Diniyevdən İNANILMAZ SÖZLƏR: "Mahir Mədətov hələ bağçanı qurtarmalıdır, Qurbanovla isə..." - MÜSAHİBƏ

12-03-2018, 18:55           

"Qarabağ"ın gənc yarımmüdafiəçisi, futbol üzrə milli komandamızın sabiq baş məşqçisi Şahin Diniyevin oğlu Coşqun Diniyev Publika.az-ın suallarını cavablandırıb.

Həmin müsahibəni təqim edirik:

- Coşqun bəy, futbolçu ailəsində böyümüsünüz. Yəqin ki, futbola marağınız elə buradan qaynaqlanır.

- 5-6 yaşımdan etibarən evdə görüdüyüm ancaq top, futbolçu formaları olub. Atam işdən evə gələndən sonra ancaq futbol haqqında danışırdı. Bundan sonra futbol maraqlı gəldi. Televiziyadan da izləməyə başladım. Sonra özümü sınamaq istədim ki, bəlkə məndə də alınar. Atama dedim ki, özümü futbolda sınamaq istəyirəm. Uşaq olduğum üçün qəlbimi qırmadı və qardaşımla birlikdə bizi futbola qoydu. Beləliklə, qardaşım Kərim 8, mənsə 6 yaşımda futbola ilk addımımızı atdıq.
“İnter Bakı”da da professional karyeraya başladınız...

- Açığı, gözləmirdim ki, futbolla davamlı və professional şəkildə maraqlanaram. Əvvəldən həvəsli idim deyə davam etdirdim. Sonra atam məşqçilərimlə görüşdü. Onlar da istedadımın olduğunu dedilər. Yəni futbol məndə alınırdı. Atam soruşdu ki, davam etmək istəyirsənmi? Əlbəttə, yox desəydim, qərarıma hörmətlə yanaşacaqdı. Ancaq mən futbolçu olmaq istəyirdim. Təxminən 9 yaşımda “İnter”in aşağı yaş qruplarında başladım və 19 yaşıma qədər orada davam etdim.



- Belə çıxır, Şahin Diniyevin futbolu varislik yolu ilə ötürmə arzusu olmayıb ürəyində…

- Bu gün məndən də soruşsanız ki, övladımın futbolçu olmasını istərdinmi? Mən cavab verə bilməzdim. Kənardan nə qədər asan görünsə də, bu, bir o qədər çətin həyatdır. İstəmərəm ki, övladım çətinliklə böyüsün. Futbolçunun günü qara olur. Evdə tapılmırsan, ürəyin istəyən vaxt evdə ola bilmirsən, sevdiklərinə zaman ayıra bilmirsən, aylarla evdən uzaqda qalırsan. Futbol təkcə 90 dəqiqə meydanda qaçmaqdan ibarət deyil. Ora çıxmaq üçün ağır məşqlər etmək, qaçmaq, tərləmək lazımdır. Buna görə məncə, atam arzulamazdı futbolçu olaq. Ancaq istəyimiz onun üçün daha önəmli idi.

- Özü də müsahibələrinin birində etiraf edib ki, kiçik oğlumla qızımı idmana yaxın buraxmaq istəmirəm.

- Mən də onlara eynisini tövsiyə edirəm. İdman sağlamlıq üçün, ad, uğur qazanmaq üçün yaxşıdır. Ancaq əziyyətli işdir. Həm də bir ailədən nə qədər insan idmanda olar? Biz olmuşuq, bəsdir (gülür).



- Atanız sizi futbola qoyduğuna peşman olub?

- Düşünmürəm. Yəqin ki, indi uğurlarımıza baxıb fəxr hissi keçirir. Onun heç vaxt başını aşağı əyməmişik. Həm futbolumuz, həm tərbiyəmizlə onu qürurlandırmışıq.

- Ali təhsiliniz var?

- Bəli. İdman Akademiyasını bitirmişəm.

