“Ramil Usubov incəsənətə meyilliydi, sonra müəllim işlədi” - Nazirin sinif yoldaşı ilə MÜSAHİBƏ

9-03-2018, 12:18           

AzEDU.az saytının “Sinif yoldaşı” layihəsində ölkə miqyasında tanınan ictimai-siyasi xadimlər, elm, mədəniyyət və ədəbiyyat adamları haqqında onların sinif yoldaşları danışır.

Layihənin ilk qonağı Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun sinif yoldaşı Rafael Teymurludur. Modern.az saytı həmin müsahibəni təqdim edir. O, müsahibəsində nazir haqqında olduqca maraqlı faktlar açıqlayıb.



Rafael müəllim əvvəlcə özü barəsində məlumat verir:



- Mən 1948-ci ildə Şuşanın Malıbəyli kəndində anadan olmuşam. İlk təhsilimi 8-ci sinfə qədər orada almışam. Kəndimizdə orta məktəb olmadığına görə, Xankəndində Nizami adına 4 saylı orta məktəbə getmişəm. Orada təhsilimi davam etdirmişəm. Orta məktəbi bitirəndən sonra 1966-cı ildə o vaxt Lenin adına Azərbaycan Pedaqoji İnstitutuna daxil olmuşam. 1970-ci ildə oranı bitirmişəm. 1972-ci ilə qədər təyinatla Xankəndinin Daşbulaq kəndində iki il işlədikdən sonra hərbi xidmətə getmişəm. 1973-cü ildə xidməti başa vurub, Xocalı kənd orta məktəbində müəllimlik fəaliyyətimi davam etdirmişəm.



1983-cü ilədək 10 il Xocalıda, daha sonra qonşu Quşçular kəndində 1992-ci ilə qədər işləmişəm. 1992-ci ildə kəndimiz işğal olunub. Ondan sonra Bakıya gəlib, Zuğulba sanatoriyasında məskunlaşmışam. 15 il həmin sanatoriyada qalmışıq. Sonra prezidentimizin səyi nəticəsində bu qəsəbə salınıb və bura köçmüşük. Müəllimlik fəaliyyətimi də Pirşağı qəsəbəsində yerləşən həmin Quşçular kəndinin əhalisi həmən o Giləvar sanatoriyasında yaşadığına görə oradakı 10 saylı internat məktəbində fəaliyyətimi davam etdirmişəm. 18 il də 2010-cu ilədək orada çalışmışam. 2010-cu ildə xəstələnmişəm. Ürəyimdən əməliyyat olunmuşam. Onunla əlaqədar olaraq da təqaüdə çıxmışam.



- Daxili işlər naziri, general-polkovnik Ramil Usubovla sinif yoldaşı olmusunuz. O günləri, məktəb illərini necə xatırlayırsınız?



- Mən Ramil Usubovla 3 il - son sinifləri birgə oxumuşam. Bu illər ərzində onunla bir partada əyləşmişəm. O vaxtlar nə Xocalı, Malıbəyli, Kərkicahan, Kosalarda, nə də Quşçularda orta məktəb yox idi. Amma erməni kəndlərinin hamısında məktəb olardı. Biz də orta təhsilimizi davam etdirmək üçün ya Şuşaya, ya da Xankəndinə getməli idik. Daha yaxın olduğundan Xankəndindəki 4 saylı məktəbi seçdik. Orada yalnız oxumaq məqsədilə gələn uşaqlar təhsil alırdı. Zəif oxuyanlar elə 8-ci sinfi bitirib kənddə - kolxozda və ya sovxozda işləyir, hərbi xidmətə yollanırdılar. Biz isə oxumaq üçün başqa rayona gedirdik. Orada şəhər uşaqları ilə sanki yarışırdıq. Kənddən gələn uşaqların onlardan yaxşı oxuması şəhərdən olanlara qəribə gəlirdi. Güclü rəqabət var idi, demək olar, günümüz vilayət kitabxanasında keçirdi. Həmişə dərslərimizi oxu zalında hazırlayardıq. Çünki yataqxana şəraitində oxumaq çox çətin idi; On iki nəfər bir otaqda qalırdıq. Milli qəhrəmanımız Şirin Mirzəyev də həmişə yanımıza gələrdi. O, bizdən bir sinif yuxarı oxuyurdu. Dəqiq fənlərdə bizə çox kömək edirdi. Xüsusilə də həndəsini gözəl bilirdi. Məsələni deyən kimi o dəqiqə şəklini çəkərdi. Ramil Usubovla da yaxın dost olmuşuq. Səmimi münasibətimiz olub.

