“Narkoloji Mərkəzdəki yanğına görə digər şəxslər də məsuliyyətə cəlb oluna bilər”
8-03-2018, 13:39
Narkoloji Mərkəzdə 25 nəfərin ölümü ilə nəticələnən yanğın hadisəsi ictimaiyyətin müzakirəsindədir. Hadisənin başvermə səbəbləri ilə sosial şəbəkələrdə müxtəlif versiyalar səsləndirilirdi.
Nəhayət, martın 6-da elan edildi ki, yanğını “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov törədib. Yayılan rəsmi məlumatda qeyd olundu ki, ilkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən Məhəmməd Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.
Martın 7-də baş nazirin müavini, yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının sədri Abid Şərifov azvision.az saytına açıqlamasında bildirib ki, həlak olan hər bir şəxsin ailəsinə 10 min manat məbləğində yardım edilib.
Baş nazirin müavini vurğulayıb ki, xəsarət alanlara isə orta hesabla 500 manat maddi yardım göstərilib. A.Şərifov qeyd edib ki, aldığı xəsarətin dərəcəsindən asılı olaraq bəzilərinə 1000 manat vəsait verilib.
“Yeni Müsavat”a danışan keçmiş polis rəisi Mahmud Hacıyev deyib ki, əslində dispanserlərdə şərait islah koloniyalarından fərqli olur: “Burada istintaq altında yatanlar, narkotik istifadəçiləri, məhkumluq həyatı yaşayanlar da müalicə ala bilərlər. Ancaq məsələyə bu cür yanaşmaq lazımdır ki, orada müalicə alanların hamısı insandır. Bu səbəbdən də dispanser yüksək səviyyədə mühafizə, izolyasiya olunmalıdır. Xarici ölkələrdə təcrübə belədir ki, bu cür yerlərə böyük önəm verilir. Təmirindən tutmuş digər məsələlərinə qədər dispanserlər xüsusi olaraq tikilir, istifadə olunur. Bura izolyasiya olunmuş müalicə müəssisəsi olduğu üçün müəyyən predimetlər içəri buraxılmalı deyil. Bu hadisədə gördük ki, kiçik bir məsələ necə ağır nəticələrə gətirib çıxara bilir. Çox adam məsələyə fərqli yanaşır ki, narkoman idilər, ölüb canlarını qurtardılar. Bu cür yanaşma qəti şəkildə doğru deyil. Sivil ölkələrdə artıq bu cür insanları cinayətdən azad edirlər. Bizdə də bu məsələ müzakirədədir. Ancaq bir məqam da var ki, baxır kimi azad edirsən. Azad etmək adı altında neqativ hallar da baş verə bilər. Narkoloji Mərkəzdə yerləşənlərə cinayətkar demək olmaz. Sadəcə olaraq, onlar xəstədirlər və müalicə alırlar. İstər narkotiki gəzdirəni, istərsə də qəbul edəni Avropa ölkələrində xəstə hesab edirlər və həbsə salmırlar. Bu adamlarda ”lomka" deyilən hal var ki, bu hala düşdükləri zaman nə etdiklərini bilmirlər. Ağılları, şüurları itir. Bütün narkomanlar xaricdə olduğu kimi yüksək səviyyədə, məcburi qaydada, məhkəmənin qərarı ilə müalicə olunmalıdırlar. Bu adamları tutub içəri salmaqla heç bir iş düzəlmir. Əksinə, narkotik qəbul edən şəxsi tuturlar, türmədən çıxdıqdan sonra vəziyyəti daha da pis olur. Başlayır yenə də oğurluq etməyə, narkotik istifadəsinə".
Hacıyev bildirib ki, cəmiyyətin də bu insanlara baxışı dəyişməlidir:
“İnsanlar var ki, birmənalı şəkildə deyir ki, bu adamları azad etmək olmaz. Hesab edirlər ki, onların həbsdə qalması, hətta bəzilərinə görə ölümü daha yaxşıdır. Nəzərə almaq lazımdır ki, onlar da Azərbaycan vətəndaşıdırlar. Cinayətkarı ona görə tuturlar ki, gələcəkdə baş verə biləcək digər cinayət əməllərinin qarşısı alınsın. Onu islah əmək koloniyasında tərbiyə edib buraxırlar. Narkomanı isə tutanda hansısa cinayət əməlinin qarşısı alınmır. Məsələyə bu cür yanaşmaq lazımdır. Əgər mərkəz yüksək səviyyədə mühafizə olunsaydı, yəqin ki, bu cür hadisə baş verməzdi. İstintaq başlayıb və işlər aparılır. Məhəmməd Məmmədov istintaqa cəlb edilsə də, proses davam edir. Digər şəxslər də məsuliyyətə cəlb oluna bilər. Cinayət qanunverciliyində təhrikçi, köməkçi, iştirakçı, icraçı, o şəraiti yaradan vəzifə sahibi var. Qanunvericilikdə hadisəni törədənin həbsi ilə məsələnin qapanması halı yoxdur. Araşdırılacaq ki, o şəxs nə üçün belə bir hadisə törədib və alışqan onda haradan olub. Eyni zamanda motiv də araşdırılmalıdır. Həkim personalının həmin ərəfədə harada olması da araşdırılacaq. Bundan əlavə, mərkəzdə müalicə alan şəxslərin yaxınlarından da ifadələr alınacaq. Müalicənin necə təşkil olunması, neqativ halların nələr olması, hamısı öyrəniləcək. İstintaq başlayıbsa, gedişat da bu cür olacaq. Hələ ki yananların bəzilərinin şəxsiyyəti müəyyənləşməyib. Bu da onu göstərir ki, istintaq hələ davam edəcək”.