- Fakültə?

- Orada nə fakültəsi var ki? (qaşlarını çatıb, eyni zamanda gülür). Yəqin futbol fakültəsidir. Çaşıb nəsə yazmışam orada (gülür).



- Çempionlar Liqasında oynamaq necə hissdir?

- O hissləri deməklə başa salmaq qeyri-mümkündür. Onu ancaq yaşamaq lazımdır. Uşaqlıqdan bəri televiziyalarda pərəstiş etdiyimiz oyunçuların oynadığı bir turnirdə meydana çıxırdıq. Bu, hər kəsə, hər komandaya nəsib olmur. Uşaqlıqda oturub çərşənbə axşamı, çərşənbə günlərini gözləyirdik ki, Çempionlar Liqasının oyunlarına baxacağıq. İndi isə hər kəs oturub günləri sayırdı ki, “Qarabağ” Çempionlar Liqasının oyunlarına çıxacaq.

Stadiona ayaq basanda nə qədər içimdən “yox, həyəcanlı deyiləm, stress yoxdur” desəm də, həyəcan var idi. Qəribə hisslər idi, ancaq həm də fəxr edirdim. Kənardan gələn səslərin heç birini qulaqlarım eşitmirdi. Bütün fikrim meydanda idi. Stadionun dolu və ya boş olduğunun belə fərqində deyildim. Ağılda ancaq top və rəqib vardı.



- Ən çox hansı matçı bəyənmişdiniz?

- Nəticələrə əsasən götürsək, “Atletiko Madrid”lə səfər oyunumuz əla idi. “Qarabağ” tam başqa bir oyun sərgiləmişdi. Nəticə də var idi.

- Bəs olubmu ki, gözlənilən nəticəni əldə edə bilməmisiniz, lakin oyunu çox bəyənmisiniz və “bu əsl “Qarabağ”dır” demisiniz?

- Futboldan anlayışı olmayan, ya da özünü anlamazlığa vuran insanlar böyük hesablı məğlubiyyətlərimizi ("Qarabağ"ın "Çelsi"yə 6-0 uduzduğu matçı nəzərdə tutur) tənqid edirdi. Ancaq futboldan başı çıxanlar oyun tərzimizə fikir verirdilər. Elə adamlar var, gözləyirdilər ki, “Qarabağ” top klublara 5-6 qol vuracaq. Ancaq buna diqqət yetirmək lazımdır: “Qarabağ” Çempionlar Liqasına necə çıxdı? Ölkə futbolu tədricən inkişaf edə-edə. Yəni Çempionlar Liqasına vəsiqə qazanmaq o demək deyil ki, sona qədər gedəcəyik.

Elə oyunlar olur, gözləntilər yüksək olur. Ancaq böyükhesablı nəticə verə bilmirik. Burada bəxt, oyuna hazır olmaq, rəqibin şansı kimi amillər də var. Bu futboldur. Hər komanda istədiyi vaxt istədiyi oyunu oynaya bilmir.

- Çempionlar Liqasında yaddaqalan ən həyəcanlı məqamlardan biri “Çelsi” ilə ev oyunundakı ilk 18 dəqiqə idi. Yəni kapitanın qırmızı vərəqə almasına qədərki “Qarabağ”ın oyunu. Sanki “atlılar” forması ilə “Barselona” oynayırdı...



