Alimdən akademik Nailə Vəlixanlıya ciddi ittiham - MÜSAHİBƏ
19-02-2018, 13:14
Boya-başa çatdığı İrmaşlı kəndindən çıxan yeganə ziyalıdır ki, elmlə məşğul olub.1995-ci ilədək davamlı olaraq elmi fəaliyyətlə məşğul olan həmsöhbətimiz bundan sonra kommersiya fəaliyyəti ilə də məşğul olur.5 övladını yerbəyer edəndən sonra, 2005-ci ildə yenidən elmi fəaliyyətini davam etdirməyi qərara alır.Elə ilk olaraq da doğulduğu kəndin tarixini kitaba çevirmək məqsədi ilə tədqiqata başlayır.Şəmkir rayonunun İrmaşlı piri haqda tədqiqatlara başlayarkən ona məlum olub ki, bu pir qonşu Atabəy kəndində arxeoloji abidə kimi qeydə alınıb.
Müsahibimiz, AMEA-nın Memarlıq və İncəsənət İnistitunun böyük elmi işçisi olmuş, lakin tutduğu vəzifədən uzaqlaşdırılmış AMEA-nın əmək veteranı, Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin inkişafına verdiyi töhfələrə görə Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professor, Türk dünyası elminin və mədəniyyətinin tərəqqisindəki xidmətlərinə görə həmin Akademiyanın “Beynəlxalq qizil ulduz medalı”nın laureate, Almaniyadakı V.Leybnis adına Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü- akademiki, elmi tədqiqatlarındakı xüsusi xidmətlərinə görə həmin akademiyanın “Taclı ulduz” ordenininin laureate, Elm və mədəniyyət sahəsindəki böyük xidmətlərinə görə BMT-nin İctimai Təltiflər Şurasının Beynəlxalq Mükafat Komitəsinin “Şərəf və Vicdan” və “Qurtuluş və mərhəmət” ordenlərinin laureatı, “Xalqın nüfuzlu ziyalısı” mükafatının laureatı, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Sabir Tağıyevdir.
- Sabir müəllim, bildiyimə görə hətta elmi fəaliyyətdən uzaq olduqda belə yenə də nələrsə araşdırmısız, əksər hallarda bu tədqiqatları öz maddi büdcəniz hesabına reallaşdırmısınız. İrmaşlı kəndindəki tədqiqatalrınız haqda danışaq.
- Tədqiqatlara başlayarkən məlum oldu ki, İrmaşlı piri qonşu Atabəy kəndində arxeoloji abidə kimi qeydə alınıb. Atabəydə tədqiqat apararaq məlumatı dəqiqləşdirdim, 2001-ci ilin siyahıyaalmasına nəzər yetirdikdə bu pirin Atabəy kəndində qeydiyyatda olduğunu gördüm.Bundan sonra bütün materialları toplayıb Mədəniyyət Nazirliyinə üz tutdum.Nazirlikdə bu məsələni kəskin şəkildə qaldırdıqda məni AMEA-ya göndərdilər.Beş ay hazırlıq işləri apardıqdan sonra akademik Şamil Fətullayev başda olmaqla operatorla birlikdə İrmaşlı kəndinə elmi ekspedisiya təşkil edə bildim.Həmin institutun aparıcı elmi işçisi R.Qarabağlı ilə respublikanın xeyli rayonlarına öz maşınımla səfərlər edib tədqiqatlar apardıq.Nəhayət 2007-ci ildə Tovuzda apardığımız tədqiqatı “Tovuz memarlığı” kitabı kimi çap etdirə bildik.Beləliklə, yenidən elmə bağlandım. “Tovuz memarlığı” kitabımızı rəhmətlik akademik Rasim Əfəndiyevə təqdim edərkən o, mənə dedi ki, görürəm burda ən məhsuldar alim sənsən, daha çox işləyirsən, ərizəni yaz, Şamil Fətullayev etiraz etmirsə, səni işə götürəcəyəm. Rəhmətlik Şamil müəllim də bildirdi ki, necə olur ki, Parisin ən mötəbər kral sarayının memarı həkim ola bilir, Sabir müəllim burada abidələrlə bağlı tədqiqat apara bilmir. Beləliklə, 2009-cu ilin sentyabrında AMEA-nın Memarlıq və İncəsənət İnistituna böyük elmi işçi vəzifəsinə qəbul edərək qərb rayonlarının memarlıq abidələri mənə tapşırıldı.İki alimin etimadını nəzərə alaraq 5 rayonda 6 il tədqiqat apardım. Beş rayonda 353 yaşayış məntəqəsi var. Bu yaşayış məntəqələrinin hər birinə şəxsən gedərək burada tədqiqat aparmışam.Bununla da geniş bir panorama gözlərim qarşısında açıldı.
