"Azərbaycanın pulları tarixi mədəniyyətimizi rüsvay etmək yolunda xərclənir..."

27-03-2018, 11:14           
"Azərbaycanın pulları tarixi mədəniyyətimizi rüsvay etmək yolunda xərclənir..."
Yazıçı İsmayıl Şıxlının eyniadlı romanı əsasında rejissor Hüseyn Seyidzadənin çəkdiyi tammetrajlı bədii filmin sonluğu o dövrdə sovet höküməti tərəfindən narazıçılıqla qarşılanmış və ekrana çıxmasına qadağa qoyulmuşdu. Filmin sonluğunu rejissor ilkin variantında Cahandar ağa kazak başçısını qamçıladıqdan sonra kazaklarla vuruş başlayır və kazaklar onu arxadan vururlar. Lakin Sovet kinotənqidçiləri bunu qəbul etməyərək, deyirlər ki, bir azərbaycanlı rusu döyə bilməz. Buna görə rejissor məcbur olub filmin sonunu dəyişir. Sonda Allahyar Cahandar ağanı öldürür, çox gözəl çəkilən filmin sonluğu bərbad hala salınır.

Filmin ikinci rejissoru, kinorejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov Moderator.az-a açıqlamasında dahi Ədil İsgəndərovun Kinostudiyaya rəhbər gəlməsindən sonra tarixi filmlərin çəkilməsinə başlandığını deyib:

“Filmin ikinci rejissoru mən idim. O dövrdə təkcə “Dəli Kür” filmində yox, başqa filmlərimizə də sovet höküməti tərəfindən qadağalar qoyulurdu. Sovet höküməti konkret bir mərkəzdən idarə olunan dəmir ideologiyası olan bir dövlət idi. Bu dövlətin də sözsüz ki, öz dövlətçilik qanunları var idi və bu da çox ciddi şəkildə qorunurdu. Xüsusən də idelogiya sahəsində. Təbii ki, Azərbaycan kimi balaca bir ölkənin, amma çox qədim bir tarixə, dünyanın ilk yaşayış məskənlərindən biri olan yerdə kinoda, mədəniyyətdə, ideologiyada deyiləsi, çəkiləsi çoxlu əsərləri var idi. Bizim dahi ustadımız Ədil İsgəndərov Kinostudiyaya rəhbər gələndən sonra milli kinomuza kütləvi qayıdış başladı və özü buna rəhbərlik etdi. Qarşımızda məqsəd qoyduq ki, sovet hökümətinin sifarişli filmlərindən başqa biz, öz tarixi filmlərimizi də çəkməliyik. Bundan sonra bizdə o dövr üçün tarixə qayıdış başladı. Məsələn, “Yeddi oğul istərəm”, “Nəsimi”, “Axırıncı aşırım” və “Dəli Kür” kimi filmlər çəkildi. Təbii ki, biz filmlərimizdə tarixi reallığı əks etdirirdik. Məlum oldu ki, sovet höküməti üçün bizim tarixi reallığımız lazım deyil”.


Ş. Əbül qeyd edib ki, filmdəki epizoda görə sovet höküməti şərt qoyub:

"İlk olaraq bu əhvalat “Dəli Kür” filmində başladı. Filmdə tarixi fakt belə idi ki, Azərbaycanın bölgələrində Rusiya tərəfindən təbliğat aparılırdı. Rusiyanın qafqazı cəhənnəm sayıb öz ziyalılarını bura sürgün edirdi. O, ziyalılar isə gəlib burdakı gözəllikləri görüb qafqazı vəsf etdilər. Filmdə Cahandar ağa onun torpaqlarını işğal edən ruslara qarşı vuruşur və onu arxadan vururlar. Biz bunu belə də çəkmişdik. Moskvada filmə baxanda çox narahat oldular. İxtiyar sahibi onlar olduğu üçün biz heç nə edə bilmirdik. Ona görə də bizə şərt qoydular ki, ya filmin sonluğunu dəyişməliyik, ya da filmi ləğv edirik. Bu elə bir mütləq şərt idi ki, bunu etməmək mümkün deyildi. Filmdə tariximizlə bağlı bir iki epizodu saxlamışdıq. Çox təəsüflər olsun ki, filin sonunu dəyişdik. Biz bunu ailə münaqişəsi zəminində çəkdik. Əslində bu bizi bir az aşağılayan bir şey idi”.

Şeyx Əbdül həmin epizodun filmə alavə edilməsindən də danışıb:

“Həmin plyonkalar rəsmi şəkildə təhvil verilirdi. Bizim Yuri adlı operatorumuz kəsilən epizodu oğurlayaraq saxlamışdı. Bunun da çox söz-söhbəti oldu. Film elə şeydir ki, sonradan ora heç nə əlavə etmək olmur. Müstəqillik dövründə Yurinin qoruyub-saxladığı plyonkadakı filmin sonunu ayrıca epizod kimi göstərdik”.


Şeyx Əbdül bu gün filmlərə ayrılan pulların təyinatı üzrə istifadə olunmadığını deyib:

“Bu gün biz müstəqil dövlətik. Çox sağ olsun, ölkə başçımız filmlərə pul ayırır. Amma çox təəsüflər olsun ki, təyinatı üzrə istifadə olunmur. Bu gün kimlərsə, nəyinsə xatirinə Azərbaycanda biznesmen iş adamlarında pul alıb tarixi mədəniyyətimizi seriallarda eybəcər günə qoyurlar. Azərbaycanın pulları tarixi mədəniyyətimizi rüsvay etmək yolunda xərclənir. Bunun qarşısı alınmalıdır. Küçə adamlarının çəkdiyi filmlərin peşəkar filmlərə heç bir aidiyyatı yoxdur”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.