Ermənilərin "haqqını" qoruyan azərbaycanlılar - Açıqlama

12-03-2018, 18:41           

Axar.az hüquq müdafiəçisi, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədovun Teleqraf.com-a müsahibəsini təqdim edir:

- Sahib bəy, ermənilərin Azərbaycanda və ölkədən kənarda azərbaycanlılardan ibarət şəbəkə quraraq dövlətimizin nüfuzunu sarsıdan aksiyalar təşkil etdiyi barədə sosial şəbəkədə bir növ həyəcan təbili çalmısız. Sizcə, bu şəbəkənin əsas məqsəd, məramı nədir və onu necə ifşa etmək olar?

- Hakimiyyəti sərt tənqid edən və Avropada yaşayan hər adamı erməni şəbəkəsinə aid eləmirəm. Kimsə saxta sənədlərlə Avropaya mühacirət edibsə, bu o demək deyil ki, erməni şəbəkəsinin üzvüdür. Saxta sənədlər düzəldib orada öz yaşayışını təmin edən qrup var. Ona görə müxalifət mövqeyi tutublar ki, Avropada həyatlarını qura bilsinlər.

Elələri də var ki, hakimiyyətdən bu və ya digər şəkildə incik düşüb, hansısa qərəzi var, ona görə tənqid edir. Mənim onlarla işim yoxdur.

Söhbət konkret olaraq sistemli şəkildə həm ölkə daxilində, həm də Avropada fəaliyyət göstərən, şərti olaraq “Avropa legionu” adlandırdığımız qrupdan gedir. Mən şəbəkəyə qoşulan şəxslər barədə danışanda məhz onları nəzərdə tuturam. Təkcə ermənilər yox, onlara havadarlıq edən daha böyük qüvvələrin olduğu şəbəkələr var ki, daim Azərbaycan dövlətinin əsaslarını sarsıtmağa yönələn fəaliyyət həyata keçirirlər. Bunların bəhanəsi hakimiyyətdir, guya mübarizələri hakimiyyətə qarşıdır və demokratiya uğrunda “vuruşurlar”.

Əslində isə bunun arxasında pərdələnirlər və onları Azərbaycanda vəziyyətin daha pis olması maraqlandırır. Daha çox həbslər olarsa, onlar üçün lap yaxşıdır, əllərinə bəhanə düşür. Bu şəbəkə müxtəlif QHT vasitəsilə, nüfuzlu agentlərin cəlb olunması yolu ilə formalaşıb. İstisna deyil ki, orda hakimiyyətin içərisində vaxtilə vəzifə tutmuş şəxslərin əli də olsun. Hər halda bu şəbəkə mövcuddur və geniş fəaliyyət göstərir.

- Bu şəbəkə hansı dövrlərdə fəallaşır?

- Azərbaycan Avropa institutları, məsələn Avropa İttifaqı ilə əlaqələrə gedəndə, danışıqlar aparanda, siyasi, iqtisadi və ya kommersiya yönlü hansısa müqavilənin bağlanması ərəfəsində onlar fəallaşırlar. İkincisi, siyasi, iqtisadi, idman, mədəni hadisə baş verəndə, beynəlxalq tədbirlər keçiriləndə, indiki halda seçkilər dövründə yenidən görünməyə başlayıblar. Əvvəllər də bu hallar yaşanıb. Bakı-Tiflis-Ceyhan neft kəməri çəkiləndə ermənipərəst qüvvələrin birləşdiyi koalisiya yaradılmışdı. Bu layihə əleyhinə böyük kampaniya apardılar.

Avropa Yenidənqurma və İnkişaf Bankı və Dünya Bankının kreditləşmədən çəkinməsi üçün insan hüquqlarının pozulduğuna, kəmər çəkilən ərazilərdə guya insanların mülkiyyət hüququnun tapdandığına dair kampaniya təşkil edilmişdi. “Avroviziya” müsabiqəsi ərəfəsində böyük miqyaslı kampaniya aparıldı, “Demokratiya üçün oxu” kimi qruplaşmalar yaradıldı. Əslində isə bu, həmin şəbəkənin fəaliyyət dairəsinə daxil idi.

Avropa Oyunları ərəfəsində böyük çaxnaşma yaratmağa çalışırdılar. İndi də prezident seçkiləri yaxınlaşır. Onlar bilir ki, seçki proseslərinə heç bir təsir göstərə bilməyəcəklər, amma fürsətdən bəhrələnib Azərbaycan dövlətinin beynəlxalq aləmdə nüfuzunu aşağı salmağa cəhd göstərirlər. Ermənilərin və onlara havadarlıq edənlərin əsas taktikası nədir? Azərbaycanın mövqeyini beynəlxalq təşkilatlarda, dünya səviyyəsində sarsıdaraq Ermənistanın mövqeyinin möhkəmləndirilməsinə nail olmaqla Dağlıq Qarabağ məsələsində beynəlxalq arenada üstünlüyü ələ almaq... Bunun üçün istənilən kampaniya keçərlidir.