“Ramil Usubov incəsənətə meyilliydi, sonra müəllim işlədi” - Nazirin sinif yoldaşı ilə MÜSAHİBƏ

- Yataqxanada Ramil Usubov da sizinlə qalırdı?



- Bəli, hamımız bir yerdə qalırdıq. Dəhlizdən iki otağa keçid var idi. Hərəsində altı nəfər yaşayırdı.



- Onunla tanışlığınızı necə xatırlayırsınız?



- İlk günlər hər kəs yaxın yoldaşını seçirdi. Dərslərdə aktiv olduğumuzu, xasiyyətimizin uyğunluğunu görürdük. Bu səbəbdən, onunla söhbətimiz tutdu, bir partada əyləşdik. Onu da deyim ki, Ramil elə orta məktəbdən çox prinsipial, haqqı-ədaləti sevən idi. Hiss olunurdu ki, bu adamda yalana, fırıldağa meyl yoxdur.



- Bu gün də həmin dostluq əlaqəniz qalıb?



- Bəli! Həyat yoldaşım Ramil müəllimin dayısı qızıdır. Biz sonradan qohum olmuşuq.



- Bəs, ən çox hansı fənnə maraq göstərirdi?



- Hər ikimiz humanitar fənləri çox sevirdik. 9-da oxuyanda Vahid müəllim vardı; o, bizə ədəbiyyatı, humanitar fənləri sevdirmişdi. Təsəvvür edin ki, müəllim dərsdən sonra yeni çıxmış əsəri bütün uşaqlara oxutdurur və müzakirəsini keçirirdi. Xüsusilə, Füzulidən dediyi şeirlər qəlbimizdə ona olan məhəbbəti birə on artırırdı. O, həm də yataqxanada tərbiyəçimiz idi. Bizi həmişə səhər idmanına oyadardı. Asif Cahangirovun atası ədəbiyyat müəllimimiz olub.



- Bəs, onun gələcəklə bağlı planları nələr idi?



- O vaxtlar müəllim yanına getmək yox idi, özümüz hazırlaşırdıq. Sözün düzü, üçümüzün də-rəhmətlik Şirin Mirzəyev, Ramil və mənim həvəsimiz teatra idi. Çünki biz məktəbdə Vahid müəllimin rəhbərliyi ilə Sevil tamaşasını səhnələşdirdik. Mən Əbdüləli bəyi, Ramil isə Məmmədəli bəyi canlandırdı. Vilayət teatrında məktəblilər arasında yarış keçirilirdi. Biz “1905-ci ildə” tamaşası ilə birinci yeri tutduq. Açığı, mənə teatr sahəsinə getmək üçün evdən imkan vermədilər. Amma birinci il Ramillə Şirin teatr institutuna imtahan verdilər. Nədənsə, onların işi alınmadı. Odur ki, Ramil bir il müəllim işlədi. Deməli, o vaxtı kəndlərdəki fermalarda azərbaycanlılar işləyirdi. Onların uşaqları təhsildən kənarda qalmasın deyə, məktəblər açılmışdı. Müəllim çatışmazlığı vardı. Ramil orta məktəbi bitirmişdi, kifayət qədər savadlı idi. Ona görə Ballıca məktəbində bir il müəllim işləyə bildi. Onun ilk əmək fəaliyyəti də məhz burdan başladı.

Bir ildən sonra hərbi xidmətə, Almaniyaya getdi. Onun məndə yaxşı şəkilləri vardı. Heyf ki, qaçqınlıqda hamısı məhv oldu. Heç nə gətirə bilmədim. Bircə “vinetka”nı bir tanışım vasitəsilə tapıb surətini çıxarmışam.

İki il sonra hərbi xidmətdən qayıtdı, Xankəndində milis məktəbinə daxil oldu. Vilayətdən göndərildiyinə görə onu rus qrupuna salmışdılar. Orada adətən, ermənilər oxuyurdu. Milis məktəbinin rus qrupunu fərqlənmə diplomu ilə bitirdi. Bitirəndən sonra sıravi serjant kimi işə başladı. Sonralar Əsgəran rayonunda əməliyyatçı, sahə müvəkkili kimi çalışdı. Rostovda milis akademiyasını bitirdikdən sonra isə Şuşada rəis müavini kimi fəaliyyət göstərirdi. Sonradan Vilayət Daxili işlər orqanlarında müavin, Şirvan şəhərində rəis oldu. Naxçıvanın daxili işlər naziri seçildi. DİN Cinayət Axtarış Şöbəsinin rəis təyin olundu. Beləcə, Ramil Usubov pillə-pillə yüksəldi.



