Adnan Oktar azərbaycanlı jurnalistin suallarına cavab verdi – SENSASİON MÜSAHİBƏ – VİDEO
25-02-2018, 11:39
Türkiyədəki A9 kanalının sahibi, dini kitabların müəllifi və kanalında gündəlik, canlı yayımladığı verilişlərin aparıcısı olan Adnan Oktar musavat.com-un əməkdaşına özəl müsahibə verib.
Bir saata yaxın davam edən və canlı yayımlanan müsahibə zamanı A.Oktar müxtəlif sualları cavablandırıb.
Həmin müsahibəni olduğu kimi təqdim edirik:
– Radio və televiziya şurası (Radio ve televizyon Üst kurulu) tərəfindən “gizli reklam” və başqa səbəblərlə A9 kanalına külli miqdarda pul cəzası kəsildi. “Adnan Oktarla söhbətlər” verilişi isə Youtube və sosial şəbəkələr üzərindən yayım etdiyi üçün şura bura müdaxilə edə bilmir. Nə vaxtsa belə təhlükə ilə üz-üzə qalacağınızı bildiyiniz üçün yayımı sosial şəbəkələrdə etmək qərarına gəldiniz?
– Şuranın nələrdən narahat olduğunu, nələri riskli gördüyünü, nələri qadağan etdiyini bilmək texniki olaraq o qədər imkan daxilində deyil. Ancaq baş verəndə anlaya bilirik. Məsələn, qadağan edilən sözlər, davranışlar olur, amma biz bunları sonra öyrənirik. Bunun hazır bir kitabı olsa, onu oxuyar, qaydalarına görə bunu edərik. Amma nəyin nə olacağını bilmədiyimiz və riskli olduğu üçün məcburiyyət qarşısında qalıb internetdən davam edirik ki, bir problem çıxmasın. Sistemi – nəyin nə olduğunu tam öyrənə bilsək, ona əməl etmək asan olar. Amma bilmədiyin bir yolda gəzirsən, birdən ayağını qoyduğun yerə baxırsan ki, çuxurun içinə düşmüsən (red – gülür).
– Yenə fevral ayında dini işlər komitəsi (Diyanet İşleri Başkanlığı) tərəfindən A9 kanalının bağlanması gündəmə gəldi. Dövlət səviyyəsində tanınan və qəbul edilən bir qurumun sizə qarşı bu tutumunu necə dəyərləndirməliyik?
– Biz və dostlarımız Türkiyədə “İngilis Dərin Dövləti”nə qarşı böyük fəaliyyətə başladıq. Mövzu ilə bağlı minlərlə rəsmi sənədin əsasında asan başa düşülən iki cildlik kitab da hazırladıq. “İngilis Dərin Dövləti” türk millətini məhv etmək istədiyini 150 il əvvəl demişdi. Əlimizdə minlərlə rəsmi sənəd var. Məqsəd türk millətini parçalamaq və məhv etmək idi. Sevr müqaviləsi bağlanan zaman bunun bir modelini görmüşdük. Müqaviləni yeniləmək istəyən ingilislər güclü fəaliyyətə başlayıb. Biz də “İngilis Dərin Dövləti”ni biyabır edən, nüfuzunu aşağı salan əsərlər hazırladığımız üçün bu, onları əsəbiləşdirdi və bizə qarşı kin tutmalarına səbəb oldu. Ona görə də Türkiyəyə çoxlu sayda heyət göndərməyə başladılar və gələnlərin böyük hissəsi, daha doğrusu, hamısı İngilis Dərin dövləti gizli xidmət orqanlarının əməkdaşlarıdır. Dövlətin əsas qurum və müəssisələri ilə görüşmək istəyirlər və onlara mənim tutulmağım, A9-un bağlanılması, fəaliyyətimizə son verilməsi üçün bəzən xahiş, bəzən də əmr formasında müraciət edirlər. Lakin bunu edərkən gizliliyə böyük əhəmiyyət verirlər, fəaliyyətlərini birbaşa yox, dolaysıyla etməyi üstün tuturlar. Məsələn, gizli xidmət agenti ona yaxın adama, o da öz tanışına