2005-2009-cu illərdə İrmaşlı pirinə bərpaçı Ədalət müəllimin, tarix elmləri doktorları, professorlar A.Məmmədovun, Q.Hacıyevin, mərhum İ.Babayevin rəhbərlikləri ilə dəfələrlə elmi ekspedisiyalar təşkil etməyimə, mətbuat səhifələrində məqalələr verməyimə, AzTV-nin Yurd yeri proqramında “İrmaşlı” verilişi təşkil etməyimə, Speys kanalında dəfələrlə verilişlər verilməsinə baxmayaraq gördüm ki, kənd camaatı bu piri dağıdır. Səbəb o idi ki, düşünürdülər ki, həmin ərazidən qızıl tapmışam.Daha başa düşmək istəmirdilər ki, bu pir xalqımızın zəngin tarixi irsinin canlı nümunəsidir.Bu səbəbdən də o mənim üçün qızıldan da qiymətli idi.Nazirliyə müraciət edib, 2010-cu ildə buranı öz vəsaitim hesabına bərpa etdirdim.Bura hətta 800 metr məsafədən su da çəkdirdim.Şimal və cənub tərəflərində su kranları da quraşdırdım.
- Kitablarınızda əksər hallarda mənbələrə istinad etmirsiz. Bunun səbəbi nədir?
- Nadir hallarda mənbələrə istinad edirəm. Çünki sosial quruluş, idarəetmə, dövlətçilikdən asılı olaraq mənbələr hər zaman xətalara yol veriblər.Görkəmli alim həmkarlarımdan biri olan Nailə Vəlixanlı 1974-cü ildə işıq üzü görən “IX - XII əsr ərəb coğrafiyaşünas səyyahları Azərbaycan haqında” kitabının 48-ci səhifəsində yazırdı ki, Tovuz mərkəz olmaqla, Gəncə-Tiflis arasında olan xristianlığı qəbul etmiş türklər erməniləşiblər.İstinad etdiyi mənbənin yazdıqlarına hər hansı münasibət bildirməyib.Araşdırdım ki, AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı V.F.Minorskinin “İstoriya Şirvana i Derbenda” kitabına istinad edib.V.F.Minorskinin əsərini tapdıqda, 214-cü səhifəsində qeyd olunan həmin hissəyə rast gəldim, gördüm ki, Nailə Vəlixanlı onu olduğu kimi tərcümə edərək yazıb.SSRİ dövründə ermənilər ustalıqla N.Vəlixanlını bu vəziyyətə vadar etməklə, öz əsərlərimizlə öz əlimizlə başımıza bıçaq çəkiblər.Tarixdə hər zaman belə olub.Başımız öz əlimizlə kəsilib. Minorskinin söykəndiyi mənbə isə Azərbaycanda: M.F.Axundov adına Azərbaycan Dövlət Kitabxanasında, AMEA-nın MEK-də tapılmadı. Yəni Bizans imperatoru K.Baqryanarodnının X əsrdə yazdığı “Ob upravlenii imperiyey” Azərbaycanda tapa bilmədim.Bu səbəbdən də 2012-ci ildə Macarıstanda keçirilən türk xalqlarının IV beynəlxalq qurultayına getməli oldum.Öz vəsaitim hesabına o tədbirə qatıldım.Macarıstanda həmin kitabın yunan, ingilis və rus dilindəki variantlarını əldə etdim.Gördüm ki, burada həmin hissə əksini tapmamışdır.Bundan sonra da mənbələrə nifrət elədim.Buna görə qərara aldım ki, gözümlə görüb, əlimlə tutacağım bir şey haqda yazacağam.Bizim kəndlərin əksəriyyətində iki kilsə ya yanaşıdır, ya da dalbadaldır.
“Niyə bizə Qafqaz Albaniyası əvəzinə, Azərbaycan Albaniyası deyilməsin”
- Araşdırdığınız pirlər, kilsələr haqda danışaq…
- Şəmkir rayonun İrmaşlı kəndində də iki pir var. 2008-ci ildə nazirliyə müraciət elədim ki, onu bərpa etməyə icazə versinlər.Çünki 2005-2009-cu ilədək olan çıxışlarıma baxmayaraq həmin abidə günü-gündən dağılırdı.Kənd camaatı düşünürdü ki, bəlkə də mən oradan milyonlar götürmüşəm.Bura dağılmasın deyə 2010-cu ildə oranı demək olar ki, bərpa etdirmişəm.Gədəbəydə tədqiqat aparanda gördüm ki, əksər yerlərdə pirlər iki dənədir.Hər zaman kilsələrə getmişəm, hər yerdə onları tək-tək görmüşəm.Heç yerdə kilsəni qoşa, paralel, yaxud da dalbadal görməmişəm.Gədəbəyin Söyüdlü kəndində məbəd kimi qeydiyyata alınmasına baxmayaraq burada iki yanaşı kilsə aşkarladım.İndiyədək deyiblər ki, bizim ərazimizdə Qafqaz Albaniyası olub.Apardığım araşdırmalardan sonra belə qənaətə gəldim ki, bu günkü müstəqil respublika Azərbaycan Xalq Cümhuriyyətinin varisidirsə, niyə biz həm də Albaniyanın varisi olmayaq?Niyə bizə Qafqaz Albaniyası əvəzinə, Azərbaycan Albaniyası deyilməsin?Bu iddianı qaldırdıqda AMEA-nın bir sıra görkəmli alimləri mənə hücum etdilər.Buna baxmayaraq daha sonra aspirantlarına yazdırdıqları mövzularda Azərbaycan Albaniyası terminindən istifadə etdilər. (ardı var)