- Oyun stili baxımından bizi ispanlara bənzədənlər çoxdur. Ancaq o günə “Qarabağ” həqiqətən də, çox yaxşı hazırlaşmışdı. Rəqiblərimizi gözümüzdə böyütməmişdik. Ancaq bilirdik ki, onların ustalıq səviyyəsi və oyunçuların qiyməti bizdən qat-qat üstündür. Baş məşqçimiz deyir ki, istək olandan sonra istənilən güclü rəqibə qarşı oynamaq mümkündür. Əsas olan komanda şəklində formalaşmaqdır. O gün hamının diqqəti sadəcə oyunda idi. Hər kəs nə edəcəyini və nə edə biləcəyini yaxşı bilirdi. Qırmızı kart və ondan sonrakı hadisələr isə şanssızlığımızın nəticəsi oldu. Yenə də bizim üçün əsas məqam təcrübə qazanmaq idi. “Çelsi” ilə ilk 18 dəqiqədə də, sonrakı 72 dəqiqədə də öyrəndik ki, güclü komanda ilə başa-baş və azlıqda qalanda necə oynamaq olar.

- UEFA Çempionlar Liqasına qatılmaq şərtlərini çətinləşdirir. “Qarabağ”ın şansını necə dəyərləndirirsiniz?

- Hər şey komandanın hazırlıq səviyyəsindən asılıdır. Bu il Çempionlar Liqasının qrup mərhələsinə düşmüşüksə, bununla kifayətlənməliyik, demək bizə yaraşmaz. Bunu desək, gələn il Çempionlar Liqasının qrupunda olmayacağıq. Ona görə bu il qazandığımız təcrübələrin üzərində işləməliyik. Məncə, bizim üçün o qədər də dəyişik bir şey olmayacaq. Komandamız gün keçdikcə inkişaf etməkdədir. İstədiyimiz oyunu oynaya bilsək, bizim hər yerdə şansımız var.

- Premyer Liqada lidersiniz. Ancaq kobokdan kənarda qaldınız. Bu oyun tempi sizi qane edir?

- Belə bir qanun yoxdur ki, “Qarabağ” hər il Azərbaycan çempionatında qalib olmalıdır, həm də, kuboku götürməlidir. Hər şey şans və qismətə bağlıdır. Liqada hər şey yaxşı gedir. Ancaq indidən demək olmaz ki, çempion biz olacağıq. Üç oyunluq bir period var ki, orada xal itirsək, ikinci pillədəki rəqib bizə təhlükəli şəkildə yaxınlaşacaq. Və həm rəqibin qalibiyyət motivasiyası, həm onun verdiyi həyəcan situasiyanı dəyişə bilər. Rahat çempion olmaq üçün sonuncu tura kimi xal fərqini qorumaq lazımdır. Kubokda isə alınmadı. Həmin günü bəlkə də “Sumqayıt” bizdən daha çox layiq idi, bəlkə daha çox istəyirdi. Ona görə onlar qalib gəldi. Bu münasibətlə onları təbrik edirəm. İnşallah, kuboku bizi udan komanda qazanar.



- Ümumilikdə, Premyer Liqada mübarizə, rəqabət, oyun səviyyəsi necədir?

- Builki Premyer Liqanı iki yerə bölərdim: dekabrdan əvvəlki və sonrakı turlar. Dekabra qədər təzyiq yox idi. Bəlkə də hazırlıq lazımi səviyyədə deyildi deyə belə idi. Ancaq dekabrdan sonra həm oyunlarda, həm də nəticələrdəki fərq göz önündədir. Bu gün hər kəsin ən güclü saydığı “Qarabağ” belə “Kəpəz”lə, “Səbail”lə mübarizədə çətinliklə xal qazanır. Əvvələ nisbətən komandalar müdafiə olunmağı daha çox bacarır. Çempionat çətin keçir.

- Sizcə, Premyer Liqada özünü “Qarabağ”a oxşatmaq istəyən bir komanda var?

- Bütün komandalar “Qarabağ”ın rəqibi olduğu üçün belə bir şeyin ola biləcəyini düşünmürəm. Kim ikinci yerlə razılaşar ki, birincilik qala-qala? Hər bir komanda çalışır ki, öz oyunu ilə “Qarabağ”ı üstələsin.