deyir və bu, zəncir şəklində davam edir. Nəticədə eyni anda düyməyə basılmış kimi bir çox qurum ard-arda əleyhimizə danışmağa başladı. Təbii ki, hər şey bununla bitmədi, ardınca hədələr və hücumlar gəldi, bizə qarşı təşkilatlandıqlarına şahid olduq. Dini işlər üzrə komitə sədrinin məramı aydın idi, kiminsə təsirinə düşmüşdü. Onun sözlərinə görə Atatürkü təhqir etmişəm. Heç bir əsası olmayan yalan məlumatdır, əgər doğru olsaydı, əlində rəsmi sənədlə gedib məhkəməyə müraciət edərdi və həbs olunardım. Amma belə bir ehtimal yoxdur, bunu da lazımsız yerə media nümayəndələrinə açıqladı. Yalan dediyini, bununla böyük günaha batdığını özünə dedim. Daha sonra musəvilərin əleyhinə fəaliyyət göstərdiyim üçün həbs olunduğumu dedi. Belə bir şey də yoxdur, bu qənaətə haradan gəldiklərini, əllərində hər hansı rəsmi sənədin olub-olmadığını soruşduq, amma yenə cavab verə bilmədilər. Gördü ki, bununla nəsə əldə edə bilməyəcək, xanımların səhnədə rəqs etməyini gündəmə gətirdi. Dedim ki, sən dövlətin ən əhəmiyyətli qurumlarından birisən, 10-15 qız haqqında düşünəcəyinə, bütün dünyaya yayılan, kommunist bir təhlükə olan PKK var, buna qarşı kitab çıxart, yazılar yaz ki, insanlar həqiqi təhlükəni görsün və tanısın. Haqqında danışdığım təbliğat üçün əllərində kifayət qədər imkanları var və 70 min məscid onlardan sadəcə biridir. Sonra sözlərimə əlavə etdim, “bizim fahişəxanalarda işləyən 200 min müsəlman bacımız var, hamısı türk millətinin, bizim övladlarımızdır”. Hər gün üç milyon gənc 200 min xanımın yanına gedib onlarla cinsi əlaqəyə girirlər. Yəni bir xanım gündə 70-150 kişi ilə münasibətdə olur. Gənclərimiz həm mənəvi, həm də maddi baxımdan zərər görürlər. Elə düşünürəm ki, komitənin işi bu olmalıdır, məsələn, xanımların verilişdə rəqs etməyini istəmədiklərini deyirdilər, biz nə etdik? Razılaşdıq, xanım dostlarımız daha televiziyaya çıxmırlar, çıxmayacaqlar da… Problem kökündən həll olundu, bu qədər sadə. Yəni 15 qızın geyimi, rəqsi dərd idisə, biz onu da həll etdik. Amma fahişəxanalar haqqında dediklərim faciə formasında hələ də davam edir. Həm də vergi idarələri həmin xanımların “qazanclarından” 8/100 nisbətində vergi alır, bu gəlirin haram olduğunu sözlərimə əlavə etdim. Sizin vəzifəniz nədir? Dini işlər üzrə komitə olaraq bunun haram olduğunu ifadə edin. Həmçinin lotereya, at yarışları kimi dövlətin dəstəklədiyi bir çox rəsmi qumar formaları var. Qumar haramdır, dövlət ondan da vergi alır, siz əsl bunları danışın. Bundan başqa bir milyard litr həcmində spirtli içkilər istehsal olunur, Allah onları da haram buyurub. Dövlət isə həmin müəssisələrdən vergi alır, o vergi halal deyil. Dini işlər üzrə komitə bunu açıqlasın, haram olduğunu bəyan etsin, məncə işləri də elə budur. Bunları dediyim üçün təhqir etdiyim iddiası ilə bizi məhkəməyə verdilər. Mən komitəni müqəddəs bilirəm, hörmət edirəm, daha təsirli olması üçün bunları tövsiyə edirəm, müqabilində isə bizi məhkəməyə verirlər.
