TV-lərdə göstərilən xarici filmlərdə açıq-saçıq səhnələri kəsənlər - ARAŞDIRMA
7-03-2018, 10:37
Bu günlərdə telekanallarımızın birində dünya şöhrətli ABŞ rejissoru Kventin Tarantinonun “Mənfur səkkizlik” filmi nümayiş olundu. Filmin ən önəmli səhnələrinin biri açıq-saçıq ifadə işləndiyinə görə montaj edildi. Azərbaycan efiri üçün illərdən bəri artıq ənənəyə çevrilən bu hal bir yandan müəllif haqlarına girməkdirsə, o biri yandan filmlərin düzgün anlaşılmasına mane olur. Digər tərəfdən, hər hansı bir kadr və danışıq doğrudan da ölkəmizin yayım qanunlarına zidd ola bilər. Bəs nə etməli?
Kulis.az məsələ ilə bağlı kino və televiziya mütəxəssislərini danışdırıb.
Kinoşünas Aygün Aslanova bu praktikanın başqa ölkələrdə də olduğunu söyləyib:
“Bildiyim qədərilə hər yerdə belədir. İntim səhnələr yox, amma söyüş efirə verilmir. Bəzi yerlərdə “bip”lənir, yəni eşidilməz olur, bəziləri də bizim kimi kəsir. İntim səhnələr isə, yəqin ki, filmin yayımlandığı ölkənin xarakterindən asılıdır.
Televiziya tamaşaçılarının tipini nəzərə alsaq, düşünürəm ki, normaldır. Sadəcə, bizdə hələ bunun qanuni tənzimlənməsi olmadığına görə normal bir üsulunu tapmayıblar. Məsələn, xaricdə ayrıca film kanalları olur. Və hansı filmlərə ki, toxunmaq olmaz - toxunulmasa yaxşıdır - həmin kanallarda göstərilir. İctimai kanallarda isə nümayiş olunan filmlər xüsusi seçilir. Və bizdəki kimi problemlər nadir hallarda yaranır. Bütün bu detallar qanunla tənzimlənməlidir. Hansı saatda hansı filmləri göstərmək olar, necə göstərmək olar və s. Bizim TV-lərdə məqsəd ağına-bozuna baxmadan efiri doldurmaq olduğundan və heç bir qanuni tənzimləmə olmadığından belə hallar baş verir”.
Peşəkar Kinorejissorlar Gildiyasının sədri, rejissor Hüseyn Mehdiyev məsələnin daha ciddi problemdən qaynaqlandığını söyləyir:
- Xarici TV-lərdə bəzən siqaret çəkmə təsvirlərini bulandırırlar, söyüş sözlərini siqnalla eşidilməz edirlər. Bunlar hamısı qaydalarla tənzimlənməlidir, kiminsə subyektiv rəyi ilə yox. Yayım haqqında Teleradio Şurasının riayət (nəzarət) etdiyi nümayiş haqda qaydalar var - milli, etnik, irqi ayrı-seçkilik, zorakılıq, əxlaqa, etikaya zidd məqamlar, yaş kateqoriyası və s. olan audiovizual məhsulun məhdudlaşdırılması - ona uyğun hərəkət edirlər. Amma bunlar hamısı dəqiq olmalıdır. Dəhşət budur ki, Azərbaycanda təxminən 80-90 faiz xarici filmlərin nümayişi piratçılıq yolu ilə, qeyri-qanuni həyata keçirilir. Bundan başqa, həmin filmləri dublyaj da edirlər. Bu dublyajın orijinala nə qədər uyğun olub-olmaması, onların təhrif olunub-olunmaması işinə nəzarət yoxdur. Başlı-başına buraxılıb. Bu, müəllif hüquqlarının tapdanmasıdır.
Məsələn, “Konnekt TV” 4 kino kanalı açıb xarici filmlər göstərir. Biri ondan soruşmur ki, sən bu xarici filmləri göstərmək üçün lisenziya almısanmı? Bunları dublyaj edirsən, bu dublyajın orijinala uyğun olub-olmamasını kim müəyyən edir? Bəlkə o, özündən hoqqa çıxarır, bir fikrin əvəzinə başqa fikir deyir? Ona görə də tənzimləmə mexanizmi olmalıdır.