- Həmsöhbət olduğum bütün “Qarabağ”lıların Qurban Qurbanovu tərifləməkdən xoşu gəlir. Ancaq hər insanın yaxşı cəhətləri olduğu kimi, məhdud tərəfləri də var. Bəs sizin üçün Qurbanov necə bir insan və baş məşqçidir?

- Hər şey göz qabağındadır.

- Sizin baş məşqçi təcrübəniz evdən başlayır. Olubmu ki, Qurbanovu öz atanızla müqayisə edəsiniz?

- Uşaq olanda atamı başqa məşqçilərlə müqayisə edirdim. Emosional davranırdım. Atamın kiməsə uduzmağını istəmirdim. Ancaq indi professional yanaşıram. Çünki atamı Qurbanovla müqayisə etməyi özümə yaraşdırmıram. Hərəsinin özünəməxsus yolu var.

Məşqçi kimi Qurbanovun “Qarabağ”da son 6-7 ildə etdiyi işlər göz önündədir. Bir komandaya ən yaxşı futbolçular yığışsa belə, taktika, birlik olmayanda nəticə də zəif olur. Komanda hər gün 1-2 saatlıq gördüyün futbolçular deyil. Komanda sənin ailənə, dostuna çevrilməlidir.

Xarakterinə gəldikdə, sən ona nə qədər yaxşı davransan, o sənə bunun qat-qat çoxunu qaytaracaq. Sadəcə onun qəlbini qırmayasan, səhv hərəkət etməyəsən. Qurbanov bir futolçuya ümid bağlayırsa, komandaya qəbul edibsə, deməli, ona güvənir, onu ailəsi, oğlu kimi görür. Komandada hər kəsin bir-birinə emosional bağlılığı var. Qurbanov üçün dürüstlük önəmlidir.

- Sizə nələri qadağan edib? Şəxsi həyatlarınıza qarışır?

- Əslinə qalsa, qarışmalıdır və düz də edir.

- “Qarabağ”ın uğur sirri, bəlkə, elə budur?

- Elə futbolçular olur ki, ad-sana qovuşur, yaxşı gəlir əldə edir və bunun sehrinə qapılıb uyğunsuz məşğuliyyətlərə vaxt ayırır. Gecələri yatmır, vaxtını başqa şeylərlə öldürür. Avtomatik karyerasına zərbə vurur. Səhər də məşqə yuxusuz, yorğun gəlir və istənilən effekti vermir. Düşünürəm, hər komandada belə qadağalar var. Ancaq “Qarabağ”da bir az daha ciddidir. Bizdə axşam saat 11-dən sonra şəhərə gəzməyə çıxmağa normal baxılmır.



Qurbanov da bizim üçün faydalı olanı tələb edir. O, bizi sadəcə yaxşı futbolçu kimi deyil, həm də yaxşı insan kimi görmək istəyir. Futbolçunun öz qaydasında olması vacib bir şeydir. Bəlkə elə dediyiniz kimi, “Qarabağ”ın uğur sirlərindən biri də elə budur.

- Ailə qurmağa tələsdirdilər, yoxsa öz seçiminiz idi?

- Bunu kənardan hər kəs deyir. Bu mövzuda Qurban Qurbanovla da məsləhətləşmişdim. Ancaq ailə qurandan sonra tez evlənməyin çox xeyirlərini gördüm. Açığını desəm, subay Coşqunla, evli Coşqun arasında çox böyük fərq var. Subay olanda arada yolumu aza bilirdim və bu, məndən asılı olmadan baş verirdi. Evlənəndən sonra futbola qarşı məsuliyyətimi daha yaxşı anladım, kimin üçün futbol oynadığımı daha yaxşı dərk etdim. Çünki ailəli olndan sonra bəlli bir məqsədin və öhdəliklərin olur. Kimin üçün oynadığını bilirsən.



- Mahir Mədətov da müsahibəsində eyni sözləri demişdi. Bu məsələnin evlənməkdən başqa çözümü yoxdur?

