“Kütləvi şəkildə bu əxlaqsızılığı təbliğ edən şəxslərə şərait yaradılıb...”

12-03-2018, 10:32           
“Kütləvi şəkildə bu əxlaqsızılığı təbliğ edən şəxslərə şərait yaradılıb...”
Azərbaycanda 1200 şagirdin abort etdirməsi barədə informasiya cəmiyyətdə bir neçə gündür ki, müzakirələrə səbəb olub. Bu mövzu ətrafında təhsil ekspertləri və həkimlər öz fikirlərini bildiriblər. Axı bu hadisələrin qaynaqlandığı başqa mənbələr də var. Baş verənləri artıq milli-mənəvi dəyərlərin unudulması kimi qəbul edənlər də az deyil. Bu dəhşətli statistikanın qarşısını almaq üçün hansı tədbirlər görülməlidir?

Moderator.az-ın suallarını rejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov cavablandırıb. Şeyx Əbdül Mahmudbəyov bu məsələlərə ciddi şəkildə dövlət nəzarətinin gücləndirilməsinin vacibliyini vurğulayıb:


“Sizə bir məsəl çəkim: “Ölünü özbaşına qoysan, kəfəni cırar” mənim sahəm kino və teatr olduğundan bunları qeyd edəndə birmənalı olaraq xalqın milli-mənəvi dəyərləri nəzərdə tutulur. Sovet kimi totalitar bir rejim öz dəmir kimi qanunları sayəsində bu yerə gəlib çıxmışdı. Bu gün o fikirdəyəm ki, mən köhnə şeylər üçün darıxmıram. O məsələ ki, xalqla, dövlətlə, dövlətçiliylə bağlıdırsa, bunun üstündə çox ciddi dövlət nəzarəti olmalıdır. Tək qanun yox, burda həm də qanunlar icra olunmalıdır. Burda heç bir diktatura, insan hüquqlarının və söz azadlığının pozulmasından söhbət gedə bilməz. Əgər buna kimsə rəvac verirsə, onda demək bilavasitə bu adamların belə işlərdə maraqları var. Qanundan ancaq cinayətkar qorxur, normal düşünən insanlar qanuna söykənərək öz həyatlarını yaşayırlar".

Şeyx Əbdül Mahmudbəyov gənclərin tərbiyyəsinin pozulmasında internetdə yayımlanan əxlaqsız filmlərin də az rolu olmadığını bildirib:

“Bu məsələlərə bir aydınlıq gətirməlidir. Kor-koranə Avropaya inteqrasiya olunmaq adı altında internetdən əxlaqsız filmlər insanlara təqdim olunur. Bu gün çox dəhşətli səhnələri olan və texniki cəhətdən bərbad olan filmləri bizim gənclərə təqdim edirlər. Elə filmlər çəkirlər ki, mənim qanım donur. Bu yolverilməzdir. Bunu hamıya şamil olunmasa da, digərləri bu filmlərə baxırlar. Çünki normal tərbiyyəli ailələr var. Ailə evin darvazasına qədər bizim ixtiyarımızdadı, uşaq ayağını darvazadan bayıra qoyanda artıq cəmiyyət arasında olur. Biz istəsək də, buna vaxtımız və əlimiz çatmır. Kütləvi şəkildə bu əxlaqsızılığı təbliğ edən şəxslərə şərait yaradılıb. Mən dövlət strukturlarına və məmurlarına yalvarıram, xahiş edirəm bunun qarşısını alsınlar. Elimizi, vətənimizi qoruyaq. Bizim öz milli-mənəvi dəyərlərimiz var”.

Qeyd edək ki, təhsil eksperti Kamran Əsədov iki gün öncə mətbuata açıqlamasında son 3-4 ildə abort elətdirən məktəblilərin sayının 1200-ə çatdığını bildirib. Onun sözlərinə görə, abort etdirənlər 9-cu, 10-cu və 11-ci sinif şagirdləridir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.