Bizdə qanuni nümayiş yoxdur. Yoxsa o kanal nümayiş üçün müqavilə bağlayanda orada şərtlər olur. Bəlkə qarşı tərəf deyəcək ki, necə istəyirsən göstər, təki göstər? Bu, tərəflərin razılığından asılıdır. Hüquq sahibi ilə istifadəçi arasında müqavilə ilə tənzimlənməlidir.
Bizdə ancaq birtərəfli işləyir bu mexanizm. Televiziya həmin o yayım qaydalarına əməl edir, o epizodun o qaydalara uyğun gəlib-gəlmədiyini müəyyən edən yoxdur?
Azərbaycana kütləvi nümayiş üçün gətirilən audiovizual əsərlərin kinematoqrafiya haqda qanuna əsasən Mədəniyyət və Turizm Nazirliyində qeydiyyatdan keçməlidir və əsər orada dövlət reyestrinə salınmalı, ona orada ölkənin ərazisində nümayişinə icazə-lisenziya verilməlidir. Bunu ona görə qanuna salıblar ki, filmi, audiovizual əsəri almamışdan əvvəl onun qanuna uyğun olub-olmaması ortaya çıxarsınlar. Bu zaman hüquq sahibi ilə müqavilə təqdim olunmalıdır. Amma indi siz Mədəniyyət və Turizm Nazirliyindən soruşun, nə qədər filmi qeydiyyatdan keçirirlər?
Mədəniyyət və Turizm Nazirliyinin “Milli filmlərin istehsalı və qeydə alınması” sektorunun müdiri Aydın Hüseynov pirat nümayişlər haqda problemin olduğunu, amma filmlərin qanunsuz nümayişi hallarına sektorun nəzarət etmədiyini söyləyir. Telekanallar özləri qanuna əməl etməli, Teleradio Şurası nəzarət etməlidir. Nazirliyin sözügedən sektoru sadəcə filmlərin qeydə alınması və nümayişinə lisenziya verilməsi ilə məşğuldur.
Aydın Hüseynov: “Filmlərin yayımı və nümayişi haqda qaydalara əsasən milli, irqi və ya dini düşmənçiliyin yaradılmasına yönələn, həmçinin pornoqrafiya və zorakılığı təbliğ edən filmlərə nümayiş lisenziyası verilmir. Bu lisenziya bir dəfə və distribüterə verilir. Daha sonra filmi distribüterdən alan televiziya kanalı onu necə nümayiş etdirir, bu, onların işidir.”
Teletənqidçi, professor Qulu Məhərrəmli məsələnin peşəkarlıqla bağlı olduğunu düşünür:
“Bunu heç kim bizim televiziyalar qədər kobud etmir. Televiziya bəzən epizodları kəsməli olur. Əslindəsə, bu müdaxilədir. Məsələn, bizim TV kanallarından biri elə bir epizodu kəsir ki, bu, filmin dramaturgiyasında çox vacibdir. Bu epizoddan tutaq ki, qəhrəmanın mübarizəsi başlayır. Məsələn zorlama səhnəsi...
Sovet zamanı alkoqolizmə qarşı mübarizə olanda qədəhlərin, şüşənin üstünü bağlayırdılar. Amerikada da siqaret markasının üstünü bağlayırlar. Amma bizdə bunu qeyri-peşəkar şəkildə edirlər. Bu da filmin məzmununa birbaşa təsir edir. Bunlar peşəkarlıqla bağlı məsələlərdir.
Sənət əsərinə müdaxilə yolverilməzdir. Bunlar adətən hüquqi qaydaların tətbiq olunmadığı hallarda baş verir. Bunları Rejissorlar Gildiyasının sədri Hüseyn Mehdiyev daha yaxşı bilir. Kiminsə subyektiv rəyinə əsasən, tutaq ki, qadının mini geyimini bağlamaq və ya nəyisə filmdən çıxarmaq... Halbuki, yaxşı filmdə heç nə təsadüfi olmur.