- Yox, sırf buna görə evlənməmişəm. Mahir də söhbətlərimizdə deyirəm ki, hələ sənin üçün tezdir. Mən özümü evliliyə tam hazır sayırdım. Yaşadıqlarım məni vaxtından əvvəl böyütdü. Ailəm də bunu görürdü və bilirdilər ki, bir ailənin başçısı olmaq üçün tam hazıram. Amma Mahir üçün hələ tezdir. O, hələ bağçanı qurtarmalıdır (gülür).



- Futbolçu olmasaydınız, hansı peşəni seçərdiniz?

- Pilot. Uşaqlıqda topdan başqa oyuncağım ancaq təyyarə olub. Çox maraqlanırdım. İndi də maraqlanıram. Amma yaxşı ki, futbolçu oldum. Təyyarəçi olmaq risklidir.

- Ancaq futbol da bir dövrə qədərdir. Bəs ondan sonra?

- Öz biznesimi qurub o yöndə davam etmək istəyirəm. Çox futbolçunun da etdiyi budur onsuz da.

- Bəs atanızın yolunu davam etdirmək istəməzsiniz?

- Qətiyyən. Məndə o səbir, sakitlik yoxdur. 90 dəqiqə futbola kənardan baxmaq mənlik deyil.

- Atanız öz təcrübələrindən nələri bölüşürdü sizinlə?

- Uşaq vaxtı daha çox söhbətləşirdik. Ancaq indi o qədər də vaxtı yoxdur, oyunlara baxa bilmir. Həm də arxayındır ki, Qurbanovun yanındayam.

- Atanıza hansısa mövzu ilə bağlı zəng edəndə zarafatlaşmasa, mətləbə keçmir. Evdə necə, qaşqabaqlıdır?

- Yeri gələndə, onun qədər zarafatcıl birini tanımıram. Tanımadığı insanla belə zarafatlaşmağı bacarır. Məşqçi kimi aqressivdirmi, deyilmi, deyə bilmərəm. Onu qardaşım daha yaxşı bilər. Çünki mən atamla birgə işləməmişəm. Ancaq evdə əsəbiləşməyini, bizə sifət eləməyini görməmişəm.

- Bir futbolçu üçün nələr önəmlidir?

- Baxır futbolçuya. Futbolçular iki yerə ayrılır: doğuşdan istedadlı və özünü inkişaf etdirən. Məsələn, Messi və Ronaldo. Ancaq Messi də olsan, öz üzərində çalışmalısan. Bu baxımdan Messi dünyada təkdir. Qalan neçə milyon futbolçu varsa, öz üzərində mütləq işləməlidir. Fiziki güc futbolda çox böyük önəm daşıyır. Bu gün futbol sürət və gücdən ibarətdir.

- Bəs məntiq?

- O da lazımdır. Hara gəldi qaçmaqla, istədiyini etməklə futbol olmur. Ümumiyyətlə, hər bir arqument bir-birini tamamlamalıdır.

- Dino Ndlovunun “Qarabağ”dan ayrılmasını necə qarşıladınız?

- Normal. Təklif gəlib, o da qəbul edib. “Qarabağ” təkcə Dinodan ibarət deyil. Hətta ondan qat-qat güclü olan Reynaldo belə “Qarabağ”dan gedibsə, Dinonun getməyi elə də faciə deyil.



- Sizə necə, təkliflər gəlir?

- Gəlsə belə, mən “Qarabağ”da qalmaq istəyərəm. Azərbaycanın bir nömrəli komandasındayam. Xaricdən təklif gəlməsi üçünsə çox çalışmalıyam. Burada olmaqdan xoşbəxtəm. “Qarabağ”da deyiləsi sözlərim var. Hələ ki, təklif yoxdur. Ancaq gəlsə belə, komandanı dəyişmək fikrində deyiləm.

- Heç kənardan deyiblərmi ki, o baş məşqçi oğludur, daha yaxşı oynamalıdır, daha çox şey bilməlidir?