Azərbaycanda aprelin 11-də prezident seçkiləri keçiriləcək. Yaxşı bilirlər ki, Azərbaycan stabil dövlətdir, seçkilər yüksək səviyyədə təşkil olunacaq və keçəcək, amma kampaniya aparmaqla ölkəmizin nüfuzuna xələl vurmaq xətti götürüblər. Ən pisi də odur ki, o şəbəkə daxili şəbəkə ilə birgə fəaliyyət göstərir. Bu, təkcə məsələnin görünən tərəfidir. Həmin şəbəkənin görünməyən fəaliyyəti də var.

- Söhbət hansı fəaliyyətdən gedir?

- Hərdən görürük ki, sosial şəbəkələrdə hansısa dəyərli ictimai xadimə qarşı kampaniya aparırlar. Məsələn, Nizami Gəncəvini farslaşdırırlar, Səməd Vurğunu və ya hansısa dövlət xadimini nüfuzdan salan yazılar tirajlayırlar. Erməni saytlarında azərbaycanlıların əli ilə ermənilərin daha intellektual və yüksək səviyyəli olması ilə bağlı məqalələr dərc olunur.

Son dövrlərdə Vikipedia ensiklopediyasından görkəmli şəxslərin adının çıxarılması ilə bağlı kampaniyalar aparırlar. Orada verilən məqalələrin içərisindən dırnaqarası səhvlər tapırlar. Əhmədiyyə Cəbrayılovla bağlı məlumatların rus versiyasında onun adı çıxarıldı, Şarl de Qolla görüşmədiyini iddia edib adının çıxarılmasına nail oldular. Çoxtərəfli və sistemli kampaniya gedir. Bəzən ölkəmiz haqqında yanlış təsəvvür formalaşdırırlar, hətta elə obraz yaradırlar ki, Azərbaycana gəlmək çox risklidir. Bununla turistlərin də ölkəyə axınının qarşısının alınmasında rolları olur.

- Şəbəkəyə dəstək verən təşkilatlar gizli formada fəaliyyət göstərir, yoxsa azacıq araşdırma aparmaqla onların kimliyini müəyyən etmək olar?

- Əvvəllər gizli fəaliyyət göstərirdilər, indi heç gizlətməyə də ehtiyac duymurlar. Çexiyada fəaliyyət göstərən “People in Need” (PİN) guya humanitar təşkilatdır, halbuki vaxtilə Azərbaycana qarşı törədilən hərbi cinayətlərdə iştirak edib. Bu təşkilatın rəhbəri Azərbaycanın milli qəhrəmanını quldur adlandırır.

PİN-in saytında məlum olur ki, müxtəlif donorlara zəmanət verib qrantlar alır, hansısa gizli fondlardan onların maliyyələşməsində iştirak edir. Bir sözlə, erməni maraqlarını yerinə yetirməklə nüfuz agenti rolu oynayır.

- Bəs agentlər kimlərdir?

- Təsir agentləri bəllidir, bunlar QHT-lər, jurnalistlər, vəkillər, fərdi fəaliyyət göstərən fəallar, siyasi müxalifətdən olan bəzi şəxslərdir. Başqa xalqların nümayəndələrini də süni surətdə cəlb ediblər.

Vaxtilə “Sadval”, “Talış Muğan Respublikası” kimi separatçı qurumlar yaradılmışdı, onlar ölkə daxilində sıradan çıxandan sonra köçdülər, əvvəl Rusiyada məskunlaşdılar, sonra Haaqada ofis açdılar, Avropadakı mərkəzlərin dəstəyi ilə Azərbaycan xalqının vahidliyini pozmağa yönəlik separatçı hərəkətlər edirlər.

Bəziləri Əlikram Hümbətov kimi açıq gəlirlər, bəziləri gizli şəkildə Ermənistana gedib hələ orada açılan radioda da çıxış edirlər. Sərhədboyu ərazilərdə də bəzən vətəndaşlar sırasından xəyanətkarlar tapırlar.

Bilirsiniz ki, bununla bağlı geniş iş gedir. Belə hallar təəssüf ki, var. Ən pisi odur ki, cəmiyyət belələrini seçib ayırd edə bilmir. Bəziləri sosial problemləri qabardır, insanlar da hesab edir ki, bu şəxslər ölkədə vəziyyətin normallaşması uğrunda mübarizə aparırlar. Belə bir illüziya yaranır.