Mövzu ilə bağlı qadın dərnəklərinə yazdım, həyati məsələ olduğunu ifadə etdim, amma nə qədər addım atsam da, sakitləşmirlər və bu, mənə qəribə görünür. Çünki “İngilis Dərin Dövləti” təziq göstərir, susdurulmağım üçün əllərindən gələni etməyə çalışırlar. Amma yenə də hər işdə bir xeyir olduğuna inanıram.
– Verilişləriniz qadağan edildiyi halda fəaliyyətinizi hansı istiqamətdə davam etdirməyi düşünürsünüz?
– Mənim onsuz da kitablarım var, məsələn, 18 ay ərzində 30 milyon kitabım satılıb. Daha böyük konferanslar təşkil edərəm, lazım gələrsə, bütün ölkəni şəhərbəşəhər gəzərəm. Onsuz da internetdə yazılarım çıxır, hər halda bunun da qarşısını almayacaqlar. Danışmaqla yazmaq arasında elə də böyük fərq yoxdur. Hətta deyərdim yazının daha böyük təsir gücü var. Çünki yazını insan daha diqqətli oxuyur, fikirlərin qarşısını almaq olmur, ona görə də bütün cəhdlərinin boşa gedəcəyini təxmin edirəm. Təbii ki, “İngilis Dərin Dövləti”nin təsirinə düşən insanlar olur, amma Türkiyə müstəqil dövlətdir və ona qarşıdır. Nələr baş verdiyini, bunda kimin əli olduğunu dövlətimiz yaxşı bilir. 300-dən çox maarifçimiz “İngilis Dərin Dövləti”nin bizə qarşı fəaliyyətinə diqqət çəkdi. İstər Türkiyə Respublikası prezidenti Rəcəb Tayyib Ərdoğan olsun, istərsə baş nazir, hamısı öz nitqlərində bu təhlükə haqqında çox danışıblar. Ona görə də mən uğur qazanacaqlarını düşünmürəm.
– Adnan Oktar ədalət və bərabərliyi müdafiə edən kommunizmi niyə qəbul etmir?
– Karl Marks kommunizmi Qurandan, Tövratdan və İncildən aldı, amma onu tərsinə çevirdi. Quranda sosial ədalət Allah səviyyəsi ilə, dostluqla və qardaşlıqla əlaqəli olsa da, kommunizm onun qan tökməklə əldə oluna biləcəyini dedi. Rusiya başda olmaqla hər yerdə dəhşətin şahidi olduq, 40 milyondan çox insan ya öldü, ya da böyük itkilər verdi. Amma İslam dini sevgini, sülhü təbliğ edir və sosial ədaləti də bu cür gətirir. “Velayet sistemi” ilə biri digərinin bacısı, qardaşı hökmündə olur və hər kəs bir-birini qoruyur. Çünki küçədə yaşayan uşaq hər kəsin uşağı olur və hamı onu qorumaqla mükəlləf sayılır. Ona görə də sosial ədalətin özü və əsası Qurandadır, İncildədir, Tövratdadır. Karl Marks oradan bunları alıb dəyişmiş, dialektik fəlsəfə ilə yoğurmuş, darvinizmlə kirlətmiş, Allahsız, dinsiz, şiddətə dayanan bir sosial ədalət anlayışı gətirmiş, sonra da sosial ədalət olmamış, sadəcə elit sinfin rahat etdiyi, kasıbların əzildiyi və çox kiçik otaqlarda süründükləri bir sistemə çevirmişdir. Ona görə də biz kommunizmə qarşıyıq, səbəb? Çünki kommunizm ailəyə qarşıdır, ailəni, dini, dövləti qəbul etmir. Belə bir sistem insanlara yalnız acı gətirər. Ona görə də kommunizmə qarşıyam.
