll edilməlidir. Bu məsələlər nə qədər tez həll edilsə, Azərbaycan-İran əlaqələri daha çox genişlənər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.