Habil Qurbanov: “Şuşa Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər qlobal əhəmiyyət kəsb edir”

24-07-2024, 10:24           
Habil Qurbanov:
“Ölkə Prezidenti cənab İlham Əliyev 2020-ci il noyabrın 8-də xalqa müraciətində demişdi ki, biz Şuşanı dirçəldəcəyik. Bu gün, həmin tarixi müraciətdən dörd ildən də az bir müddət keçir. Lakin artıq bütün dünya dirçələn Şuşanı görür. Artıq neçə müddətdir ki, Azərbaycanın Mədəniyyət paytaxtı mühüm beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi edir. O cümlədən keçən il iyulun 21-də müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq dünyanın aparıcı media, jurnalist təşkilatları rəhbərləri, KİV nümayəndələri, informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertlər və tanınmış jurnalistlər Şuşa Qlobal Media Forumunda iştirak etmək üçün bir araya gəlmişdilər. Bu il isə, iyul ayının 20-də artıq 2-ci Şuşa Qlobal Media Forumu öz işinə başladı. Forumun açılış mərasimində iştirak edən Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışında bu mötəbər beynəlxalq tədbirin artıq ənənəvi xarakter aldığını qeyd etdi. Media Forumunun gedişində dövlət başçısına ünvanlanan suallar ölkəmizə və ümumilikdə Cənubi Qafqazda gedən proseslərə bütün dünyada marağın son dərəcə böyük olduğunu və getdikcə artdığını bir daha nümayiş etdirdi. Əlbəttə ki, bu vəziyyəti şərtləndirən əsas amillərdən biri də Azərbaycanın Avropa İttifaqına üzv ölkələrin enerji təhlükəsizliyinin təminatında rolunun getdikcə artmasıdır. Eyni zamanda qeyd olunmalıdır ki, Forumun mövzusu kimi seçilmiş “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” problemi də bu gün istər regionumuzda, istərsə də bütün dünyada son dərəcə aktualdır. Cənab Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan illər boyu Qərbdəki anti-Azərbaycan qüvvələrin, ermənipərəst dairələrin informasiya hücumlarına məruz qoyulub. Ölkəmizə qarşı iri miqyasda dezinformasiyalar yayımlanıb, Azərbaycan demonizasiyaya məruz qoyulub.”

Bu sözləri aia.az-a verdiyi müsahibəsində Elmi Təşkilatların Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri hüquq elmləri doktoru, professor Habil Qurbanov deyib.

Fikirlərini davam etdirən müsahibimiz bildirib ki, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərdə dünyada mövcud olan neqativ tendensiyalara qarşı, o cümlədən neokolonializmin iyrənc təzahürlərinə qarşı Azərbaycanın barışmaz mövqeyi bir daha diqqət mərkəzinə gətirilib: “Dövlətimizin başçısı bir daha qətiyyətlə bəyan etdi ki, Azərbaycan hər zaman neokolonializmin iyrənc təzahürlərinə qarşı mübarizə aparan ölkələri və xalqları dəstəkləyəcək. Qeyd olundu ki, ölkəmiz Qoşulmama Hərəkatına sədrliyə başlayandan bu məsələ ilə yaxından məşğul olmağa çalışıb. Çünki həmin təşkilatın bir çox üzvü keçmişdə kolonializmin qurbanı olmuşdur. Bəzi ölkələr isə hələ də bundan əziyyət çəkir. Bu gün neokolonializmi mümkün qədər uzun müddət yaşatmağa çalışan ölkələrdən biri Fransadır. Fransız imperializminin müstəmləkə ölkələrində törətdiyi vəhşiliklər haqqında dünyanın xatırlamalı olduğu faktlar həddindən artıq çoxdur. Bu gün Fransa müstəmləkələrə sahib olmağı, onları idarə etməyi, sıxışdırmağı, viran qoyulmuş ölkələrin bu müstəmləkə zülmündən qurtulmasına imkan verməməyi adi bir hal kimi qəbul edir. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi bu məsələni qaldırıb və Bakı təşəbbüsünü irəli sürməklə müstəmləkə ərazilərinin nümayəndələrinin iştirakı ilə tədbirlər həyata keçirib. Ölkəmizin Qoşulmama Hərəkatında sədrliyi başa çatsa da, Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirəcək və fransız neokolonializminin ifşa olunması, müstəmləkələrin Fransanın zülmündən azad olunması prosesini hər vasitə ilə dəstəkləyəcək.”

Daha sonra H.Qurbanov Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı və Afrika İttifaqı arasında əlaqələr haqqında dediklərinin əhmiyyətini vurğulayaraq bunları deyib: “Dövlət başçımız Türk Dövlətləri Təşkilatı və Afrika İttifaqı arasında əməkdaşlığın gücləndirilməsindən bəhs edərək dedi ki, iki həftə bundan əvvəl Şuşada keçirilmiş Türk Dövlətləri Təşkilatının qeyri-formal Zirvə toplantısının gedişində təşkilatın potensialının gücləndirilməsi məqsədilə Azərbaycan katibliyə iki milyon dollar məbləğində ianə ayırdı. Bu addım ona görə atılıb ki, Türk Dövlətləri Təşkilatı beynəlxalq müstəvidə daha fəal olsun. Dövlət başçımız beynəlxalq təşkilatlarla, o cümlədən Afrika İttifaqı ilə praktiki və möhkəm əlaqələrin qurulmasının vacibliyini vurğuladı. Öz növbəsində Azərbaycan özü də Afrika İttifaqının üzv ölkələri ilə əməkdaşlığı gücləndirməyə çalışır və bu məqsədlə Efiopiyada öz səfirliyini təsis edib. Bu gün ölkəmizin Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmasları var. Qeyd olundu ki, Qoşulmama Hərəkatına sədrliyi Azərbaycana Afrika ölkələrilə praktiki təmaslar qurmağa kömək etmişdir. Cənab Prezident COP29-la bağlı həmin ölkələrə dəvətlər göndərib və artıq bir çox Afrika ölkələrinin prezidentləri öz iştiraklarını təsdiq ediblər. Bu da yaxşı fürsət olacaq ki, təmaslar qurulsun. Hazırda Türk Dövlətləri Təşkilatı və Afrika İttifaqı arasında rəsmi əməkdaşlıq kanalları olmasa da, bu, olacaqdır. Ancaq milli səviyyədə Azərbaycan və Afrikanın müxtəlif ölkələri arasında yaxşı əməkdaşlıq əlaqələri mövcuddur. Azərbaycan COVID dövründə 80-dən artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib ki, onların da bir çoxu məhz Afrika İttifaqının üzvləridir” – deyə, Habil Qurbanov fikirlərini tamamlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.