- Bayaq teatra çox marağı olduğunu qeyd etdiniz. Necə oldu ki, bu istiqamət birdən dəyişdi? Onda güc strukturlarına marağı hərbi xidmət oyatdı?



- Bəli! O, dediyim kimi çox prinsipial, haqqı ədaləti sevən biri idi. Məsələn, sinif yoldaşlarımız arasında dava düşəndə, kim haqlı idisə gücsüz olsa belə, onun tərəfini saxlayırdı.



- Başqa hansı xüsusiyyətlərini sadalaya bilərsiz?



- Dəcəlliyi yox idi. İdmana çox meyilli idi. Yaxşı tennis, voleybol oynayırdı.



- Bəs, ailəsinin maddi durumu necə idi?



- Kasıb idilər; Ramil kiçik yaşından atasını itirmişdi. Amma zəhmətə çox qatlaşırdı. Üç qardaş olublar. O, həmişə ev işlərində anasına kömək edib. Elə mənim də bacım olmayıb, beş qardaş olmuşuq. Anama həmişə mən də kömək etmişəm.



- Ramil Usubovla bu günəcən aranızda hansısa inciklik, anlaşılmazlıq olubmu?



- Yox! Heç vaxt! Almaniyadan göndərdiyi açıqcalar vardı. Hər bayramda, doğum günündə mən ona göndərirdim, o da mənə. Çox səmimi, isti münasibətimiz olub. Bir-birimizi hər cəhətdən başa düşmüşük.



-Məktəb illərində hansısa müəllimlə problemi olub?



- Bəli, olub. Bir tarix müəllimimiz vardı; bir az kobud adam idi. Uşaqlarla sərt rəftar edirdi. Bir dəfə Ramilə nə isə xoşagəlməz söz dedi. Ramil cavab verdi ki, mənim şəxsiyyətimə niyə toxunursuz? Müəllim kinayə ilə Stalinin şəxsiyyətə pərəstişindən danışmağa başladı: “Şəxsiyyət olub bu, Stalin olub”. Ramil dedi ki, bəli, mən şəxsiyyətəm, hamı özü üçün şəxsiyyətdir. Belə haqsızlıqlara heç vaxt dözmürdü.



- Onunla ən yadda qalan xatirəniz nə olub?



- Biz uşaqlıqda güləşirdik. Şirin aramızda ən sakit təbiətlisi idi. Biz onunla zarafatlaşırdıq, o isə heç vaxt zarafat etmirdi. Fiziki cəhətdən çox güclü idi. İkimiz birləşib onu yıxmaq istəyirdik, amma bacarmırdıq. Hərəmizi bir tərəfə atırdı. Həm də boyca bizdən hündür idi.

- Hansısa müəllim nə vaxtsa R.Usubovu cəzalandırıb?

- Yox, özünə söz dedirtməzdi. Məsələn, orta məktəbdə oxuyarkən pambıq yığmağa getmişdik. Biz orada ağrılı-acılı günlər keçirirdik, ac-susuz qalırdıq, amma yenə də nizam-intizamımız yerində idi. Elə bilməyin ki, ancaq sözə baxan idi, hara buyurdular gedirdi, yox. Sadəcə, üzərimizə düşən işin məsuliyyətini dərk edirdik. Çox işgüzar insan idi. Qardaşları kiçik olduğundan, həyətyanı sahəni özü becərirdi.

Ramil Usubovun dayısı qızı, Rafael müəllimin həyat yoldaşı Gülsurə Kərimova da bu yerdə söhbətə qoşulur:



Gülsurə Kərimova: - Mənim atam onun dayısıdır. 6 uşaq olublar. Ən böyüyü atam idi. Amma Xocalı faciəsi zamanı atam Kətik meşəsində itkin düşdü. Meyitini belə tapa bilmədik. Yadımdadır, Ramil həmişə bizə gələr. atamdan məsləhətlər alardı. Saatlarla söhbət edərdilər. Atam çox dünyagörüşlü, dəqiq, dürüst insan idi. Ramil də bir qədər ona bənzəyib. Təhsildən, dünyamiqyaslı mövzulardan, dünyagörüşündən danışardılar.


- Bədii ədəbiyyata, mütaliəyə marağı necə idi?



Rafael Teymurlu: - Çox yaxşı, yeni çıxan əsərlərin hamısını oxuyurduq.

