“Aslan İsmayılov maşınımda mənə dedi ki...” – iş adamı Mürvət Həsənlidən sensasion iddialar

14-03-2018, 10:00           
“Aslan İsmayılov maşınımda mənə dedi ki...” – iş adamı Mürvət Həsənlidən sensasion iddialar
İş adamı Mürvət Həsənli: “Qeyri-qanuni tələblər MDB ölkələrində, həmçinin İranda, Türkiyədə çox geniş yayılıb”
Tanınmış iş adamı, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənli “Yeni Müsavat”ın qonağı olaraq suallarımızı cavablandırıb. Onunla Azərbaycanda sahibkarlığın mövcud durumu, siyasi-iqtisadi proseslər və digər məsələləri əhatə edən söhbətimizi təqdim edirik.

- Mürvət bəy, bəzən belə iddialar olur ki, Azərbaycanda ən hüquqsuz zümrə sahibkarlardır. Siz bir sahibkar olaraq bu iddialarla bağlı nə deyə bilərsiniz?

- Hər zaman kənardan görünən daha yaxşı olur. Mən öz ailəmizdən misal çəkim. 1988-ci ildə biz Ermənistandan - Qərbi Azərbaycandan qaçqın düşəndə ailə büdcəmiz 300 rubl civarında olardı. Atamdan mənə 50 dollarlıq bir üzük miras qalmışdı. Amma bu gün mənimlə bir yerdə 450 nəfər işləyir. Mövsümi olaraq işçilərin sayı daha da artır. Yəni sahibkarlıq üçün əlverişli, azad mühit olmasaydı, mən sahibkar kimi necə inkişaf edərdim?! Biznesimi necə genişləndirərdim?! Buna görə də hesab edirəm ki, sahibkarları hüquqsuz adlandıranların özlərinin hüquqdan xəbəri yoxdur.

- Bəzən də iddia edirlər ki, ölkədə istənilən sahibkarı sıradan çıxarmaq çox asandır: hər dəqiqə onun üstünə çöküb biznesdən kənarlaşdırmaq mümkündür? Siz nə zamansa belə təzyiq hiss etmisinizmi?

- Bilirsiniz, hər bir iş adamının fəaliyyəti boyu çətinlikləri ola bilər. Ola bilər ki, hansısa yerində olmayan məmur, lap elə yerində olmayan nazir iş adamına maneə yaratmağa çalışsın. Belə hallarda iş adamı qanunlara, dövlət başçısına güvənərək öz hüquqlarını müdafiə edərək maneələri aşa bilər. Yəni qanuni yolla hüquqlarını müdafiə etmək üçün bütün vətəndaşlara, o cümlədən də sahibkarlara hər cür şərait yaradılır. Üstəlik, bu gün region dövlətləri arasında ən yüksək kriminogen sabitlik Azərbaycandadır desəm, qətiyyən səhv etmərəm. Kimsə sahibkara gəlib deyə bilməz ki, sən bizə haqq verəcəksən. Amma MDB ölkələrinin əksəriyyətində, elə qonşularımız olan İranda, Türkiyədə belə hallar geniş yayılıb. Amma Azərbaycandakı sabitlik şəraitində belə qeyri-qanuni tələblərdən söhbət belə gedə bilməz.

- Mürvət bəy, bir çox hallarda sahibkarlar vergi orqanlarından şikayətlənirdilər. Elə bizə də çoxlu şikayətlər gəlirdi sahibkarlardan: vergi əməkdaşları onları sıxışdırırdılar, başqa ödənişlər istənilirdi. İndi də varmı belə narazılıq yaradan fəaliyyətlər?


“Azərbaycanda kimsə sahibkara gəlib deyə bilməz ki, bizə haqq verəcəksən”
- Bir sahibkar olaraq vergi orqanları ilə sıx təmaslarımız həmişə olub, indi də var. Biz ildə 300-400 min manata yaxın vergi ödəyirik. Zaman-zaman bizim də problemlərimiz yaranırdı. Lakin yeni vergilər naziri gələndən münasibətlər tamamilə dəyişib. Vergi əməkdaşları bizi qətiyyən narahat etmirlər. Biz də yeni münasibətləri nəzərə alaraq vergilərimizi vaxtlı-vaxtında ödəyirik. Bu münasibətlərin nəticəsidir ki, yanvar ayında ölkə üzrə vergi proqnozuna 110 faiz əməl olunub. Məndə olan məlumata görə, fevral ayında da təxminən eyni nəticə əldə olunub. Bu vəziyyət sahibkarları da daha məhsuldar işləməyə stimullaşdırır. Baxın, son 2 ayda qeyri-neft sektoru üzrə ixracda böyük artım qeydə alınıb.

- Bu, nəyin hesabınadır?

