“Yeraz”-naxçıvanlı mövzusu böyüyür: YAP istəsəydi... - QALMAQAL
9-09-2024, 18:28
Növbədənkənar parlament seçkilərindən sonra Qərbi Azərbaycanlılar və naxçıvanlıların yeni formalaşacaq parlamentdə üstünlük təşkil etməsi ilə bağlı səslənən fikirlər demoqogiyanın yeni növüdür. Bu, məntiqə sığmayan məsələdir. Seçkinin taleyini seçici həll edir. Seçici səs verdikdə namizədin haralı olması deyil, kimin yanında olmasını, nəyə xidmət göstərdiyini əsas götürür.
Bunu Teleqraf.com-a Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü Musa Quliyev deyib.
“Namizədin nüfuzu, çəkisi, bölgəyə, seçildiyi dairəyə, ölkə qanunvericiliyinin zənginləşməsi üçün potensialı nəzərə alınır. YAP-ın apardığı təbliğat-təşviqat kampaniyası ilə digər namizədlərin ortaya qoyduğu mövqe də önəmlidir. Ona görə də, Qərbi Qzərbaycanlılar və naxçıvanlılar mövzusu ətrafında ortaya atılan cəfəng fikirlər həmrəyliyi, etimadı pozmağa, qarşıdurma yaratmağa hesablanmış çirkin iftiradır”, - deyə bildirib.
Onun sözlərinə görə, seçkilərdə uduzan tərəf həmişə narazı qalır: “Amma uduzmağı da gərək etiraf edib, mərdcəsinə qəbullanasan. Azərbaycan cəmiyyətində ən radikal müxalifət belə üzdə deməsə də dəqiq bilir ki, Yeni Azərbaycan Partiyasına güc nisbətində bərabər olan siyasi partiya yoxdur. Hətta müxalifət kluarlarında partiya təmsilçiləri və liderləri bildirir ki, YAP istəsəydi, 125 dairənin hamısından qələbə ilə çıxardı”.
Musa Quliyev qeyd edib ki, YAP-ın gücü, resursları mövcuddur: “Partiyanın sədri Prezident İlham Əliyevin 2020-ci il 44 günlük Vətən Müharibəsindəki tarixi qələbədən sonra yüksək reytinqi xalqın inamını daha artırıb. Azərbaycan xalqı da bu yolun davamını istəyir. Reallıq məhz budur. Təəssüf ki, sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkilərində vicdanla mübarizə aparıb qələbə əldə edə bilməyənlərlə yanaşı, təxribatla məşğul olanlar da vardı. Bəziləri hətta bu seçkilərə xarici təşkilatlara hesabat təqdim etmək üçün qatılıb”.
Yeni Azərbaycan Partiyasının təmsilçisi, VI çağırış Milli Məclisin deputatı Siyavuş Novruzov da Qərbi azərbaycanlılar və naxçıvanlıların parlamentdə daha çox yer qazanması ilə bağlı səslənən fikirlərin əsassız olduğunu bildirib: “Qəti şəkildə belə bir şey yoxdur. Bu seçkidir. Seputatlığa iddialı olanların sayı kifayət qədər idi. 25 siyasi partiya seçki prosesində iştirak edib. Mindən artıq deputatlığa namizəd bu yarışa qoşulub. Seçici kimə səs verdisə, onlar da qalib oldu”.
Siyavuş Novruzova görə, təxribat xarakterli fikirləri yayanların məqsədi prosesə kölgə salmaqdır: “Dünyada başqa adlar altında ölkələrin daxilində konfliktləri qızışdırırlar. Dağıstanda din adı altında belə hadisələr oldu. Bəzi yerlərdə etnik və regional təfriqələr yaradırlar. Bu, böyük dövlətlərin qurduğu oyundur. Həmin oyunun yerlərdəki icraçıları isə bunu “canla-başla” icra edir. Azərbaycanda belə hal yoxdur. Hamımız qarabağlıyıq, Qərbi azərbaycanlıyıq, naxçıvanlıyıq, lənkəranlıyıq, şəkiliyik, zaqatalalıyıq, bakılıyıq və s. Seçkilərin nəticəsi rəsmi şəkildə elan edilmədiyi vaxtda prosesə kölgə salmaq məntiqsizdir”.
Azad Vətən Partiyasının sədri Akif Nağı Globalinfo.az-a açıqlamasında iddia edib ki, yeni parlamentdə əsasən Qərbi Azərbaycan və Naxçıvandan olan şəxslər çoxluq təşkil edir: “Bizə yaraşmasa da, açıq deyəcəm, deyilənləri söyləyirəm, “yerazlardan” naxçıvanlılardan ibarət parlament formalaşdırırlar. Hətta belə fikir gəzir, hansısa bir rayondan, tutaq ki, Ağdam rayonundan kimisə seçirlərsə, onun kökü-köməci yeravanlıdırsa (Qərbi azərbaycanlı-red.), o adama üstünlük verirlər. Belə bir təhlükə var”.