"Ərimin qazandığı pulu xərcləməyə heyfim gəlmir. İçim o qədər yanıb ki... " - Sumqayıtdan olan hicablı qadının hekayəti
10-03-2018, 00:25
Onun telefon nömrəsini mənə verəndə, Təranə xəbərdarlıq edir: "Facebook-u yoxdur, əri icazə vermir. Amma əsl şopoholikdir. Evində o qədər paltar var ki, heç özü də bilmir, nəyi var, nəyi yox".
Aynurla biz Mərdəkanın mərkəzində görüşürük, özü yaxınlıqdakı Bakı kəndlərinin birində yaşayır. Kafedə oturub, şirniyyat ilə çay sifariş edirik.
Böyük kafe məkanı adamlarla doludur; yanımızda başı örtülü gənc ana kiçik qızına irad tutur: "Yeməyəcəkdinsə, niyə sifariş etdin?"
"Necə yəni rəhmətə gedib, axı söz vermişdi gələcəm?" Valideynlərini erkən itirən gənc aktrisanın hekayəsi
Gözdən əlil qadın: Ən dəhşətlisi, üç ildir ki, qızımın üzünü görə bilmirəm. O dəyişibmi? Necə dəyişib?
Bakı yaxınlığında qadınların "qul bazarı"
"Evdəkilərə demisənmi, hara gedirsən?" - Aynurdan soruşuram. "Əlbəttə ki, yox, dedim, buralara çıxıram, mağazaları gəzəcəm", - o, gülümsəyərək cavab verir. Başı hicabla örtülüb, geyimi din üslubunda olmasa da, səliqəli və bağlıdır.
Şopoholik
İndi dolabımda heç etiketi kəsilməmiş, bir dəfə də geyinmədəyim təxminən on koftam var. Əsasən şoppinqimi Əhmədlidə dini dükanlarda, Azadlıq metrosunun yanında, elə Mərdəkanda da edirəm. Keçən həftə alış-verişə getmişdim, saat birdə çıxıb, saat altıda qayıtmışam (gülür).
Ən çox ayaqqabı almağı sevirəm. Elə olur, hər ayaqqabıdan iki rəng, iki çeşid alıram.
İki il bundan əvvəl aldığım ayaqqabını hələ paketdən çıxarmamışam. Onu aldığım dükan artıq bağlanıb. Instagram-da və ya mağazaların vitrinində yeni əşya görəndə narahat oluram ki, bu əşya mənim olmalıdır.
Elə olur ki, hansısa əşyanı alıram, sonra gəlib görürəm ki, bu, paltar dolabımda artıq var imiş. Çoxunu geyinməyib və ya bir-iki dəfə geyinib qohumlarıma və ya rəfiqələrimə verirəm, qaytarmamaq şərti ilə.
Məndə olan əşyadan kiminsə əynində görsəm, daha onu geyinmərəm. Bu paltar tək məndə olmalıdır, düşünürəm.
O qədər alış-veriş edirəm ki, yoldaşım heç mənim köhnə və təzə paltarımın arasında fərq eləmir. Qayınanam hərdən zarafatla söyləyir: "Ay balam, adamın nə qədər pal-paltarı olar, şifoner üstünə gəlir!"
Ən çox etdiyim birdəfəlik alış-veriş iki yüz manat civarında olub. Elə evdən çıxanda bu məbləği özümlə götürürəm.
Adətən aldıqlarımı altmış-yetmiş manata da sığışdırıram. Mağazalarda, Instagram-da endirim vaxtlarını izləyirəm. Hərdən gözümə xoşuma gələn əşya dəysə, dərhal alıram.
Bir dəfə Sədərəyə də getmişəm, amma oralar heç xoşuma gəlmir. Yoldaşım orada işləyir deyə onu hamı tanıyır və o, məni dini geyim almağa məcbur edir, mən də elə geyimə o qədər də meyilli deyiləm.
Müasir dəb mənə daha uyğun gəlir. Bir dəfə mağazada dizi cırıq şalvar görmüşdüm, elə gözüm qaldı ki, onda. Düşündüm, mən nə edım, sonra çarə tapdım; şalvarı aldım, cırığına da yamaq vurdum.
Hərdən rəfiqələrim gülə-gülə "Sən buna otuz manat pul vermisən, ərin buna nə dedi?" Deyirəm: "Hələ görməyib".
