ABŞ qanunu Bakını təcavüzkar sayırsa... – Kuznetsovdan şok
15-03-2018, 10:17
Rus ideoloq, filosof Aleksandr Duqinin erməni mediasına açıqlamasında Dağlıq Qarabağın nizamlanması ilə bağlı növbəti təklifi, xüsusilə 5 rayonun işğaldan azad edilməsi barədə razılığın mövcudluğu, həmçinin İran-Türkiyə-Rusiya formatının vasitəçi kimi çox uğurlu olacağı düşüncəsi müzakirə olunmaqdadır.
Duqinin həll modeli, həmçinin bu formatın təqdimatında işlətdiyi ifadələr birmənalı qarşılanmadı. Çünki rus ideoloq bu formatı Türkiyənin Azərbaycana milli faktorla, Ermənistanın İrana “tarixi köklərlə” bağlı olduğu, Rusiyanın isə bu münaqişənin həllində neytral qalacağını bildirməklə əsaslandırır.
Duqinin irəli sürdüyü və mübahisələndirilə bilən məqamlarla bağlı rus politoloq, tarixçi və analitik Oleq Kuznetsovun Axar.az-a müsahibəsini təqdim edirik:
– Necə düşünürsünüz, doğrudanmı Ermənistan İrana “tarixi köklərlə” bağlıdır?
– Formatın təqdimatı haqda onu deyə bilərəm ki, hər bir mütəxəssis öz təhsil və elmi karyerası ilə bağlı olan, məşhur tarixi faktların ümumi interpretasiyası əlamətinə görə formalaşan müəyyən akademik məktəbə məxsusdur. Məsələn, İran və Ermənistanı rus şərqşünaslığı “tarixi köklər”lə əlaqələndirir, amma elmi baxımdan buna münasibət birmənalı deyil. Sözügedən ərazi haqda Britaniya alimlərinin nəzəriyyələri də səsləndirilən bu mövqeyə ziddir.
Müasir İran siyasətçiləri Ermənistan ərazilərini öz keçmiş torpaqları kimi görür, 1828-ci ilə qədər İrəvan xanlığının fars hakimiyyəti altında olduğunu iddia edir. Amma bu iddia tarixi köklərlə bağlılıq üçün əsas deyil.
Yəni formatın təqdimatında istinad edilən bu “tarixi ənənələr”, ümumiyyətlə, dünyanın transmilli monopoliyalar tərəfindən idarə olunduğu müasir şəraitdə tətbiq oluna bilməz.
Bunun vizual nümunəsi mövcud Rusiya-Ukrayna münasibətləridir: iyirmi il bundan əvvəl dil və dini ənənələrin ümumiliyi transmilli korporasiyaların maraqlarına uyğunlaşırdı və iki etnik, dini cəhətdən yaxın toplumun bir-birinə qarşı kəskin ziddiyyətdə olacağını heç kim xəyal edə bilməzdi. Mən düşünmürəm ki, müasir dünyada suveren dövlətlərin dövlət maraqları deyil, bəzi ənənələr daha çox əhəmiyyət daşıyır. Buna görə də məsuliyyətlə deyirəm ki, heç bir tarixi mənbə fərqli ölkələrin geosiyasi maraqlarından üstün deyil. İranın isə Ermənistanla əlaqədə maraqları var.
– Bəs, münaqişənin Rusiya-Türkiyə-İran vasitəçiliyi ilə həlli variantına necə baxırsız?
– Çox müsbət. Mən altı ay əvvəl Brüsseldə keçirilən beynəlxalq konfransda bu haqda danışmışam və bu ideyanı müxtəlif nəşrlərdə dəfələrlə təkrarlamışam. Şəxsən mən hesab edirəm ki, regional problemləri sonunu yenidən konfliktə sürükləyən hansısa xarici “sülhməramlılar” deyil, regional liderlər həll etməlidir. Heç kim üçün sir deyil ki, ABŞ Milli Qanununun 907-ci maddəsi olan "Azadlığın dəstəklənməsi haqqında Akt"ında Dağlıq Qarabağı müstəqil ərazi kimi tanınır, Azərbaycanı təcavüzkar adlandırır və Ermənistan təcavüz qurbanı hesab edir. Məgər bundan sonra ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində qərəzsiz vasitəçi ola bilərmi? Əlbəttə ki, yox. Birləşmiş Ştatlar münaqişənin mümkün olduğu qədər daha çox uzunmasına çalışır. Çünki bu zaman o regionda hərbi və siyasi varlığını təmin edir. Bu isə Ermənistandan başqa bütün Cənubi Qafqaz ölkələrinin maraqlarına ziddir. Buna görə də mən əminəm ki, regionda sülh ABŞ və Fransanın uzaqlaşdırıldığı halda, Rusiya, Türkiyə və İranın vasitəsilə bərqərar olacaq.
– Duqin Rusiyanın sözügedən formatda bitərəf olacağını da arqumentləşdirməyə çalışıb. Rusiya Ermənistanın strateji müttəfiqidir, ona pulsuz hərbi texnika verir, iqtisadi-siyasi yardım göstərir. Bunları nəzərə aldığımız zaman Rusiyanın bitərəf mövqe tutacağına inanırsınızmı?
– Hər hansı bir silahlı münaqişəyə münasibətdə tərəfsizlik - çox nisbi bir konsepsiyadır. İkinci Dünya müharibəsi hadisələrini nümunə götürək: İsveç özünü tərəfsiz elan etmişdi, lakin faşist Almaniyası üçün dəmir filizi kimi strateji məhsulun əsas tədarükçüsü idi. Türkiyə bu müharibəyə qarışmırdı, amma əslində Hitlerin xüsusi xidmətləri üçün bir tramplin idi... Son yarım əsrin regional münaqişələri bizim üçün bənzər bir mənzərə yaradır. 1970-ci illərin əvvəllərində SSRİ-nin tərəfsizliyini qoruduğu iki sosialist dövlət - Çin və Vyetnam arasındakı müharibəni yad edək. SSRİ tərəfsiz idi, amma Vyetnama simpatiyası hiss olunurdu. Yuxarda danışdıqlarımdan daha mühüm hesab etdiyim bir məsələni də qeyd edim: Neytrallıq bir çox formada ola bilər, buna görə də tam dəqiqliklə söhbətin nədən getdiyini müəyyənləşdirilmək lazımdır. Azərbaycanın ərazi bütövlüyünün bərpası məsələsindən söhbət gedirsə, Rusiya Dağlıq Qarabağ münaqişəsinə hərbi yolla heç vaxt müdaxilə etməyəcək, amma əminəm ki, Ermənistan bu məsələdə, azərbaycanlılar demişkən, Rusiyaya bir köynək daha yaxın olacaq.