Məsələn, yadınızdadırsa, Rusiya Türkiyənin 4 seriyalı “Çalıquşu” filmini almışdı, amma bir seriyanı ümumiyyətlə göstərməmişdi. Bu alıcı ilə satıcı arasında razılaşmadan asılıdır. Bir seriyanı göstərməməyə razılaşıblar. Amma göstərdikləri seriyaları da bütöv göstərirlər. Bu biznes münasibəti kimi baş verir. Amma yaradıcı bir əsər, sənət əsəridirsə, ya bunu almırsan, alırsansa da tam şəkildə göstərirsən. Yaradıcı məhsula belə müdaxilə dünya təcrübəsində yoxdur. Bu, televiziyanın mahiyyətindən irəli gəlir.”
Rejissor Əli İsa Cabbarovun fikrincə, hər şey TV-nin film yayımçısıyla bağladığı müqavilədən asılıdır:
“Müqaviləyə əsasən TV kanalı redaktə hüququnu özündə saxlaya bilər. Bu, geniş praktikadır. Əgər kanal müəyyən fokus qrupa yayımlanan kabel kanalı deyilsə, ümumi dalğalarda yayımlanırsa, əldə etdiyi filmin redaktəsini onun müəlliflərinin və ya yayım hüququ olan şirkətin icazəsi ilə edə bilər. Məsələn, Tarantinonun “Azad olunmuş Canqo” filmi Çin prokatı üçün senzuraya uğramışdı - müəlliflər özü buna könüllü razı olmuşdu, çünki Çin prokatı yüz milyonlarla puldur. Ona görə belə məsələlər qəbul olunan praktikadır, amma filmin yayımçıları ilə müqavilədə razılaşdırılmalıdır.”
Milli Teleradio Şurasının “Ekspertiza, proqramlaşdırma və analitika” şöbəsinin müdiri Təvəkkül Dadaşov bu məsələnin qanuna görə tənzimləndiyini söyləyir:
“Teleradio yayımı haqqında qanunun 32-ci maddəsində bir tələb var: teleradio yayımı proqramlarında milli-mənəvi dəyərlərə riayət olunmalıdır. Bundan başqa qanun əsasında teleradio şurası tərəfindən xüsusi qaydalar hazırlanıb, bu qaydalar uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura biləcək proqramların yayımı ilə bağlıdır. Həmin qaydalarda məhdudlaşdırılması lazım olan proqramların siyahısı hazırlanır. Bunların içində erotikanın, zorakılıq səhnələrinin, qəddarlıq səhnələrinin məhdudlaşdırılması tələbi var. Bunun əsasında biz teleradio yayımçılarının efirində monitorinq aparırıq. Əgər bu zaman sadalanan hallar olarsa biz onlarla bağlı inzibati tədbirlər görürük. Həmin yayımların məhdudlaşdırılması səhər saat 7-dən axşam saat 23.00 - dəkdir.
Bunun necə məhdudlaşma formasını yayımçılar özləri müəyyənləşdirir, montaj edirlər, ya siqnalla ya bulanıq təsvirlə örtürlər, bu onların işidir.
Onların müəlliflərlə müqavilələri, orada onların razılaşdırılıb-razılaşdırılmaması bizim qarışacağımız məsələ deyil, bunlarla müəlliflər özləri, müəllif hüquqları agentliyi məşğul olur. Bizim tələbimiz yayımda belə halların efirə verilməməsidir.
Biz hansısa müəllifin hüquqları pozulmasın deyə uşaqların və yeniyetmələrin tərbiyəsinə ziyan vura bilmərik. O filmlər kinoteatrlarda, kodla yayımlanan kabel televiziyalarında göstərilə bilər. Teleradio yayımı haqqında qanun da bunu qadağan edir.
Qaldı ki, hansı səhnələrin milli mənəvi dəyərlərə ziddi olub olmamasını müəyyənləşdirməyə... Əvvəllər bir kanal var idi, bizə məktub göndərirdi ki, mənəvi dəyərləri bizə izah edin. Mənəvi dəyəri hər kəs özlüyündə bilir. Azərbaycan xalqına məxsus insan bilir ki, mənəvi dəyər nədir. Öz anasının, bacısının yanında baxa bilməyəcəyi səhnələri kəsməlidir. Baxa biləcəksə, kəsməsin. Məsələ, kobud desək, belədir.
Filmlərin qeyri-qanuni nümayişinə isə biz nəzarət etmirik. Bu məsələdə istehsalçı, müəllif özü müraciət edib, haqqını tələb edə bilər. Bununla bağlı bizim üzərimizə öhdəlik qoyulmayıb”.