Subay vaxtı o qədər alış-veriş etmirdim, ehtiyaca görə, qədərini bilirdim, bilirdim ki, atam əziyyətlə pul qazanır. Nə alırdılar, onu geyinirdim".
Alış-verişə olan meyilin səbəbi...
Aynur evlidir, otuz iki yaşı var və iki - biri doqquz, biri yeddi yaşında - oğul anasıdır. Onun alış-verişə həddən artıq olan meyilinin arxasında ağır həyat hekayəsi gizlənir.
"Sumqayıtda anadan olmuşam, orada böyümüşəm, uşaqlarım da orada dünyaya gəlib. Şəhər uşaqıyam, indiki yaşadığım mühitə heç uyğunlaşa bilmirəm. Mənimki ancaq şəhər, səsli-küylü yerlərdir. Həyət evi mənlik deyil.
Sakit ailə olmuşuq - ana, ata, iki qız. Məktəbi, ondan sonra pianino üzrə musiqi kollecini bitirdim.
İmkan baxımından - bu dəqiqə maddiyyat hər yerdə rol oynayır - işləyə bilməmişəm. İndi də işləmək istəsəm - məsələn, uşaq bağçasında pianino müəlliməsi - işləyərəm, sadəcə icazəm yoxdur.
Əslən İsmayıllıdanam. Hər dəfə xəyallarımda kəndimi görürəm, ora qayıtmaq istəyirəm. Kəndimizi çox sevirəm. Şəhər yeri deyil, amma qadınlar çox gözəl, dəblə geyinir.
Qadınlara münasibət gözəldir, qadınları əl üstündə saxlayırlar. Hüquqlar da bərabərdir, ikisi də öz sözünü deyə bilər.
Bir dəfə qayınanamla söhbət edirdim, deyirdi ki, "Bizim kənddə qadınlar ancaq tarlalarda işləyirdi, kişilər isə evdə oturub, çay içib söhbət edirdilər".
Məəttəl qaldım. Bizdə elə deyildi. Çölə, əkinçiliyə belə ailəliklə gedirlər. Qadın, məsələn, evə gələn təzə gəlin, işləmək istəyirsə, qayınatası əlindən gələni edəcək ki, onu işə düzəltsin. Ucqar kəndlərdə yaşayan belə qız qohumlarım məktəbi bitirir və oxuyurlar.
Yoldaşımın dayısı oğlu Sumqayıtda qapı qonşumuz idi, o da onlara qonaq gəlmişdi. Bir-iki dəfə məni gördü.
Qonşumuz, dayısı oğlu məndən yaşca kiçik idi, bacı-qardaş münasibətimiz vardı deməsəm də, arabir söhbətlərimiz olurdu. Ona uşaq kimi baxırdım. Mən kompüter kurslarına gedəndə, bir də görürdüm, o da mənə qoşulub gedir.
Bir dəfə mən kompüter kursuna gedəndə, qonşumla qarşılaşdım. "Hara gedirsən?" "Kursa", "Gəl, birlikdə gedək". Dedim: "Yox".
Bu aralarda Rafaellə Coşqunun kasetləri var idi, şəxsiyyət vəsiqəsi ilə prokata almaq olurdu. Dedi ki, şəxsiyyət vəsiqəni ver, gedək, məhəllədəki tanışdan həmin kaseti götürək.
Mən də düşünmədən verdim. Sən demə, bunlar mənim şəxsiyyət vəsiqəm ilə Naxçıvana bilet alıblar, mənim də xəbərim yox idi (oğlan naxçıvanlı idi).
Bir neçə gündən sonra qonşumuzla yenə də qarşılaşdım. Taksidə idi, dedi "Gəl, səni kompüter kursuna aparım". Nə qədər "yox" dedim, əl çəkmədi. Yanında dayısı oğlu da var idi.
Mən maşına oturan kimi, maşın dərhal Xırdalana sürdü. Qışqırdım, bağırdım, ağladım. Eh, nələr olmadı....
Xırdalanda oğlanın bibisigildə məni bir-iki gün güclə saxladılar. Atam çox qəddar adam idi, onu inandıra bilmədik ki, mən öz xoşumla getməmişəm. Halbuki o, mənim gənc yaşlarımdan başqa istədiyim olduğunu bilirdi.