- Ən sevdiyi yazar kim idi?

- İlyas Əfəndiyevi çox xoşlayırdıq. Onun pyeslərini səhnələşdirirdik. Məsələn “Müsibəti–Fəxrəddin” əsərini oynamışdıq. Mən Fəxrəddini, Ramil isə Mahmud rolunu oynayıb. “Vaqif” pyesində isə Vaqifi Ramil, Vidadini Şirin, Qacarı isə mən canlandırmışam.

Bəlkə də incəsənət üzrə oxusaydıq yaxşı aktyor olardıq...



- Bədii ədəbiyyatla maraqlanan biri kimi hansısa əsərdəki obrazlarda 3 dost kimi özünüzü görmüsünüzmü?



- İlyas Əfəndiyevin "Dağlar arxasında üç dost" əsəri. Biz orta məktəbdə oxuyanda əsər təzə çıxmışdı. Müzakirə edirdik.



- Sinifdə ən yaxın dostu kim olub?



- Ramil mənim sinif yoldaşım olsa da, Şirinlə daha yaxın idi. Halbuki, Şirin bizdən bir sinif yuxarı oxuyurdu. O, bizə böyük qardaş olub, bizi çox işlərdən çəkindirib.



- Gələcək arzuları haqda sizə nəsə danışıb?



- Bəli, söhbət edirdik. İdarə rəisinin müavini işləyəndə deyirdi ki, Rafael, bu çətin işdir. Amma həm də çox maraqlıdır.

Hərdən deyirəm: “Ramil, heç birimiz arzuladığımız yolla getmədik. Şirin hərbçi oldu, sən polis, mən də müəllim. Necə oldu belə? Qismət...”



- Sonuncu dəfə nə vaxt görüşmüsüz?



- Təxminən 5-6 il əvvəl. Görüş deyəndə açığı, heç onun vaxtı olmur. Gedib deyirəm ki, gəlmişəm sənlə salamlaşam, görüm, əhvalın necədir.


- Qarabağ müharibəsi başlananda doğma yurdunuzdan ayrılmalı olduz. Bəs, Bakıda bir-birinizi necə tapdız?



- Bizim kənd işğal olunanda Ağdama gəldik. Ramil o vaxt DİN Cinayət Axtarış İdarəsinin rəisi işləyirdi.

20-25 km yol getdik. Hər tərəf erməni idi. Sonuncu postu yarıb kənddən çıxdıq. Abdal-Gülablı kəndinə düşdük. 9 şəhid verdik. Qadın, qoca və uşaqları çıxara bildik. Ağdamda da dedik ki, biz birtəhər canımızı qurtardıq. Xocalını bizdən betər aqibət gözləyir.

1994-cü ildə Zuğulba sanatoriyasında H.Əliyevin bizimlə görüşü oldu. O vaxt Ramil yeni nazir təyin olunmuşdu. İlk görüşümüz orada oldu. Yox, ondan əvvəl də görüşmüşdük. O “OVİR”də - Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi - rəis işləyirdi.



- Hansısa istedadının şahidi olmusuz?



- Kumiri böyük müğənni Rəşid Behbudov idi. Ramil həmişə onun mahnılarını oxuyurdu. Aramızda mübahisə düşürdü. Mən muğamı sevirdim, Arif Babayev, İslam Rzayevi yamsılayırdım. O isə Rəşid Behbudovu.



- Son zənginizi necə xatırlayırsınız?



- Heyf ki, son zəngi erməni, rus uşaqları ilə birgə keçirməli olduq. Yalnız bizim sinif olmadı. Düzdür, onların arasında bizə yaxşı münasibət bəsləyənlər, yoldaşlıq etdiklərimiz də var idi. Amma əksəriyyəti bizə türk olduğumuza görə düşmən gözü ilə baxırdılar. Bizim uğurlarımızı heç vaxt qəbul etmirdilər. Tamaşaları göstərəndə çalışırdılar ki, mane olsunlar. Amma alınmırdı. Çünki Xankəndində yaşayanların çoxu-valideynlər tamaşaya baxmağa gəlirdilər.





- Məktəbdə, adətən, uşaqların ilk məhəbbət macəraları olur. Ramil Usubovun ilk sevgisi kim idi, belə hislərini sizinlə bölüşürdümü ?