– Bir dəfə Allahın gözəlliyi sevdiyini, ona görə də verilişlərinizdə gözəl qızlara və yaraşıqlı oğlanlara yer verdiyinizi demişdiniz. Bəs Allah üzü deyil də, qəlbi gözəl olan insanları sevməzmi? Yəni verilişinizdə belə insanlara niyə rast gəlmirik?
– Əxlaqlı insanın onsuz üzü də gözəl olur. Gözəl əxlaqı olduğu halda üzü gözəl olmayan insan görmədim. Yəni qəlbi, vicdanı və əxlaqı gözəl olan insanın üzü mütləq ki, gözəl olur. Üzü gözəl olduğu halda əxlaqı gözəl olmayan birini mənə göstərsinlər, mən o insanın cavabını verəcəyəm, amma belə biri yoxdur.
– Verilişin 10 saat davam etdiyini nəzərə alsaq, yəqin ki, buraya gələn qadın və kişilərin işləməyə, pul qazanmağa vaxtları olmur. Bilmək istəyirdim ki, verilişdə iştirak etdiyi üçün həmin insanlara pul verirsiniz, yoxsa hamısı sizə dinləmək üçün gəlirlər?
– Hamısı Allah rızası üçün gəlir, mən də səhər qalxanda yeməyimi yeyirəm, duş alıram, üstümü geyinib gəlirəm, axşama qədər Allahı, dini izah edirəm və gedirəm. Mən necə 5 qəpik pul almıramsa, dostlarımız da 5 qəpik pul almırlar. Burada hər kəs Allah rızası üçün islam haqqında danışır.
– Quranın Əhzab surəsində Allah peyğəmbərinə həyat yoldaşı və qızı çölə çıxarkən qapalı geyinməsini əmr edir ki, tanınmasınlar və zərər görməkdən qorunsunlar. Verilişinizi isə milyonlarla insan izləyir, belə olanda burada rəqs edən xanımları hər kəs görür və tanıyır. Bu, onları zərər görməkdən necə qoruya bilər ki?
– Peyğəmbərimizə deyir ki, evinizdən çölə çıxdığınızda, yəni dekoltəykən (boyun, çiyin, sinə və kürəyin bir hissəsini açıq qoyan qadın paltarı-red) sizə zərər vuran kimsə olursa, bundan qorunmaq üçün paltarınızı geniş şəkildə üstünüzə örtün. Quranda Allahu təala müsəlmanların dekoltə geyindiyini onsuz da qəbul edir. Ona görə də mənim xanım dostlarım çöldə tamamilə örtülü gəzirlər, heç kim onları dekoltə görə bilməz, hamısı qapalıdır. Amma verilişə gəldiklərində, burada təhlükəsiz şəraitdə olduqları üçün istədikləri kimi dekoltə geyinə bilirlər. Və Quranın hökmünə görə, onların burada örtülməsi üçün heç bir səbəb yoxdur. Kimsə qadının şəklinə və görüntüsünə bir şey deyə bilər, amma Quran onun haqqında bir hökm verməyib. Əgər qadının şəxsinə birbaşa təzyiq və təcavüz olursa, yalnız bu halda qapanması Quran tərəfindən deyilir. Əhzab surəsinin yazılması dekoltə qadınların olduğunu sübut edir.
– Bildiyimiz kimi Dəccalın önə çıxan özəlliklərindən biri, bəlkə də birincisi tək gözünün olmasıdır. Və bəzilərinə görə A9 kanalının logosu da tək göz simvoluna oxşayır. Bunun haqqında nə deyəcəksiniz?