- Onları necə seçmək, tanımaq olar?

- Bu, çox çətindir. Bu işə mane olanlar da var. Bizdə bəziləri ucdantutma hamı haqda deyir ki, bunlar erməni agentləridir. Qətiyyən elə deyil. Elə insanlar var ki, bu və ya digər şəkildə hansısa problemi qabardır, yaxud qərəzlidir, şəbəkəyə qoşulmayıb sırf şəxsi məqsədinə görə edir. Neçə illərdir bu şəbəkə barədə araşdırma aparıram, razıyam ki, onları seçmək çox çətindir. Ancaq görünən kəndə nə bələdçi?

Məsələn, vaxtilə Azərbaycanda fəaliyyət göstərib sonra bunun üstü açılanda Avropaya köçən Leyla Yunusu misal göstərmək olar. Bu “xanım”a Avropa İttifaqında böyük vəsait ayrılıb, görün, iş hara gəlib çıxıb ki, sərhədboyu ərazilərdə “xainlərin işi” deyilən işin bütün detalları ondadır. Erməni hərbi kəşfiyyatı o məlumatları Leyla Yunusa verib və o, həmin şəxslərin müdafiəsini təşkil edir.

Çaykənd əməliyyatı zamanı 8 kənd köçürülmüşdü, ermənilər çıxarılmış və bizim qaçqınlar yerləşdirilmişdi, bir növ əvəz-əvəz olmuşdu. İndi təşkil olunub, onlar Avropa Məhkəməsinə şikayət veriblər, Leyla Yunus Çaykənd əməliyyatı zamanı zərərçəkmiş erməni mənşəli şəxslərin hüquqlarını müdafiə edir.

“Meydan TV” guya Almaniyada fəaliyyət göstərir, əslində isə “People in Need” tərəfindən təsis edilib. Bundan başqa “Obyektiv TV” və sair internet televiziyalar yaradılıb ki, həmin şəbəkədən maliyyələşən qruplaşmalardır və hansı yolla olur-olsun Azərbaycan dövlətinin nüfuzuna zərbə vurmaq istəyirlər.

Yeri gəlmişkən, guya dindarları müdafiə edirlər. Hər ölkədə radikal dindar qruplaşmalar var, bizim ölkədə də təəssüf ki, bunların cücərtiləri görünməkdədir. Dini radikalizmi inkişaf etdirənlər başqa qüvvələrdir və maraqları da tamam başqadır. Dini radikalizmi qızışdıranları, onları müdafiə edənləri erməni şəbəkəsinə qatmaq istəməzdim. Bəzən məqsədləri üst-üstə düşür, birləşə bilirlər, ancaq əslində ayrı-ayrı maraqlara xidmət edən qruplaşmalardır.

- Vidadi İsgəndərlinin bəyanatları fonunda Yeni Azərbaycan Partiyasının icra katibi Siyavuş Novruzovun çağırışı ilə yəqin tanışsınız. Bu situasiya ilə bağlı fikirləriniz nədən ibarətdir?

- O adamın hansısa şəbəkədə olduğu ilə bağlı məndə konkret məlumat yoxdur. O avantürist idi, vaxtilə vəzifədə işləyib, vəzifədən çıxarıldıqdan sonra incik düşüb. Psixologiyası normal olmayan insandır. Ona o qədər də baş qoşmağa dəyməz. Erməni şəbəkəsi bəzən işin içində olmayan adamları da özləri bilmədən cəlb edir. Məsələn, hakimiyyət əleyhinə mitinq təşkil edirlər, mitinqə gələnlərin hamısı o demək deyil ki, şəbəkənin üzvləridir. Sadəcə onları aldadırlar, siyasi məhbusların müdafiəsi pərdəsi altında mitinq, aksiya keçirirlər ki, bilməyərəkdən buna qoşulanlar olsun.

Vidadi İsgəndərlinin məsuliyyətsiz çıxışlarını izləyirəm, amma Leyla Yunus xəttinə bağlılığı barədə məndə hər hansı informasiya yoxdur. Seçkiöncəsi Avropa ölkələrindəki kampaniyaların başında bu şəbəkə dururdu. Vidadi İsgəndərlinin bilərəkdən, yoxsa bilməyərək onlara qoşulduğunu deyə bilmərəm.

Əslində, hər ikisinin hərəkəti pisdir. Birinci qismin məqsədi Azərbaycan dövlətini “vurmaq”dır, başqa qrup isə intiqamçılıq, qərəzçilik məqsədilə bunu edir, belədə isə şəbəkə həmin şəxslərdən yaxşıca yararlanır.