"İş işdən keçib"
Atam zəng etdi, polislə onları hədələdi və tələb etdi ki, məni geri qaytarsınlar. Atamla oğlanın bibisi danışdı və dedi ki, "iş işdən keçib", halbuki aramızda heç nə olmadı. Apreldəki toya kimi münasibətdə deyildik.
Arabir anamla, bacımla telefonla danışırdım. Onlar mənim güclə aparıldığımı bilirdi, amma yazıq anam neyləsin? Çarəsi yox idi.
Atam başqa cür adam idi. Bizə heç yerə getməyə icazə vermirdi. Sumqayıt çox balaca bir yerdir, amma heç şəhəri tanımırdım.
Bir məktəbə, bir də musiqi kollecinə gedirdim. İxtiyarım yox idi ki, bibim-dayımgilə balaca bir mikrorayona gedim.
Məktəbdə otağın qapısı təsadüfən örtüləndə, məni əsməcə tuturdu, qorxurdum ki, burada qalacam. İndi da heç qapalı yerləri sevmirəm, onun ucbatından metroya da minmirəm.
Yoldaşımla indi on bir ildir ki, evliyəm. Aramızda sevgi qətiyyən yoxdur, çünki, dediyim kimi, ürəyimdə indiyə kimi bir başqası yaşayır.
Amma atamın davranışını, bəzi hərəkətlərini xatırlayanda və yoldaşımla müqaisə etdikdə, düşünürəm: "İlahi, kişilər həqiqətən də fərqli olur".
Atam çox deyincək, hər bir xırdalığı böyüdüb problem edən bir kəsdir. Çox soyuqqanlı insandır, xasiyyəti tünddür.
Başımı da öz istəyimlə örtmədim, yoldaşım məcbur etdi. Birinci oğlum dünyaya gələndə çox üstümə gəldi ki, hicab geyinim, ikincidən sonra artıq məcbur etdi, başqa çarəm qalmadı.
Yoldaşım
Yoldaşım çox sakit, mənə qarşı çox səbirli bir kəsdir. Hərdən özüm özümə əsəbiləşirəm: "Axı onun nə günahı var?" Düzdür, məni qaçırıb və bunu dəfələrlə ona xatırladıram.
Onun da həyatı məni qaçırdıqdan sonra tamam dəyişdi. O, deyib-gülən, yeyib-içməyi sevən idi. Belə qəti dindar, kərbəlayi sonradan olub.
Türkiyədə yaşayırdı, sonradan bura gəldi. . Orada elə məscidə getdi, dinlə maraqlanmağa başladı. İndi Sədərəkdə ticarətlə məşğuldur
Hələ ondan əvvəl o, dost-qohumla masa arxasında içki içəndə, mən görürdüm ki, onun halı dəyişir, pis olur. Orqanizmi alkoqolu qəbul etmirdi.
Özüm də ona dedim: "Görürsən, Allah elə edir ki, səni içkidən iyrəndirsin". Həm də, demək olar ki, bütün həyatı boyu ticarətlə məşğul olduğuna görə, fərli təhsili də olmayıb, başqa bir sənəti də yox idi.
Əvvəllər heç Quranı da açıb oxuya bilmirdi, mən onun üçün oxuyub başa salırdım. İndi məndən qat-qat irəlidədir. Getdiyi məclislərdən, dini kitablardan öyrəndi.
Mən özüm bəs? Bilirsiniz, elə bir xasiyyətim var, məndən kimsə nəsə xahiş etsə, canımı da verərəm, təki yerinə yetirim. Amma qəlbimi qırsa, mənə bir atmaca atsa, mən hər şeyi, bütün münasibəti silərəm.
Başımı bağlamağı da tələb edəndə, razılaşdım, düzdür, bir-iki il çəkdi, çünki ciddi qərardır, elə-belə deyil ki, iki ildən sonra bezib açasan.
Bir yerdə namaz qılırdıq, sonra Quran dərsinə getdim, yaşadığımız yerin hər yanı məsciddir. Qayınanalı evdə yaşayıram, evin işi, uşaqlar "ana, mənə çay ver, mənə su ver". Deyirdim: "Oğlum, gözlə, bu surəni oxuyub bitirim".
Mən hər dəfə bunu etdikcə, yoldaşımla qayınanam söz atırdılar: "Uşaqlar, ananız professor olacaq". Bir dedilər, iki dedilər, sonda özüm də soyudum.
