Səfir Kazlariç: ABŞ və Azərbaycanın Avropanın enerji təminatı sahəsində əməkdaşlığı inkişaf etdirməsi üçün imkanlar ola bilər
Bu gün, 15:44
![Səfir Kazlariç: ABŞ və Azərbaycanın Avropanın enerji təminatı sahəsində əməkdaşlığı inkişaf etdirməsi üçün imkanlar ola bilər](/uploads/posts/2025-02/1739220708_1.jpg)
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç Amerikanın Səsinə müsahibədə prezident Donald Trampın hakimiyyətinin ikinci dönəmində ABŞ və Azərbaycan arasında münasibətlərin perspektivlərini şərh edib. O, prezident Trampın energetika sahəsində icraedici sərəncamına diqqət çəkərək, yeni administrasiyanın Birləşmiş Ştatların enerji sahəsində dominantlığı məsələsinin prioritetlər sırasında olacağını düşündüyünü qeyd edib. Səfir Kazlariç ABŞ-Azərbaycan münasibətlərində Avropanın enerji təminatı sahəsində əməkdaşlığın inkişafı üçün imkan olduğunu bildirib.
Amerikanın Səsi: Donald Tramp ABŞ-ın 47-ci prezidenti kimi vəzifəsinin icrasına başlayaraq, administrasiyası dövründə vədlərlə çıxış edib. Yeni administrasiyanın Cənubi Qafqaz regionu üçün xarici siyasət prioritetləri və strategiyalarının nədən ibarət olacağı ilə bağlı suallar verilir. Sizin fikrinizcə, Trampın yeni administrasiyasından hansı gözləntilər var?
Riçard Kazlariç: Mən əvvəldə 20 Yanvar hadisələrini yad etdiyimiz üçün başsağlığı bildirmək istəyirəm. Sovet ordusu Bakıya müdaxilə edən vaxt çox uzun bir zaman kimi görünür. Çox çətin günlər idi. Mən ilk növbədə bunu ifadə etmək istəyirdim.
Trampın ilk gününə gəldikdə çox maraqlı idi. Təkcə andiçmə mərasimi və bunun ətrafında baş verən hadisələr deyil, həm də o qədər müxtəlif sərəncamların sürətlə imzalanması onun kampaniya müddətində bir sıra müxtəlif istiqamətlərdə tez zamanda hərəkətə keçəcəyi barədə öhdəliyinə bir cavab kimi görünür. Administrasiyalar dəyişən zaman insanlar həmişə bunu soruşur. Fikrimcə, Cənubi Qafqaz, xüsusilə də Ermənistan və Azərbaycana gəldikdə, bu barədə danışmaq hələ çox tezdir. Etiraf etməliyəm ki, bütün sərəncamları oxumamışam, bir neçəsini oxumuşam. Amma onun atdığı addımlarla bağlı məni təəccübləndirən onun daxili prioritetlərə - sərhəd, ABŞ iqtisadiyyatına diqqət yetirməsidir.
Bizim görə bildiyimiz qədər xarici siyasət prioriteləri nədən ibarət olacaq? Belə görünür, diqqət Qərb yarımkürəsinə, ABŞ ətrafında ərazi və İsrail-Fələstin münaqişəsinə yönəlir. Düşünürəm ki, hakimiyyətə gələn Tramp administrasiyasının bu razılaşmanın nəhayət əldə edilməsi üçün hakimiyyətdən gedən Bayden administrasiyası ilə əməkdaşlıqda oynadığı əhəmiyyəti və rolunu nəzərdən qaçıra bilmərik. İcraedici sərəncamlar baxımından üçüncü mühüm olanı energetika ilə bağlı sərəncamdır. ABŞ-ın enerji üstünlüyü mövzusu var və Trampın sərəncamına baxdıqda mədən yanacaqları, neft və qaz hasilatının inkişafına güclü vurğunun olduğunu görürük. Biz həmçinin Bayden administrasiyasının bərpa olunan enerjiyə dair öhdəliklərindən ciddi bir şəkildə geriyə addım atıldığını görürük. Bu, ən çox ABŞ-ın iqlim dəyişikliyi ilə bağlı Paris sazişindən çıxması baxımından nəzərə çarpır. Düşünürəm ki, bu, regionda nələrin baş verə biləcəyinə baxmalı olduğumuz bir çərçivədir.