– Bu ikisini bir-birinə oxşatmaq bir az çətindir. Yəni, Anadolunun hər yerində insanlar nəzərdən qorunmaq üçün yaxalarına göz muncuğu taxırlar. Hətta inəklərin, qoyunların, quzuların, yeni gəlinlərin, gənclərin boynunda tək göz görmək olar. Əslində bütün türk dövlətlərində tək gözə rast gəlmək olur. Bu isə nəzərə qarşı məqbul görünən, onun qarşısını alan bir gözəllik olaraq qəbul edilə bilər və Anadoluda bunu gözəl görməyən tək bir nəfər də yoxdur. O göz Dəccalın nəzərini yox edən bir güc olaraq bütün Anadoluya hakim olmuşdur. Burada da varsa, nə gözəl, demək ki, Dəccalın pis nəzərlərini parçalayan bir gücümüz var.
– Azərbaycan və Türkiyə əlaqələri barədə danışan zaman bir millət, iki dövlət olduğunu qeyd edirsiniz. Bildiyimiz kimi Türkiyənin Ermənistanla sərhədlərini bağlamasına səbəb isə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsidir. Amma başqa çıxışlarınızın birində türklərin ermənilərlə qardaş olduğunu və sərhədlərin qeyri-şərtsiz açılmalı olduğunu bildirmisiniz. İlk baxışda bu iki fikir bir-biri ilə ziddiyyət təşkil edir. Bunu necə başa düşməliyik?
– Biz Ermənistanla sərhədlərimizi açacağıq, onlarla qardaş olacağıq, viza sistemini aradan qaldıracağıq. Mən əminəm ki, Ermənistan da bu dostluğa, qardaşlığa bir jestlə qarşılıq verəcək. Bunu bildiyim üçün deyirəm, bilmədiyim bir şey haqda danışmaram, Ermənistan Azərbaycandan aldığı torpaqları geri qaytaracaq və deyəcək ki, Azərbaycanla da sərhədlərimiz açılsın, cinayətkarlar da mühakimə ediləcək. Beləliklə, biz həm Azərbaycan və Ermənistanı, həm də Türkiyə və Ermənistanı dostlaşdıracağıq. Bununla da, türk-islam birliyinin ilk nüvəsi atılmış olacaq. Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və digər türk dövlətləri ilə birləşib Turanı yaradacağıq. Turanın formalaşması üçün Ermənistanın da Turan sərhədləri daxilində olması şərtdir. Turan hər kəsə qollarını açan bir gözəllikdir. “Türkiyə Turan olsun, düşmənin ölkəsi dağılsın, viran olsun” sözü də buradan gəlir. Düşmən deyəndə Deccaliyyət sistemi viran olsun. “Tanrı türkü qorusun və ucaltsın” sözü də buradan gəlir və gözəl bir duadır. Türk birliyinin yaradılmasında Ermənistansız birlik düşünmürük. Ermənistanla sərhədləri açacağıq, onlar da bütün işğal etdikləri torpaqları Azərbaycana geri qaytaracaq, qatilləri təhvil verəcək, qatillər həbs ediləcək və ədalət bərpa olunacaq. Ermənistanla qucaqlaşıb, qardaş olacağıq. Ermənistanda yanan intiqam atəşi sönəcək, daha əvvəlki ziyarətimizdə söndüyü kimi… Beləliklə, yüz illərdir davam edən bu əzab sona yetəcək. Hər yerdə müsəlmanlar azad və sülh şəraitində yaşayacaq.
– Təbii ki, Turan fikri maraqlıdır, amma Rusiya mərkəzində türklərin olduğu bir dövlətin tərkibində yer almaq istəyərmi?
– Turanın tərkibindəki əsas dövlətlərdən biri onsuz da Rusiya olacaq. Çünki Rusiyada 30 milyona yaxın türk var, ona görə də biz Rusiyanı müsəlman türk dövləti olaraq qəbul edirik. Və Turanın ən güclü ordularından biridir. Putin də türk-islam birliyi içində bir qəhrəman olaraq yerini alacaq.
[media=https://www.youtube.com/watch?v=ihD-Z2APzWQ]