- İndiyə qədər eşitməmişəm. Deyiblərsə belə, hələ qulağıma gəlib çatmayıb. Məşqçi oğlu olsam belə, futbolla maraqlanmasaydım, uğur qazana bilməzdim. Əlbəttə atanın baş məşqçi olması üstünlükdür. Elə şeylər başa salır ki, həqiqətən, lazım olur. Ancaq anlayana.

- Bəs atanız baş məşqçi olduğuna görə, sizə “1:0 öndə” prinsipi ilə davranıblar?

- Kim öz komandasında atası baş məşçqidir deyə bir futbolçunu saxlayar ki? Kim güclü futbolçunu saxlayıb, zəifi oynatmaq istəyər? Nəticəni baş məşqçidən istədikləri üçün, onlar da istəməz ki, pis futbolçu oynatsın. Ona görə də baş məşqçilər baxmır ki, bu dostunun oğludur, bu prezidentin oğludur. Professional komandada belə bir şey yoxdur.



Digər tərəfdən futbolçunun özünün belə bir şeyi qəbul edib oynaması onun üçün ayıbdır, özünə qarşı hörmətsizlikdir.

- Milli komandanı bəyəndiniz?

- Milli komanda yeni oyun sərgiləmək, Qurbanovun oyununu oynamaq istəyir. Ümid var. Hələ ki, bir oyun izləmişik. Bununla heç nə demək olmaz. Ancaq hiss edirəm, axır ki, azarkeşlər futbol oynamağı bacaran milli görəcək.

Hamı birgə bu daşın altına əlinə atmalıdır. Azarkeşlər də, jurnalistlər də, rəhbərlik də, futbolçular da. Çünki bu milli məsələdir.

- Karyeranız ərzində başınıza gələn ən maraqlı hadisəni bizimlə bölüşün, zəhmət olmasa.

- İki-üç dəfə qardaşıma qarşı oynamışam (Kərim Diniyev, “Kəpəz”in müdafiəçisi - red.). Oyun əsnasında bir-birimizi çox vurmuşuq, itələmişik. Elə olub ki, hakim görməyən zaman onu qəsdən arxadan vurmuşam.

Bir dəfə uşaq vaxtı Kərimlə ayrı komandalarda oynayırdıq. Oyunun baş hakimi də əmimoğlu idi. Elə bildim, hakim məni görmür. Kərimi zarafatla bərk vurdum. Birdən əmimoğlu oyun gedə-gedə qışqırdı “ə bəsdirin dəə, yığışdırın özünüzü, atanıza deyəcəm!” Çox maraqlı situasiya yaranmışdı.

- Qardaşınıza qarşı oynamaq necə hissdir?

- Əvvəl daha maraqlı və həyəcanlı idi. Bir-birimizdən yaxşı oynamağın marağında idik. İndi formallaşıb. Uşaq vaxtı çox cırnadırdım onu. Hər oyundan sonra konsert olurdu evdə. Ata bizi güclə ayırırdı. Mən oyunu udanda evə gec gəlirdi ki, mənə görünməsin. Hər oyundan sonra qan uddururdum.



- Top klublardan birində oynamaq şansınız olsaydı?

- Səsyazan işləyir?

- Aha...

- (pıçıltı ilə) elə bir şans yoxdur... (gülür). Top klubdurmu, deyilmi, bilmirəm. Ancaq uşaqlıq arzum “Qalatasaray” olub. Zümrüd xanım, üzünüzdəki bu məyusluq niyə?

- “Beşiktaş”lıyam...

- Mən isə “Qalatasaray” dəlisiyəm.

- Bəs Avropada?

- “Real Madrid”. Uyğunlaşdıq?

- Əla seçimdir! Təşəkkür edirəm, vurduğunuz qol olsun!

- Mən də sizə təşəkkür edirəm. Suallar çox maraqlıydı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.