Bundan mən üç nəticə çıxarardım. Birinci, çox tez zamanda yeni dövlət katibi təyin edilib. Bu, yaxşı xəbərdir. Dövlət katibi Rubio regionu tanyır və xüsusilə Azərbaycanda insan hüquqları məsələləri ilə bağlı narahatlığını bildirib. Mənim diqqət yetirəcəyim ikinci məsələ odur ki, tezliklə Bakıda ABŞ-ın yeni səfirinin olacağına ümid edirəm. Səfir Libbinin xəstəliyi ilə əlaqədar vəzifəsini tərk etməli olması məni çox kədərləndirdi, o, bununla məşğul olmalı idi, bu, çox vacib idi. Lakin fikrimcə, bu, ABŞ-ın bölgəyə maraq göstərdiyini nümayiş etdirməsi və tez bir zamanda səfir təyin etməsi üçün imkan yaradır. Ona görə də Cənubi Qafqaz haqqında daha çox nəsə deyə biləcəyimizə əmin deyiləm. Hesab edirəm ki, bir məsələdə ehtiyatlı olmalıyıq. Bu da Tramp administrasiyasının onun ilk administrasiyasının Cənubi Qafqaz da daxil olmaqla, istənilən bölgədə qaldığı yerdən davam edəcəyini güman etməkdir. Buna görə də mənim kimi gələcək haqqında danışmağı sevən insanlar bir az səbirli olmalıdırlar. Fikrimcə, ola biləcək şeylər haqqında çox danışırıq.
Amerikanın Səsi: Sizin qeyd etdiyiniz kimi, prezident Tramp enerji siyasəti də daxil olmaqla, siyasət prioritetlərini açıqladı. Bunun xüsusilə enerji sektorunda ABŞ-Azərbaycan əməkdaşlığına hansı təsiri ola bilər? Prezident İlham Əliyev prezident Trampa təbrik məktubunda Azərbaycanın ABŞ-la enerji sahəsində əməkdaşlığı yüksək qiymətləndirdiyini qeyd edib. ABŞ-Azərbaycan münasibətlərinə bu necə təsir edə bilər? Bununla yanaşı, Vaşinqtonda Orta Dəhlizlə bağlı müzakirələr aparılır. Bunun perspektivləri nədir?
2 Riçard Kazlariç: Fikrimcə, Tramp administrasiyası üçün enerji siyasətləri ilə yanaşı bir məsələni başa düşməliyik ki, qlobal enerji mənzərəsi də əhəmiyyətli dərəcədə dəyişib. ABŞ hazırda dünyanın ən böyük neft və qaz istehsalçısıdır və Tramp administrasiyası dövründə bu rəqəm artacaq. Əgər otuz il geriyə qayıtsaq, Azərbaycan və Qazaxıstan müstəqillik əldə etdikdən qısa müddət sonra enerji əlaqələrini inkişaf etdirməyə başlayanda ABŞ-ın bu enerjinin Qərb bazarlarına çatmasına kömək etmək üçün mühüm siyasi ehtiyacı var idi. Bu gün bu daha az əhəmiyyət kəsb edir. Yəni, yerlərdə vəziyyət sadəcə olaraq dəyişib. Düşünürəm ki, Amerika şirkətlərinin maraqlarının nədən ibarət olduğuna baxmaq lazımdır. İndi bilirsiniz ki, Azərbaycanda birbaşa fəaliyyət göstərən Amoco, Chevron, Exxon kimi qlobal şirkətlər yoxdur. Onların hamısı gediblər. ABŞ-ın kommersiya marağı orada yoxdur. Əməkdaşlığın ola biləcəyini düşündüyüm bir sahə var. Bunun necə nəticələnəcəyinə tam əmin deyiləm, çünki bu, Tramp administrasiyasının Rusiyanın Ukraynaya müdaxiləsi məsələsini necə ünvanlamasından asılıdır. Bu, Qərbi Avropanın Rusiyadan olmayan qaza çıxışını təmin etməkdən ibarətdir. Yanvar ayında Rusiya ilə Ukrayna arasında boru kəməri sazişi uzadılmayıb və indi təkcə ABŞ-da deyil, Avropada da soyuq hava şəraiti nəzərə alınsa, daha çox qaza ehtiyac var. ABŞ və Azərbaycanın bu istiqamətdə əməkdaşlıq imkanları ola bilər. Lakin tamamilə fərqli bir enerji mənzərəsi var. Enerji perspektivləri fərqlidir, enerji sahəsində prioritetlər bu resursların ilk dəfə 1990-cı illərin əvvəllərində işlənməyə başlandığı vaxtdan fərqlidir.