Ermənilər son dövrlər beynəlxalq tədbir təşkil edib, həmin azərbaycanlıları cəlb edilər. Bütün beynəlxalq tədbirlər ərəfəsində “side event” deyə əlavə tədbir adlı prosedur olur ki, QHT-lər, maraqlı tərəflər sifariş verib əsas tədbirin keçirildiyi yerdə əlavə tədbir keçirə və iştirakçıları oraya cəlb edə bilər. ATƏT-in illik toplantılarında, BMT-nin İnsan Hüquqları Şurasının iclasında geniş yayılmış formadır.

Ermənilər anti-Azərbaycan tədbirləri təşkil edir, ancaq paneldə oturanların hamısı azərbaycanlılar olur. Bu da onların tədbirinin effektini artırır. Hər il ABŞ senatında erməni lobbisinin parlaq müdafiəçisi Kristofer Smit Azərbaycan əleyhinə dinləmələr keçirilir, çıxışçılardan cəmi biri erməni, qalanları azərbaycanlılar olur. Orda yalnız Əlikramın dəstəsində olanlar, Sadvalçılar, xəyanətkar insanlar, bəzi siyasi partiyaların nümayəndələri və övladları iştirak edirlər.

- Biz niyə ermənilərdən öz maraqlarımız üçün istifadədə sistemli iş qura bilmirik?

- Qəbul olunmuş normaya görə, bir-biri ilə döyüş vəziyyətdə olan dövlətlər mübarizədə xainlərdən istifadə edirlər. Ermənilərin belə bir vasitədən istifadə etməsinə normal baxmalıyıq. Bizim tərəf hansısa cəhd edəndə, onlar kimi gizli şəbəkə qurmadan açıq şəkildə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına yönəlik təşəbbüs göstərəndə, Qarabağ həqiqətlərini dünyaya çatdırılması istiqamətdə anlayışlı, vəziyyəti başa düşən ermənidən istifadə edəndə həmin ermənini özümüzünkülərin əli ilə “vurmağa” başlayırlar.

Bir erməni Xocalı soyqırımı abidəsi önündə baş əyib, pozitiv mesajlar ötürürsə, lap daxilində erməni olaraq qalsa da, onun bu hərəkətləri bizim əks-təbliğat məqsədimiz üçün yaxşı addımdır. Əslində, bunların “vurulmasının” da arxasında sistem durur.

Ola bilsin, kimlərsə bu prosesə bilmədən reaksiya göstərir, kor vətənpərvərliklə bunu yolverilməz hesab edir. Amma onu idarə edən bir sistemli qüvvə var ki, erməniləri bir növ Azərbaycan tərəfi ilə əməkdaşlıq etməkdən çəkindirir.

- İradlarınızdan biri də ermənilərdən maraqlarımız üçün istifadə olunanda cəmiyyətin müxtəlif kəsimlərinin, o cümlədən elm adamlarının, jurnalistlərin etiraz etməsidir.

- Mən özüm də xalq diplomatiyasını vaxtından tez hesab edirəm, çünki Qarabağ məsələsini həll edib sonra barışmalıyıq. Ancaq müəyyən təşəbbüslər var, erməni ziyalısı Azərbaycan torpağının 20 faizini işğal olunduğunu başa düşüb bunun əleyhinə çıxış edirsə, ondan istifadə etməliyik. Elmli adamların içərisində bu prosesə qarşı çıxanı avtomatik idarə olunan qüvvələrə qatmaq istəməzdim.

Bunu bir-birindən ayırmaq çətindir. Bəziləri başa düşməyərək edir. Bakıda Sovetski ərazisi söküləndə arxitektura əhəmiyyətli tikililərin dağıdılması ilə bağlı kampaniya aparıldı. Bəziləri bunu ürək yanğısı ilə edirdi, əlbəttə, söküntü işləri zamanı da xeyli səhvlər vardı, ancaq ermənilər tez təşəbbüsü ələ götürüb dünyaya yaymağa başladılar ki, azərbaycanlılar özlərinə məxsus mədəni abidələri dağıdır, bu xalq barbardır, ona görə onlardan çəkinirik, bizim də abidələri dağıda bilər, özününkünə sayğı göstərməyənlər başqalarına necə hörmət edəcək və sair. Erməni şəbəkəsi hətta bu məsələdən bəhrələnib istifadə etməyə cəhd göstərdi. Təəssüf, bizim daxildəki kampaniyalar da onların əlinə işlədi. Bax bəzən də belə olur...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.