İlahə İbadova: “Ərimi yox, başqasını sevirdim”
6-03-2018, 12:57
"Ölkə.Az" saytının növbəti qonağı tanınmış müğənni İlahə İbadovadır.
Müsahibədə göstərdiyi dəstək üçün “Nizami Restaurant & Loung”-ə təşəkkürümüzü bildiririk.
– İlahə xanım, Braziliyada futbolçulara “topla doğulanlar” deyirlər. Səbəbi isə çox sadədir, futbolu yaxşı oynadıqlarına görə... Bəs siz necə, səhnə üçünmü doğuldunuz?
– Düşünürəm ki, bəli. Çünki mənim uşaqlıqdan bu sahəyə böyük marağım olub. Yaxşı yadımdadır, hələ uşaq ikən hind mahnılarını çox sevirdim. Hətta alnıma bir xal qoyub, əlimə daraq götürüb həmin mahnıları ifa edirdim. Ümumiyyətlə, mən hiss edirdim ki, haçansa tanınacağam. Bizim nəslimizdə ali savadlı insanlar çoxdur. Özüm də ziyalı ailəsindən olduğum üçün valideynlərim məni həkim görmək istəyirdi, lakin mən bu sənəti seçdim. Bir sözlə, görünür ki, mən məhz səhnə üçün doğulmuşam.
– Deməli, hisləriniz sizi aldatmadı...
– Bəli... Ümumiyyətlə, hislərim çox zaman məni aldatmır.
– Bəs nə zaman aldadıb?
– Ailə həyatı quranda...
– Nə alınmadı o zaman? Siz sevib ailə qurmuşdunuz?
– Bilirsiniz, insanın yaşı artdıqda daha çox sevildiyini zənn edir. Bir növ kamilləşir. Mən də o vaxtın düşüncələrinə görə sevirdim.
– Amma zaman keçdikcə gördünüz ki, yox, sevmirmişsiniz?
– Elə ailələr var ki, onlar sevgisiz də möhkəm olur, dağılmır.
– Neçə il ailəli oldunuz?
– Təxminən iki il...
– Sənətdə idiniz onda?
– Bəli.
– Səhv etmiriksə, o, sizin həm həyat, həm də sənət yoldaşınız olub.
– Elədir, amma ailəmizin dağılmasında sənətə aid heç nə yox idi. Sadəcə olaraq, fikirlərimiz üst-üstə düşmədi.
– Hətta deyilənə görə, ailənizin dağılmağında qaynatanızın “rolu” az olmayıb...
– Doğrudur, amma qaynanamla heç bir problemim olmayıb. Hətta indi də danışırıq. Amma mən deyərdim ki, qaynatamın etdikləri ailəmizin dağılmasına zəmin yaratdı.
– Peşman olmusunuzmu ayrıldığınız üçün?
– Hər bir qadın kimi mən də istərdim ki, həyatımda hər şey yaxşı olsun. Amma alınmadı. Görünür ki, qismət belə imiş. Bəzən isə deyirlər ki, qisməti insanı özü yazır. Mən onu ilk dəfə görəndə hiss etmişdim ki, o, gələcəkdə mənim həyat yoldaşım ola bilər. Amma bəlkə də yatsam, belə bir şey heç yuxuma da girməzdi. Lakin hissim doğru çıxdı. Onunla ailə qurduq və alınmadı...
– Ayrılandan sonra barışmağa cəhd etdinizmi?
– O bir söz var, deyir ki, küsəndə elə küs ki, barışan yeri olsun. Amma elə etdilər ki, barışmaq üşün heç bir yer qalmadı.
– İlahə xanım, neçə dəfə sevmisiniz?
– Bir dəfə...
– Keçmiş həyat yoldaşınızı?
– Xeyr, bayaq dediyim ki, kamilləşdiyim bir dövrdə sevmişəm.
– Bəs nə oldu o sevgini axırı?
– Sevgi əlçatmaz olanda daha maraqlı olur...
– Heç olmasa, indi davam edirmi o sevgi?
– Mənim ürəyimdə davam edir.
– İkinci dəfə ailə qurmaq istəyirsiniz?
– Təbii ki, istəyirəm. Amma ikinci dəfə ailə qurmaq və həyat yoldaşı seçmək çox çətin bir məsələdir. Həm də mən istəməklə heç nə alınmır, gərək şərait özü yaransın.
– Nə istədiniz, amma olmadı?
– İnsanlarda ən çox görmək istədiyim şey səmimiyyətdir. Bir də ki məni İlahə olaraq sevməkləridir. İndiyə qədər məni bu sevgiyə inandıra biləcək adam olmayıb. Pul, mal-mülk mənim məni aldada bilməz.
– İlahə İbadova... Bu ad sizə nə deyir?
– Bu ad mənə çox şeyi deyir əslində. Bu adda bir səmimilik, bir ciddilik var. Amma bu İlahənin içərisində balaca bir İlahə də var. Lakin onu heç kim görə bilmir.
– Bəs onların arasındakı fərq nədir?