Amma təkcə mən yoldaşım məndən istədiklərini edirdim, əks tərəfdən heçnə görmürdüm. "Toya getmə, qonaqlığa getmə, onunla görüşmə, bununla görüşmə", bunlardan sonra içimdə hər şey soyudu.
Təsəvvür edin, nəslin böyük qızı ol, hamı ilə görüş, şənlən və sonradan sənə bu qadağaları qoyurlar. Çox pis təsir edirdi mənə.
Şükür allaha, qayınanamla münasibətim yaxşıdır, mənə əl tutur, işlərimdə kömək edir.
Öncədən demişəm: "Yoldaşımla mübahisə olanda, sən qarışma. Çünki biz sonradan barışarıq, sən da ortalıqda olarsan, mənim ürəyimdə də sənin onu öyrətdiyin qalacaq". O, ciddi qayınanalardan deyil.
"Nəyə gəldi, pul xərcləyirəm"
Beş nəfərlik ailəmizin tələbatını tək işləyən yoldaşım ödəyir. Özüm də işləmək istəyərdim, amma o mənə, "Yaxşı kişinin arvadı işləməz" deyir.
Özüm işləmirəm, xərclərimizi çatdırıram, amma deyim ki, yoldaşım işləyib qazandığına heyfim gəlir, demərəm. İçim o qədər yanıb ki. Həyatımın boş-boşuna keçdiyini düşünürəm. Nəyə gəldi, pul xərcləyirəm.
Hərdən Instagram-da da paltar satan səhifələrdən yararlanıram. Bu yaxınlara kimi köhnə düyməli telefon ilə gəzirdim, təzə telefonu alanda, gördüm ki, orada həm İnstagram, həm Facebook öncədən quraşdırılıb.
Yoldaşım bunu görəndə qəzəbləndi və Facebook-u sildi. Amma tələb etdim ki, İnstagram-a dəyməsin.
Bilmirəm, nəyə görə icazə vermir. Halbuki özünün profili var və çox fəaldır, bütün qohumları, xalası qızları dostluğundadır.
Özüm çox qısqancam, amma onu heç vaxt qısqanmamışam, heç soruşmamışam "Bunlar kimdir, nəyə görə dostluğundadır?". Qısqanclığa səbəb yaratsa belə qısqanmaram. Mənə də Instagram-ı xalası qızı aşmışdı.
"Başqa birini sevirəm"
Mən istədiklərimi tapa bilməyəndə alış-verişə başladım. Bəlkə də, psixoloji idi. Başqa bir nəfəri sevmişəm və indi də sevirəm.
Sevdiyimlə kəndimizdə görüşmüşük, anam tərəfindən bizə qohum gəlirdi. Bütün kənd bizim hisslərimiz haqqında bilirdi.
Toylarda, yaslarda, məclislərdə üz-üzə gələndə, hamı bizə baxırdı ki, biz necə davranacağıq. Özümdən asılı olmayaraq titrəyirdim, əllərim əsməyə başlayırdı.
Valideynləri, "yox, varlı ailədən gəlin gətirək" deyərək məni ailələrinə qəbul etmək istəmədilər. Buna görə aramızda söz-söhbət çox oldu.
"Anası filan sözü dedi", uşaq-muşaq yox, mənim doğma xalalarım mənə söz çatdırırdı. Bunlara dözmədim, "Ayrılaq!" dedim.
Məcburi onu bibisi qızı ilə evləndirdilər. Qızın valideynləri rəhmətə gedib, tək qalmışdı. Yalandan "anası öləndə səninlə evlənməyi vəsiyyət etmişdi" deyib, xəlvətcə toy elədilər.
Beş ay yaşayıb əsgərliyə getdi. Amma qayıdanda da bibisi qızı ilə yaşaya bilmədi. O, tamam başqa adam idi.
Rusiyaya getdi, orada işlədi, sonra ayrıldılar. Ondan sonra müxtəlif münaibətlərdə oldu, hətta uşağı olan bir qadınla da yaşadı.
Başqasını sevdiyimə görə, nə alırdım, onu düşünürdüm: "Bu paltarı onu görəndə geyinərəm" və ya "Saçıma boya çəkim ki, görəndə yenilik olsun". Nə edirdim, onu düşünürdüm.
