İsgəndər Həmidov deputatlıq məsələsinə aydınlıq gətirdi

15-07-2015, 20:49           

Ötən gün Azərbaycanın keçmiş daxili işlər naziri İsgəndər Həmidov bu il keçiriləcək deputat seçkilərində namizədliyini irəli sürəcəyini açıqladı. O, modern.az saytına açıqlamasında bildirib ki, bu addımı ilə işğal altında olan Kəlbəcərdən gələn məcburi köçkünləri böyük sükutdan ayıltmaq istəyir.

Xatırladaq ki, hal-hazırda Kəlbəcərin millət vəkili “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovdur. Söyləntilərə görə Cavid Qurbanov dəfə vəzifəyə keçmiş daxili işlər naziri İsgəndər Həmidovun köməkliyi ilə gətirilib. Və indi İsgəndər Həmidovun Kəlbəcərdən deputatlığa namizədliyini verməsi sual yaradır.

Məsələni aydınlaşdırmaq üçün İsgəndər Həmidovla əlaqə saxladıq. Sabiq nazir Etatist.com-a açıqlamasında bildirdi ki, o, namizədlik üçün tək Kəlbəcəri deməyib:

"Kəlbəcər də daxil olmaqla işğal olunmuş torpaqların birindən namizədliyimi vermək istəyirəm ki, o rayonların deputatları hələ bir dəfə işğal haqqında danışmayıb. Birinci Kəlbəcərə aiddir. Mənim üçün Kəlbəcər də, Şuşa da, Laçın da, Ağdam da, Qubadlı da, Zəngilan da, Təbriz də Azərbaycandır. Təbriz də işğal altındadır, Dərbənd də..."

Cavid Qurbanovun onun köməkliyi ilə vəzifəyə gətirilməsi haqqında danışan İsgəndər Həmidov bildirib ki, belə bir şey olmayıb:

"Cavid Qurbanovun mənə nə ehtiyacı var idi ki, mən ona nədəsə kömək edəm? Cavid Qurbanov dırnaqarası elitadadır, İsgəndər Həmidov dırnaqsız elitadır. Cavid Qurbanov Kəlbəcərin ən şərəfli ailəsinin övladıdır, Aşıq Şəmşirin nəvəsidir, Qəmbər müəllimin oğludur. Kəlbəcər əxlaqı mənə icazə vermir ki, kəlbəcərli haqqında mənfi danışım. Mənim heç bir rolum olmayıb onun vəzifəyə gətirilməsində. Özü savadlı oğlandır, kəlbəcərlilərə qarşı da yaxşı olub. Bizim üçün kəlbəcərlilərin birliyi olsun, amma Kəlbəcərdən namizədliyimi verəcəm. Ordan çox layiqli namizədlər də var, o cümlədən Cavid Qurbanov, İmamverdi. Onların ixtiyarı, hüquqları və etdiyi əməllər icazə verir ki, onlar da namizədliyini versinlər. Seçkidir, demokratik keçirilsin, kim udar, udar".

Etatist.com xatırladır ki, hazırda "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri olan Cavid Qurbaov əmək fəaliyyətinə 1979-cu ildə "26 Bakı Komissarları" nəşriyyatında kuryer vəzifəsi ilə başlayıb. Daha sonra 1980-1981-ci illərdə "Azəryollayihə" Layihə İnstitutunda texnik-cizgiçi, 1982-1987-ci illlərdə "Azərnəqliyyattikinti" Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışıb.

O, 1987-1992-ci "Elektromexanizasiya" Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor kimi çalışıb. AXC hakimiyyəti dövründə - 1992-1993-cü illərdə Respublika İxtisaslaşdırılmış "Avtonəqliyyat" Birliyində baş direktor, 1993-1994-cü illərdə "Azəravtoyol" Dövlət Şirkətində Prezident vəzifəsində işləyib.

Daha sonra bir neçə yüksək post tutan Cavid Qurbanov bu ilin fevral ayından "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsində işləyir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.