- Bu, əlbəttə, qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı sahəsində həyata keçirilən məqsədyönlü siyasətin hesabınadır. Bu siyasətin nəticəsidir ki, əgər 2010-cu ildə Azərbaycan özünü kənd təsərrüfatı məhsulları ilə 50-55 faiz təmin edirdisə, indi bu göstərici 75-80 faizə çatıb. Bir neçə sahədə hətta xaricə məhsul ixrac edirik.

- Bir iş adamının ölkəsində siyasətə atılmasına münasibətiniz necədir?

- Əslində hər bir iş adamının özünün fəaliyyəti ilə bağlı siyasəti olur: onu işləyib hazırlayır, sonra da həyata keçirir. Yəni bir iş adamının öz sahəsində görməli olduğu işi həddindən artıq çoxdur. Belə çox işlərin öhdəsindən gəlməyə vaxt tapmaq olmursa, siyasət kimi vaxt tələb edən sahəyə necə atılmaq olar? Siyasət özü çox böyük vaxt, enerji tələb edən fəaliyyət sahəsidir. Hansı iş adamının o qədər zamanı var ki, siyasətə də ayırsın? Mən ümumiyyətlə, iş adamının siyasətə qarışmağını qəbul etmirəm.

- Amma Bdzina İvanişvili siyasətə qarışdı və Gürcüstanda hökumət qurdu...

- İvanişvilini siyasətə gətirən qüvvələr, dövlətlər var. Orada tamam fərqli bir situasiya oldu. Onun və onun kimi iş adamlarının hansı resurslar hesabına biznesə gəldikləri, siyasətə qoşulduqları bəlli məsələlərdir.

- Amma siz də vaxtaşırı yazılarla çıxış edirsiniz. Hüquqşünas Aslan İsmayılovla demək olar ki, daim qarşılıqlı yazışmalarınız olur...

- Qarşılıqlı yazışmalar yox, mənim onun ittihamlarına, böhtanlarına cavablarım olur. İnanın ki, onları yazmaq, onun dediklərinə cavab vermək mənim çox vaxtımı alır. Vaxt mənim kimi iş adamları üçün çox qiymətli amildir. Onu məcburən də olsa Aslan İsmayılovun böhtanlarına cavab verməyə ayırmağa heyfim gəlir, amma dediyim kimi, mən buna məcbur oluram. Onun haqqımda yazdığı silsilə yazılara bir cavabım var: məhkəmənin qanuni qüvvəyə minmiş qərarı.

- Amma Aslan İsmayılov deyir ki, elə bir qərarı tanımır və icra etməyəcək...

- Təsəvvür edin də, hüquqşünas olan, vəkillik edən bir şəxs deyir ki, məhkəmənin qanuni hökmünü tanımır, ona əməl etməyəcək. Dahi filosof Sokrata ölüm hökmü kəsilir. O, zəhəri götürüb özü içmək istəyəndə deyirlər ki, içmə. Deyir, yox, qoy hamı görsün ki, qanun qarşısında adi bir insanam.

- Aslan İsmayılov sizdən nə istəyir?


“...əgər 2010-cu ildə Azərbaycan özünü kənd təsərrüfatı məhsulları ilə 50-55 faiz təmin edirdisə, indi bu göstərici 75-80 faizə çatıb. Bir neçə sahədə hətta xaricə məhsul ixrac edirik”
- Aslan İsmayılov yalnız məndən deyil, hər kəsdən bir şey istəyir – pul. Şantajla, böhtanla istəyinə nail olmağa çalışır.

- Bir az inandırıcı görünmür...

- Baxın, o adam bu məsələlər təzə başlayanda gəldi mənimlə görüşməyə. Dedi ki, qarşı tərəf – erməni şirkəti olan “Emre Pılıç” mənə bu iş üçün 200 min dollar verir. Sən o pulu ver, mən bu işə qarışmayım.

- Niyə vermədiniz?

- Niyə verməliydim ki?! Mənim erməni şirkəti hesab etdiyim “Emre Pılıç”la münaqişəm məhkəmə qaydasında həll olunurdusa, işə hüquqi müstəvidə baxılırdısa, mən niyə ona pul verməliydim? Bu adam Milli Məclisin yarısı ilə düşməndir, müxalifət partiyaları ilə vuruşur, ictimai-siyasi nüfuzu olan hər kəslə vuruşur. Azərbaycanda minə yaxın vəkil var. O minə yaxın vəkilin arasında ilk onluqda olan vəkillərin heç birinin Aslan İsmayılov kimi imkanları yoxdur. Dənizin sahilində villası, 3-4 maşını, başqa-başqa işləri. Bu adam əldə etdiklərinin vergisini ödəyibmi? Mən iş adamı olaraq qazandığım hər manatın vergisini verirəm. Bu adam ödəyibmi vergi? Əlbəttə, xeyr. Onunla-bununla dava edib ortada pul qazanmağa çalışır. Bu yaxınlarda Azər Həsrətlə dalaşdı, Elçin Mirzəbəyli ilə, Siyavuş Novruzovla dalaşdı.