– Dediyim balaca İlahə hərdən çox şıltaq olur (gülür). Amma bunu mənim heç ailəm də bilmir.
– Ciddilikdən söz düşmüşkən, görkəmcə çox ciddi bir inansınız. Sanki insanları yaxınınza buraxmamaq üçün bir “sədd” çəkmisiniz... Bəlkə eqoizim var sizdə?
– Mən hərdən çox istəyirəm ki, insanlarla səmimi münasibət qurum, amma alınmır. Çünki mənim səmimiyyətimdən dərhal istifadə etməyə başlayırlar. Ona görə də ciddi görünməyi üstün tuturam. Eybi yox, qoy desinlər ki, İlahə özündən çox razıdır, onsuz da məni tanıyanlar xarakterimi yaxşı bilirlər. Nədəndirsə, məni daha çox orta nəslin nümayəndələri sevir. Bəlkə də elə bu ciddi görkəmdə olduğum üçün. Səhnədə atılıb-düşmədiyim üçün...
– Qızınızı necə tərbiyə edirsinz?
– Qızım məndən çox çəkinir. Həmişə istəyir ki, özünü mənə bəyəndirsin. Mən evdə olmayanda, onun tərbiyəsi ilə anam məşğul olur. Mən onu ancaq dərsə yönləndirirəm. Çalışıram ki, uşaq kimi böyüsün.
– Bəs məktəb vaxtı sevməyə necə baxırsınız?
– Mən də məktəb vaxtı sevmişəm, sevilmişəm, amma bununla yanaşı, dərslərimi də yaxşı oxumuşam. Sevgi hər yaşda ola bilər. Məni məktəb vaxtı çox oğlan istəyirdi, amma mən yaxınıma buraxmırdım. Məndən çəkinirdilər, çünki onları döyürdüm (gülür). Həmin döyülənlərin sırasında indiki məşhur insanlardan da var. Hətta bəzən həmin yaranın onlarda dərin bir iz buraxdığını da deyirlər (gülürük).
– Dediniz ki, oğlanları döymüsünüz. Bəs özünüz çox döyülmüsünüz?
– Anam tərəfindən döyülmüşəm. Bir də ki, ailəli olduğum ərəfədə ərim məni döyüb. Amma səbəbsiz olaraq vurub məni. Nəyinsə naminə susmuşam. Lakin sonra uşağıma görə səsimi çıxartmağa məcbur oldum.
– Belə bir deyim var, “bilmə zəif qadın adın, dərk elə, gör nədir qadın...”
– Çox gözəl fikirlərdir... Həqiqətən də ən zəif bir qadın, dünyanın ən güclüsü ola bilər. Qadın məhz dözümlü olduğuna görə bəşəriyyətin ən güclüsüdür. Qadın öz ağlı ilə kişiləri də idarə etməyə qadirdir. Amma qadından da “şeytan”ı yoxdur.
– İlahə xanım, gözəl və cazibədar xanımısınız. Üstəlik də məşhursunuz, həm də subay. Sizə ciddi və ya qeyri-ciddi mənada “eşq” elan edənlər çoxdur?
– Tək məşhurluğa görə yox, ümumiyyətlə, gözəl və baxımlı xanımların yanında hər hansısa bir kişinin olmasında problem görmürəm. Hər bir xanım istəyər ki, yanında güvəndiyi şəxs olsun.
– Yanınızda varmı belə bir insan?
– Mən bu suala tam cavab vermək istəmirəm. Bircə bunu deyə bilərəm ki, hələ də könlümü tam şəkildə fəth edə bilən insan qarşıma çıxmayıb. Nə olsun ki, pulu var, imkanı əladır və s. Xasiyyəti xasiyyətimə uyğun gəlmirsə, o insan mənlik deyil. Bu baxımdan, çox zaman tənha qalıram.
– Deməli, adi bir fəhləni də sevə bilərsiniz...
– Təbii ki, sevgi könül məsələsidir.
– Özünüzə “kişi gözü” ilə baxanda nə görürsünüz?
– Demək olar ki, özüm kişiyəm də (gülür). Zarafat bir yana qalsın, mən təkbaşına həm kişi, həm də qadın işini görürəm. Hətta dost-tanışım mənə “qardaş” deyir. Arada zarafat edirəm ki, mənə haçan qadın kimi baxacaqsınız? (gülürük).
– Müğənnidən seks simvol olarmı?
– Vallah, mən bu barədə dəqiq bir şey deyə bilmərəm. Heç marağımda deyil. Əgər qadınsansa, qonaq otağında gözəl xanım, mətbəxdə aşpaz, yataq otağında gözəl məşuqə olmalısan”. Ona görə də bu məsələ içəridə qalsa, yaxşı olar.
– Siz hər üçünü də bacarırsınız?
– Hər halda...
– Deyirlər ki, sarı saçlı xanımlar daha ehtiraslı olur... Təsdiqləyirsinizmi?
– Hər adama demək olmaz...
– Bəs siz?
– Mən bu sualın cavabını artıq verdim (gülürük)...