- Elə şeylər olmayıb. Əvvəl sinifdə 22 nəfər idik. Son sinfi isə 9 nəfərlə bitirdik. Qızların çoxu, oxuya bilmədi, bəziləri nişanlandı. Cəmi bir qız bizimlə məktəbi bitirdi; O da Ofeliya... Hazırda Ali Məhkəmədə işləyən Ramella Allahverdiyevanın bacısıdır. Sonradan Ağdamda Çörək Muzeyinin direktoru, Təhsil Şöbəsinin müdiri oldu, indi rəhmətə gedib.



- Ramil Usubovun universitetə qəbulunu, ümumiyyətlə, o illəri necə xatırlayırsınız?



- O, Xüsusi Polis Məktəbinə daxil olmuşdu. İlk növbədə, boy-buxun uyğun olmalıydı. O vaxt Arif Heydərov daxili işlər naziri idi. Ramil dedi ki, bizi sıraya düzmüşdülər, Arif müəllim gəldi. Keçəndə elə bildim ki, mənim boyum nisbətən balaca olduğuna görə seçilməyəcəm: "Amma baxdı, baxdı keçdi. Deməli, məni də qəbul etmişdi. Əvvəlcə daxili işlər naziri özü yoxlayırdı. Sonra tarix, Azərbaycan dili və ədəbiyyatdan imtahan verirdilər. Bir də fiziki hazırlıq var idi. Ramilin dediyim kimi idmana marağı çox idi. Ona görə yüksək nəticə göstərmişdi. Burada da yaxşı oxudu. Fərqlənmə ilə bitirdi. Buraxılışda mən də ordaydım. Yadımdadır ki, bayrağı birinci o götürmüşdü.



- Ən çox çətinlik çəkdiyi fənn hansı idi?



- Çətinlik çəkdiyimiz fənn cəbr idi. Humanitar fənlərə meylli idik, amma çalışırdıq ki, 4-dən aşağı qiymət almayaq. Bu fəndən Şirin rəhmətlik bizə kömək edirdi. Onun yaxşı rəsm çəkməyi də var idi.



-1993-cü ildə R. Usubov daxili işlər naziri təyin edildi. Münasibətiniz necə oldu? Onda bu potensialı görürdünüzmü?



- Bəli, gözləyirdim. Bilirdim ki, o irəli gedəcək. Ramil professional sistem işçisidir. O, ən aşağıdan başlayaraq bacarığıyla bu pilləyə gəlib. Heydər Əliyev bilirdi ki, bu adam işinin ustasıdı. Bu gün də sabitliyin qorunması onun zəhmətinin nəticəsidir. Daxildə sabitlik olmasa, nə iş görmək olar ki?! İqtisadiyyat da inkişaf etməz.

Gülsarə Kərimova: - Bir dəfə Qənirə Paşayeva ulu öndərə Ramil Usubova aid sual vermişdi. Heydər Əliyev bildirmişdi ki, neçə daxili işlər nazirləri ilə işləmişəm, amma beləsini görməmişəm.

Rafael Teymurlu: -Respublikanın əməliyyat şəraitini əlində saxlamağı bacaran nazirdi. Dostum olduğuna görə demirəm. Hətta müxalifətdə olanlar etiraf edirlər ki, R.Usubov peşəkar işçidir.


- Hansısa məsələylə bağlı Ramil Usubovun sizdən məsləhət aldığı olub?



-Tam xatırlamıram. Amma Şirin Mirzəyev Yerəvanda qulluq edəndə ona məktub yazmışdım ki, Bakıya dəyişilmək üçün imkanın yoxdusa, Ramillə mən gücümüz çatdığı qədər pul göndərək. Ramillə də bu haqda məsləhətləşmişdik.



- Ailə üzvləri ilə əlaqəniz var idimi?



- Kiçik qardaşı Mütəllim Usubov Dövlət Təhlükəsizlik Xidmətində işləyir. Xocalıda işləyəndə, 9-10-cu siniflərdə ona dərs demişəm . Ortancıl qardaşıyla da həmişə münasibətimiz olub. Xocalıda məktəb bağlananda uşaqları bir aylıq üzüm yığmağa aparırdıq. O da sürücü idi. Üzümləri daşıyırdı. Böyük oğlu isə yanında işləyir. Səhv etmirəmsə, polis polkovnikidir.



- Son olaraq, Ramil Usubova nə arzulamaq istəyərdiniz?



- Uğurlar! Ona birinci can sağlığı arzu edirəm! Can sağlığı olsun ki, qalan işləri həll edə bilsin. İnanıram ki, öhdəsindən gələcək. Çünki onda bu bacarıq, dəyanət var.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.