- O, dediyiniz adamlardan pul istəyəsi deyil yəqin ki.

- Elə adamlarla dalaşıb digərlərinin gözünü qorxutmağa çalışır. İlk görüşümüzdə mənə də psixoloji təsir etməyə çalışdı: “Mən Amerikada oxumuşam, mənimlə oxuyanlar Saakaşvilidir, Gürcüstanın parlament sədridir. Mənə 3 dəfə Azərbaycan prezidenti olmaq təklif edilib”.


- Kim təklif edib?

- Özünün dediyinə görə, Corc Soros təklif edib. Dedi ki, guya ona “Milyarderlər İttifaqı”ndan təklif gəlib və sair.

- Sizdən konkret pul istədimi?

- Bəli, konkret olaraq mənim maşınımda məndən 200 min dollar istədi... Bu adam gündəmdə qalmaq üçün harada balaca narazılıq olursa, dərhal reaksiya verir, müzakirə açır. Özünü sosial bazası olan adam kimi göstərməyə çalışır.

- Amma onun böyük izləyici sayı olan səhifəsi var həqiqətən. Statuslarını like edənlər, yayanlar, şərh yazanlar çox olur...

- Onun səhifəsini like edənlər özünün yaratdığı trollardır. Mənim fikrimcə, küçə adamının arxasınca gedənlərin özləri də küçə adamlarıdır. Onun statuslarına baxın – demək olar ki, 50 nəfərlik trol qrupudur şərh yazanlar, onu tərifləyənlər. Bütün statuslarına eyni adamlar şərh yazır. Niyə fərqlənmir onlar?

“Mən ümumiyyətlə, iş adamının siyasətə qarışmağını qəbul etmirəm”
- Heç onunla görüşüb məsələni müzakirə etmək, ictimaiyyət qarşısında bir debata çıxmaq istəmirsiniz?

- Mən debata çıxıb onunla nədən danışım? Hansı sahəni bilir ki, ondan danışım? Bir vaxtlar çıxıb REAL-çılarla iqtisadiyyatdan debat aparırdı. Adamın gülməyi gəlirdi dediklərinə qulaq asdıqca, iqtisadiyyatdan adi bir səviyyədə belə məlumatı yoxdur, populist fikirlər irəli sürür. Mən onunla münasibətləri hüquqi müstəvidə, məhkəmə yolu ilə həll edirəm. Məhkəmə yolu ilə sübut etmişəm ki, haqqımda danışdıqları yalan və böhtandır. Bu böhtana görə sizin qəzet vasitəsilə məndən üzr istəməlidir. O deyir, üzr istəməyəcək. Mən onun yaydığı video müraciətə baxdım, inanırsınız, hesab elədim ki, artıq məndən üzr istəyib.

- Mürvət bəy, qarşıdan prezident seçkiləri gəlir. Bu proseslə maraqlanırsınızmı? Kimə səs verəcəksiniz?

- İstənilən iş adamı ölkəsindəki siyasi proseslərlə maraqlanır. Maraqlanmırsa, o, iş adamı deyil. Çünki ölkədəki iqtisadi mühiti yaradan siyasi rejimlərdir. İqtisadiyyatın bir çox sahələri var ki, tam siyasiləşib: neft, silah satışı və sair. Azərbaycanın indiki prezidenti 2003-cü ildən ölkəyə rəhbərlik edir. Bu 15 ildə mən haradan-hara gələ bilmişəm? Bu müddətdə iki dəfə dünyada böhran baş verib: 2008-2009, bir də 2015-ci ildən bəri olan. 2008-2009-cu il böhranı Azərbaycandan demək olar ki, yan ötdü. 2015-ci ildən başlanan böhran isə çox cüzi təsir etdi. Azərbaycan iqtisadiyyatı çox cüzi itki ilə böhrandan çıxdı. Amma əvəzində iqtisadiyyatda böyük islahatlar başlandı. Deyərdim ki, devalvasiyalar ixracı stimullaşdırdı, idxalı məhdudlaşdırdı. Ölkənin qeyri-neft sektoru, daxili istehsal böyük stimul aldı. Azərbaycanın bütün qonşuları ilə mehriban münasibətləri var, istədiyimiz ölkəyə rahatlıqla mal sata bilirik. Bütün bunlar İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasi-iqtisadi siyasətin nəticəsidir. Ölkədə iqtisadi sabitlik yaranıb. Qəbul edilən strateji yol xəritələrində nəzərdə tutulan tədbirlər həyata keçiriləndən sonra bu sabitlik daha da möhkəmlənəcək. Buna görə də mən, əlbəttə ki, İlham Əliyevə səs verəcəm.

Dünya SAKİT,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.