İndi də, arzulayıram, ora qayıdım, onu görüm, halbuki bilirəm ki, o, çoxdan kənddən gedib.
Mən onun ailə qurub xoşbəxt yaşadığını bilsəydim, mən də öz taleyimlə barışıb yaşayardım. Amma bilirəm ki, o da bədbəxtdir.
Belə ikili həyat yaşamağım məni də üzür və bu, bir, iki ay deyil, artıq on bir il davam edir. Yoldaşımla əlaqələrimiz də istəməyə-istəməyə, məcburidir.
Hər dəfə yoldaşımla olanda, o birisindən - sevgilimdən ürəyimdə üzr istəyirəm: "Bağışla, əzizim, nə olar, bağışla!", elə bil ki, mən ona ərimlə xəyanət edirəm.
Image caption
Hekayəsini bizə danışan qadın alış-verişə niyə meyl saldığını izah edib.
Amma sevgilim məni sevsə belə, indi onu etiraf etməz - axı ortalıqda ailə həyatı, uşaqlar var. Düşünürəm, uşaqlar böyüyəcək, evlənəcək, mən də qaçıb ona qovuşaram. Bütün arzularımı gerçəkləşdirəcəm.
Hərdən də deyirəm ki, mən istəmədiyim bir həyatı sonuna kimi yaşamalı olacam. Təsvir edirəm ki, qocalanda yoldaşımla çəliklə gəzə-gəzə bir-birimizə qoşulub gedəcəyik.
"Yoldaşıma isinə bilmirəm"
Amma yoldaşımın həyat görüşü mənimkindən tam fərqlidir. Mən şənlənməyi, deyib-gülməyi, kinoya gedib baxmağı sevirəm. Yoldaşım isə tamamilə başqadır.
Onun fikrincə, qadın evdə oturub uşaqlara baxmalıdır, özü isə dostları ilə restoranları gəzir. Amma mənimlə harasa getməyi sevmir.
Halbuki mən uşaqlarımla birlikdə hər həftə gəzintiyə çıxıram, deyirəm, nə olar ki, sən də bir dəfə bizimlə çıxardın? Nə mən ona isinə bilmirəm. Özüm də dəfələrlə demişəm: "İstədiyin bir nəfər olsa, gedə bilərsən".
Öz imkanlarım, uşağımı saxlamaq imkanım olsaydı, yoldaşımdan ayrılardım. Halbuki mənim qohumlarım məni qəbul etməzdi, anam başda olmaqla.
Anamın elə xasiyyəti var ki, hətta uşaqlar balaca olanda darıxıb anamgilə gələndə, özü mənə deyirdi: "Xoşum gəlmir qız tez-tez ana evinə gəlsin".
Hər ailədə dava-dalaş olub, amma nə qədər dalaşıb sözləşsək belə, heç vaxt çıxıb anamgilə getməmişəm. Bir tərəfdən anam da fikir edəcək.
Mən yoldaşımla barışıb bir yastıqda yatsam belə, anam mənim dərdimi çəkəcək. Ata evinə qayıtmağıma da anam icazə verməz.
Əslində heç qohumlarımın arasında belə mənə dəstək verə biləcək bir kəs yoxdur. Bir tərəfdən, yoldaşım dinə yönələndən sonra özləri bizdən aralanmağa başladılar.
Axı yoldaşım, o dünən onlarla bir masa arxasında yeyib-içən, gülüb-danışan o kəs deyildi. Həm də hərənin öz ailəsi, öz dərdi...
Bu dəqiqə qohumlarımın arasında yoldaşım ən yaxşı ər, mən isə ən xoşbəxt qadınam. Çünki mənim tez-tez əyin-baş aldığımı, toylarda əylənməyimi görürlər, amma içimdə çəkdiklərimi bilmirlər.
Musiqi qadağası
Ən çox pianino müəlliməsi olmaq istəyərdim. Sumqayıtdakı evimizdə pianino hələ qalıb. Musiqini çox sevirəm. Amma evdə musiqi dinləyəndə yoldaşım o saat deyinməyə başlayır: "Bunlar nədir? Yığışdır bunları!".
Gecə yatanda qulaqcığı qulağıma salıb musiqi ilə yatıram. Heç anasının adi televizora baxmağı da xoşuna gəlmir.