Amerikanın Səsi: Prezident İlham Əliyev Prezident Trampa ünvanladığı təbrik məktubunda Azərbaycanın ABŞ ilə həm ənənəvi, həm də yeni sahələrdə məktubda qeyd olunduğu kimi, səmərəli əməkdaşlığın fəal şəkildə inkişaf etdirilməsini səbirsizliklə gözlədiyini vurğulayıb. Prezident Əliyev həmçinin əmin olduğunu bildirib ki, yeni administrasiya dövründə Azərbaycan və ABŞ arasında əməkdaşlıq əlaqələri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcək. Prezident Əliyevin verdiyi son şərhlərində Bayden administrasiyası ilə bağlı tənqid yer alıb. Müşahidəçilər məktubda fərqli tonu qeyd edirlər. Sizin fikrinizcə, iki ölkənin hökumətləri sizin qeyd etdiyiniz insan hüquqları və Azərbaycan və Ermənistan arasında sülh danışıqları kimi məsələləri həll etmək üçün necə əməkdaşlıq edəcək?
Riçard Kazlariç: Hesab edirəm ki, münasibətlər transaksiya xarakteri daşıyacaq. Bu, Trampın üslubudur. Düşünürəm ki, bu, əvvəlki Tramp administrasiyasının siyasətinin davamıdır. Bunun ABŞ-Azərbaycan münasibətləri baxımından və xüsusən də Ermənistan və Azərbaycan arasında genişlənməli olan sülh prosesinə dəstək verilməsində ABŞ-ın oynaya biləcəyi rol baxımından özünü necə göstərəcəyi məncə, hələ aydın deyil. Dediyim kimi, yaxşı xəbər budur ki, dövlət katibi Rubio öz komandasını bir araya gətirir. Ümid edirəm ki, çox da uzaq olmayan gələcəkdə bu, müəyyən olacaq. Yaranmış vəziyyət, xüsusən də Bayden administrasiyası ilə prezident Əliyev arasında münasibətlərin yaxşı olmaması Azərbaycan tərəfinin yaratdığı bir şeydir. Bayden administrasiyasının ABŞ-Azərbaycan münasibətlərində böhran yaratmaq niyyətində olduğunu düşünmürəm. Mən eləcə də Bayden administrasiyasının Ermənistanla strateji razılaşma əldə etməsinin xüsusilə faydalı olduğunu düşünmürəm. Çünki Bayden administrasiyasının hakimiyyətinin son günlərinda bu vəziyyət o qədər də yaxşı görünmürdü. Mənim üçün əsas sual bu kimi yanaşmanın Tramp administrasiyasına necə ötürülə bilməsi ilə bağlıdır. Mən hesab edirəm ki, strateji sazişlərə gəldikdə Cənubi Qafqazda bir ölkə ilə müqavilə bağlanırsa, məncə, bu, onların hamısı ilə olmalıdır. Bunun şərtiləri isə Ermənistan və Azərbaycan arasında sülh yolu ilə həll prosesi və Gürcüstanın indiki rəhbərliyi altında Rusiya ilə yaxınlaşma kimi tutduğu yoldan əl çəkməsi ola bilərdi. Beləliklə, Azərbaycan Tramp administrasiyasına yaxınlaşmaq üçün fürsətdən istifadə etmək istəyirmi? Hesab edirəm ki, biz xüsusilə Rusiya və İrana diqqət yetirməliyik. İran prezidentinin son həftə ərzində Moskvaya səfəri məncə, yaxşı əlamət deyildi. Rusiyadan İrana qaz nəqli üçün boru kəmərindən söhbət gedir. Moskvada razılaşma olmasa da bu, Moskvada müzakirələrin bir hissəsi idi. Mənim sualım ondan ibarət idi ki, Azərbaycan niyə bunun bir hissəsi deyildi? Çünki kəmər Azərbaycandan keçməli idi. Beləliklə də düşünürəm ki, çox mürəkkəb ikitərəfli vəziyyət mövcuddur. Bu vəziyyət təkcə təəssüf ki, prezident Əliyevin ABŞ-dan uzaqlaşmaq üçün atdığı addımlar deyil, eləcə də Rusiya-İran əməkdaşlığı ilə bağlıdır ki, mən bunun xüsusilə Azərbaycan üçün yaxşı əlamət olduğunu düşünmürəm.