Yoldaşım bütün bu məhdudiyyətləri mənim üzərimə qoyanda, hiss etdim ki, artıq əldən gedirəm. Körpə uşaqlar bir tərəfdən, istəmədiyim həyat digər tərəfdən.
Məni heç xalam qızının toyuna belə buraxmadı: "Yox, getməyə icazə yoxdur". Qışqırdım, ağladım, dedim: "Gəl ayrılaq. Mənim həyatımı qəbul etməlisən. Demə ki, "Aynuru bu toya da buraxım, sonra düzələcək". Yox, düzəlməyəcək! Mən bitirəm, tükənirəm".
Sonra mənim evdən çıxışlarıma icazəsini verdi. Düzdür, özü toylara getmir, amma mənə də daha qadağan eləmir. Düzdür, deyir ki, "Toyda rəqs etsən, sənə haqqımı halal etmərəm".
Toydan qayıdanda da, "Nə oldu, oynamısan?" soruşur. "Oynadım", - deyirəm. "O oturub-durduğun rəfiqələrindi səni yoldan çıxaran!" - qəzəblənib mənə qışqırırdı. Halbuki bütün rəfiqələrim dindar, başı örtülü namaz qılanlardır.
"Sevgi ilə ailə qurmaq lazımdır"
Yoldaşım mənə başımı bağlamağı məcbur edəndə "Başını bağla, istədiyini edəcəksən, sənə filan əşyalar alacam" demişdi, amma heç birini yerinə yetirmədi. Mənim alış-verişlərim də yoldaşımın acığına oldu.
Kifayət qədər pul da qazanıb mənə də verir. Düzdür, evə lazım olan iri alış-verişi - ət, kartof, yağ - özü edir, mən isə "xırda-xuruş", çərəz, şirniyyat alıram.
Uşaqlarıma da əşya, geyim almağı çox sevirəm. Uşaqlar böyüdükcə, geyimlərini, elə öz paltarlarımı da, rayona qohumlarıma göndərirəm. O zaman mənə elə bil dünyanı bağışlayırlar, mənə o qədər dua edirlər ki, özüm özümə utanıram.
Yoldaşım əsasən mənə kitab və ya gümüş üzük hədiyyə edir. Kitablar da dini kitablar olur, məsələn, İmam Əlinin həyatı.
O da düşür ad günümə və ya dini bayramlara - səkkiz mart kimi dini olmayan bayramları qəbul etmir. Ətir və ya paltar almır, bilir ki, zövqümüz üst-üstə düşmür. Sevidiyim adamın hədiyyəsi olsaydı, zövqümə uyğun gəlməsə belə geyinərdim.
Bax, bu üzüyü görürsünüz? (Barmağındakı üzüyü göstərir. Bir az diqqətlə baxanda, üzüyün üzərində ürəyin yarısı olduğu bilinir) o birisi, mən sevdiyim, keçən il səkkiz martda bacısı vasitəsilə mənə göndərib.
O biri yarısı da özündədir. Bir il taxdım, yoldaşım heç fikir vermirdi. Görəndə, soruşdu hardandır, dedim kitayskidir.
İndiki ağlım olsaydı, məni qaçırsaydılar belə, qaçıb geri qayıdardım. Bəzən "qadın ana olduqdan sonra dəyişilir" deyirlər. Vallah, yalandır, dəyişmir!
Heç nəyi unutmadım. İndi tamamilə boşluqdayam. Nə olacağımı, nə edəcəyimi bilmirəm. Ən əsası - sevgi ilə ailə qurmaq lazımdır. Onda hər çətinliyə dözə bilirsən.
İndi də dözürəm, amma məcburi. İstədiyim insan olsaydı, sevə-sevə dözərdim.
İndi valideynlər qızlarını on beş yaşında ərə verirlər ki, "Vay, evdə qalar!", "Vay, sabah mənim başıma nəsə gələr, qız tək qalar!". Xeyr, əsas oxumaq və sənət almaqdır.
Qız öz ayağında durmağı bacarmalı, heç bir kişidən asılı olmamalı, öz həyatını yaşamağı bacarmalıdır. Ondan sonra istədiyi kəslə ailə qurmalıdır.
Otuz iki yaşım var, iki övlad anasıyam, amma xoşbəxtliyim heç olmayıb. Nə edirəm mən o evi-eşiyi?